Sizin Reklam Burada
Tel: 050 378-66-61

ABŞ-İran nüvə danışıqları dalana dirənir, sanksiyalar genişlənə bilər

Dünən, 09:47   



Mayın əvvəlində Romada İran və ABŞ arasında nüvə danışıqlarının beşinci raundu baş tutsa da, heç bir irəliləyiş qeydə alınmayıb.

Lakin Vaşinqtonun İranın uranın zənginləşdirilməsindən imtina etməsində israr etməsi və Tehranın bu tələbi tamamilə rədd etməsi, ancaq eyni zamanda mövcud çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün təkliflərin verilməsi barədə məlumatlar var.

Danışıqlarda Tehranın nümayəndə heyətinə rəhbərlik edən İran xarici işlər naziri Abbas Əraqçi dövlət mediasına deyib ki, İran Oman vasitəçilərinin təkliflərini nəzərdən keçirir, lakin bu təkliflərin nədən ibarət olması ilə bağlı detalları açıqlamayıb.

Omanın təklifləri

Əraqçi Romada danışıqların son raundu başa çatdıqdan qısa müddət sonra, mayın 25-də parlamentin Milli təhlükəsizlik və xarici siyasət komitəsini müzakirələr barədə məlumatlandırıb.

Millət vəkili və komitənin üzvü Əhməd Baxşayeş Ardestani bu brifinqdən sonra İran mediasına bildirib ki, Oman iki təklif irəli sürüb. Təkliflərdən biri odur ki, İran uranın zənginləşdirilməsi üzrə fəaliyyətini altı ay müddətinə dayandırsın və daha sonra bərpa etsin. Ardestani bildirib ki, İran təklifləri qəbul etməyib.

Millət vəkili deyib ki, İran tələbi yerinə yetirməklə ABŞ-ni Tehrandan daha çox güzəşt istəməyə təşviq edəcəyindən narahatdır.

Digər təklif isə İranın nüvə fəaliyyətinə nəzarəti gücləndirəcək və Qərbə İranın razılaşdırılmış uran zənginləşdirmə səviyyəsindən kənara çıxmadığına əmin edəcək regional nüvə konsorsiumunun yaradılmasıdır.

Daha əvvəl İran mediası bu təklifin Tehrana məxsus olduğunu yazsa da, XİN sözçüsü İsmayıl Bəqayi bunu təkzib edib. "Bu, İranın təklifi deyildi", - o, jurnalistlərə bildirib. Lakin Bəqayi əlavə edib ki, Tehran bu ideyanı əgər uranı öz ərazisində zənginləşdirmək hüququnu əvəz etməzsə, məmnuniyyətlə qarşılayar.

Konsorsiuma potensial olaraq ABŞ-nin də cəlb olunması mümkündür. İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami mayın 28-də bildirib ki, Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) çərçivəsində fəaliyyət göstərən amerikalı müfəttişlərin akkreditasiyasına açıq ola bilər. "Əgər razılaşma olarsa, amerikalı müfəttişlərin İranın nüvə obyektlərinə girişinə icazə veriləcəyi ehtimalı var", - o deyib.

Tənqidçilər iddia edirlər ki, Tehran bu təklifi Vaşinqtonu uranı zənginləşdirmə ilə bağlı mövqeyini yumşaltmağa məcbur etmək üçün istifadə edir.

"Hazırda qərar hələ verilməyib. Razılaşmanın olub-olmayacağını bilmirik", - AEBA-nın baş direktoru Rafael Qrossi mayın 28-də Vyanada agentliyin təşkil etdiyi həftəlik seminarda jurnalistlərə bildirib.

İranın Natanz şəhərində uranın zənginləşdirilməsi zavodu.
İranın Natanz şəhərində uranın zənginləşdirilməsi zavodu.

Uranı zənginləşdirməyə münasibətdə çevik yanaşma?

Uranın zənginləşdirilməsi ilə bağlı müzakirələr İran üçün milli qürur və kimlik məsələsinə çevrilib. Əraqçinin sözlərinə görə, İran İslam Respublikası çox yüksək bədəl ödəyib, sui-qəsdlər nəticəsində bir neçə nüvə alimini ona görə itirməyib ki, uranı zənginləşdirmə proqramından asanlıqla imtina etsin.

ABŞ prezidenti Donald Trampın administrasiyası isə İranın uranla bağlı bütün zənginləşdirmə fəaliyyətlərini dayandırmalı olduğunu bildirir.

Dövlət katibi Marko Rubio Senatdakı son dinləmələr zamanı oxşar mövqeyi dəstəkləyərək bildirib ki, "hər hansı səviyyədə daxili zənginləşdirmə qəbuledilməzdir və birbaşa təhdid yaradır".

Lakin İran yenə də inadkar mövqeyində qalır.

İranın ali dini rəhbəri Əli Xamenei ABŞ-nin tələblərini "ağlasığmaz" və "mənasız" adlandıraraq rədd edib. Xarici işlər naziri A.Əraqçi isə bəyan edib ki, İran "razılaşma olsun və ya olmasın" uranı zənginləşdirməyə davam edəcək.

Yaxın Şərq İnstitutunun tanınmış diplomatik eksperti və ABŞ Dövlət Departamentinin keçmiş farsdilli sözçüsü Alan Eyr deyir ki, Tramp administrasiyası əvvəlcə sərt mövqedən çıxış etsə də, sonda güzəştə gedərək "qələbə elan etməklə" kifayətlənmək kimi davranış modelinə malikdir.

"Ola bilsin ki, Birləşmiş Ştatlar öz qırmızı xətlərini yenidən nəzərdən keçirsin", - o, AzadlıqRadiosunun "Fərda" xidmətinə deyib.

D.Tramp birinci prezidentlik müddəti dövründə 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana qarşı sanksiyaları bərpa etdikdən sonra İran nüvə proqramını əhəmiyyətli dərəcədə genişləndirib.

Ancaq Tehran iddia edir ki, nüvə proqramı tamamilə dinc məqsədlərə yönəlib və atom bombası hazırlamaq niyyətində deyil. Lakin hazırda ölkə 60 faiz səviyyəsində uran zənginləşdirir ki, bu da silah keyfiyyətinə çox yaxın bir səviyyədir və 2015-ci il razılaşmasında icazə verilən 3.67 faiz həddini xeyli aşır.

Zəifləmiş iqtisadiyyata və dəyərdən düşmüş milli valyutaya baxmayaraq, İran prezidenti Məsud Pezeşkian mayın 26-da bəyan edib ki, ölkə razılaşma olmasa belə, normal şəkildə işinə davam edəcək. "Onlar bizimlə danışıqlardan imtina edib sanksiyalar tətbiq etsələr, biz aclıqdan ölməyəcəyik. Biz bir yol tapacağıq",- o bildirib.

Lakin nüvə razılaşması əldə olunmasa, İran daha çox sanksiyalarla, hətta hərbi müdaxilə ilə üzləşə bilər. Avropa ölkələri əgər Tehran iyunun sonunadək Vaşinqtonla razılaşmaya gəlməzsə, BMT sanksiyalarını bərpa etməklə hədələyiblər. ABŞ kəşfiyyatı isə İsrailin İranın nüvə obyektlərinə zərbə endirməyə hazırlaşdığını irəli sürür.

"Axios" saytı xəbər verir ki, Tramp İsrailin baş naziri Benyamin Netanyahunu İranla diplomatik səyləri poza biləcək hər hansı addımdan çəkinmək barədə xəbərdar edib. Bununla belə, ABŞ prezidenti özü danışıqlar uğursuz olacağı təqdirdə hərbi variantı gündəmdən çıxarmayıb.

Növbəti danışıqlar raundu üçün tarix müəyyən edilmədiyi üçün vəziyyət qeyri-müəyyən olaraq qalır. Durğunluq nə qədər uzun sürərsə, diplomatiyanın yerini gərginliyin alması riski bir o qədər artır.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar