Sizin Reklam Burada
Tel: 050 378-66-61

Tramp İranda 'rejim dəyişikliyi'ndən danışır

Bu gün, 11:24   


ABŞ prezidenti Donald Tramp Tehrandakı hökumətin devrilməsini alqışlaya biləcəyini deyib. "Siyasi cəhətdən düzgün olmasa da, "rejim dəyişikliyi" ifadəsini işlətmək olar. Amma əgər hazırkı İran rejimi İRANI YENİDƏN BÖYÜK ETMƏYİ bacarmırsa, niyə rejim dəyişikliyi olmasın??? MIGA!!!" (MIGA - Make Iran Great Again)", - Tramp özünün "Truth social" platformasında yazıb.


Trampın bu açıqlaması vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetin İranın nüvə obyektlərinə endirilən ABŞ hava zərbələrinin məqsədinin mövcud islamçı teokratik hökumətin devrilməsi deyil, danışıqlar yolu ilə əldə olunacaq razılaşma olduğunu bildirməsindən bir neçə saat sonra verilib.

Mətbuat konfransında müdafiə naziri P.Heqset zərbələri yalnız İranın nüvə proqramını hədəf alan "dəqiq əməliyyat" adlandırıb və bunun nə İran qoşunlarına, nə də İran xalqına qarşı yönəlmədiyini vurğulayıb.

"Bu missiya rejim oyunu ilə bağlı deyildi və olmayıb", - Heqset əlavə edib. "Prezident Tramp sülh istəyir və İran da bu yolu seçməlidir. Burada mütləq danışıqlar yolu ilə əldə olunmuş bir razılaşma olmalıdır".

Vitse-prezident Vens isə NBC televiziya kanalına deyib: "Biz bu vəziyyəti daha da uzatmaq və ya böyütmək istəmirik. Biz onların nüvə proqramına son qoymaq istəyirik. Biz iranlılarla burada uzunmüddətli həll yolu barədə danışmaq istəyirik".

Ağ evin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini də icra edən dövlət katibi Marko Rubio da CBS telekanalına açıqlamasında Vaşinqtonun Tehranla danışıqlara açıq olduğunu deyib: "İran rejimi ayılmalı və deməlidir: "Yaxşı, əgər biz ölkəmizdə həqiqətən nüvə enerjisi istəyiriksə - bunu həyata keçirməyin bir yolu var". Bu təklif hələ də qüvvədədir. Biz onlarla sabah danışmağa və bu istiqamətdə işləməyə hazırıq".

Lakin Trampın Respublikaçılar Partiyasının bəzi üzvləri, o cümlədən nüfuzlu Texas senatoru Ted Kruz əvvəllər İran hökumətinin devrilməsi çağırışları ediblər. ABŞ zərbələrindən əvvəl Kruz deyib: "Mən bu rejimi devirməyə təşviq edə biləcək şəkildə rejimə təzyiq göstərmək üçün maksimum təzyiq və iqtisadi sanksiyalardan istifadə etməyi müdafiə edirəm".

Gərginliyin artması fonunda ABŞ nadir hallarda rastlanan "qlobal xəbərdarlıq" (worldwide caution) yayaraq xaricdəki ABŞ vətəndaşlarına ehtiyatlı olmaları üçün çağırış edib. "İsrail və İran arasındakı münaqişə Yaxın Şərqdə səyahətin pozulmasına və hava məkanının vaxtaşırı bağlanmasına səbəb olub. Xaricdə ABŞ vətəndaşlarına və maraqlarına qarşı etiraz aksiyalarının keçirilməsi ehtimalı var", - xəbərdarlıqda deyilir.

Abbas Ərağçi
Abbas Ərağçi

İran özünümüdafiə hüququndan istifadə edəcəyini deyir

İran isə danışıqlara qayıtmaq üçün edilən bütün təcili çağırışlara soyuqqanlı yanaşıb, özünümüdafiə hüququnu vurğulayıb. Tehran ABŞ-nin hərəkətlərinin təhlükəli nəticələrinə görə məsuliyyət daşıyacağını bildirib və diplomatiyanın yalnız İranın cavabından sonra gələ biləcəyini bəyan edib.

Xarici işlər naziri Abbas Ərağçi İstanbulda keçirdiyi mətbuat konfransında deyib ki, "diplomatiyaya qapı" həmişə açıq olmalıdır, lakin "hazırda vəziyyət belə deyil". O bildirib ki, İran hücuma məruz qalır və özünümüdafiə hüququndan lazım olduğu qədər istifadə edəcək. Lakin Ərağçi İranın ABŞ-nin zərbələrinə cavab olaraq hansı addımlar atacağını açıqlamayıb.

İranın dövlət mediası isə məlumat yayıb ki, Ərağçi iyunun 23-də Moskvada prezident Putin də daxil olmaqla bir sıra yüksəksəviyyəli rəsmilərlə məsləhətləşmələr aparmaq üçün Moskvaya gedib. Tramp Rusiyanın Tehranla danışıqlara vasitəçilik etmək təklifini faktiki olaraq rədd etmişdi.

"Rusiya bizim tərəfdaşımızdır və biz həmişə məsləhətləşirik", - Ərağçi səfərdən əvvəl bildirib.

Fordo bombalanmadan əvvəl və sonra
Müqayisəli qalereya

Fordo bombalanmadan əvvəl və sonra

BMT baş katibi münaqişənin nəzarətdən çıxmasından narahatdır

Bu arada İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İsrail İrana bir həftədən çox davam edən hava hücumlarından sonra Tehranın ballistik raket və nüvə təhdidlərinin aradan qaldırılması da daxil, məqsədlərinə çatmağa "çox, çox yaxındır".

"Biz bu məqsədlərə nail olmaq üçün addım-addım irəliləyirik, onları tamamlamağa çox, çox yaxınıq", - Netanyahu mətbuat konfransında bildirib. O əlavə edib ki, "bu məqsədlərə çatanda əməliyyat tamamlanacaq".

BMT baş katibi Antonio Quterreş isə münaqişənin sürətlə nəzarətdən çıxması riskinin artacağı barədə xəbərdarlıq edib. BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edən Quterreş deyib: "Region xalqları daha bir dağıdıcı münaqişə dövrünü yaşamağa tab gətirə bilməz".

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi isə İranda yaranmış "təcili" vəziyyəti nəzərə alaraq, iyunun 23-də idarə heyətinin fövqəladə iclasını çağırdığını elan edib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar