Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Sağlamlığın Qorunması” İctimai Birliyi, TƏBİB və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə təşəbbüsü ilə konfrans keçirilib

Bu gün, 20:40   



2025-ci il mayın 24-də “Sağlamlığın Qorunması” İctimai Birliyi, TƏBİB  və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə təşəbbüsü ilə “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans “Sağlam Addımlar: Artıq Çəkiyə Son” layihəsinin tərkib hissəsi olaraq həyata keçirilib. 
Konfransın əsas məqsədi ictimaiyyət arasında piylənmənin sağlamlığa təsiri, onun qarşısının alınması yolları, sağlam həyat tərzinin təbliği və profilaktik tədbirlərin aktuallığı barədə maarifləndirmədir. 
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 
Açılış nitqini “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, layihə rəhbəri, t.e.d. Yazgül Abdıyeva edib. O, rəhbərlik etdiyi ictimai birliyin həyata keçirdiyi maarifləndirmə tədbirlərindən, keçirilən sağlamlıq aksiyalarından bəhs edib. 
Y. Abdıyeva çıxışında cənab Prezident İlham Əliyevin digər sahələrlə yanaşı, səhiyyə sahəsindəki uğurlu islahatlarından bəhs edib. O, həmçinin bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi və güclü ordumuzun sayəsində 44 günlük Vətən müharibəsindən sonra qalib xalqın nümayəndələri olaraq qürur hissi ilə belə konfranslar həyata keçirə bilirik. 
Konfransın mövzusuna uyğun olaraq Y. Abdıyeva artıq çəkidən əziyyət çəkən insanların sayının artmasının qlobal miqyasda narahatedici göstərici olmasından və bu istiqamətdə davamlı maarifləndirmə tədbirlərinin aparılmasının zəruriliyini qeyd edib. 
Konfransın əhəmiyyətinə toxunan millət vəkili, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, t.e.d. Rəşad Mahmudov bildirib ki, piylənmə sadəcə zahiri görünüşlə bağlı deyil, ciddi sağlamlıq riskləri yaradan problemdir və bu sahədə vahid yanaşmaların formalaşdırılması böyük əhəmiyyət daşıyır. O, həmçinin “Ateroskleroz və kliniki protokollar: necə etməliyik və nə üçün?” mövzusunda çıxış edərək müasir yanaşmalar və tətbiq olunmalı praktik addımlar barədə fikirlərini bölüşüb.
Daha sonra TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov konfransın açılışında qurumun bu sahədə gördüyü maarifləndirici və müalicəvi tədbirlərdən söz açıb. O vurğulayıb ki, artıq çəkinin idarə olunması təkcə fərdi deyil, eyni zamanda ictimai səhiyyə baxımından da prioritet məsələlərdəndir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri, professor Hikmət İbrahimli isə bildirib ki, piylənmənin profilaktikası istiqamətində aparılan elmi və praktiki işlər tibbi sığorta sistemində də prioritet istiqamətlərdəndir və bu mövzuda beynəlxalq təcrübələrin öyrənilməsi vacibdir.
Yeni Klinikanın direktoru, dr. Barat Yusubov konfransın aktuallığını vurğulayaraq, sağlam həyat tərzinin təbliğinin tibb mütəxəssislərinin gündəlik fəaliyyətinə inteqrasiya olunmasının vacibliyini diqqətə çatdırıb.
Konfransda çıxış edən akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini, t.e.d. Hicran Namazova tədbirin əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb və konfransın təşkilinə görə Yazgül Abdıyevaya təşəkkürünü bildirib. O, həmçinin oftalmologiya sahəsindəki yeniliklər və tətbiq olunan proqramlar barədə konfrans iştirakçılarına məlumat verib.
C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, prof. G. Dadaşova da tədbirdə çıxış edərək, konfransın əhəmiyyətindən və artıq çəkinin kardioloji təsirlərindən bəhs edib.
Daha sonra konfrans iştirakçılarına "Artıq Çəki və Düzgün Həyat Tərzi: Sağlam Gələcək" adlı maarifləndirici videoçarx təqdim olunub. 
Konfransın bədii hissəsində Respublikanın Əməkdar artisti Nuriyyə Hüseynova və bəstəkar, ifaçı Çilənay Hüseynovanın ifasında rəqs ansamblının müşayiəti ilə müxtəlif musiqi nömrələri təqdim edilib.
Konfrans Professor Kamran Musayev, Dr. Kəmalə Paşayeva, Dr. Xəyyam Eyvazov, Kader Bekmezci Demiralp, t.e.d. Aynur Səfiyeva, Mehtap Şafak və Dr. Xalidə Babayevanın moderatorluğu ilə keçirilib. 
Konfrans çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə müxtəlif təqdimatlar keçirilib. Türkiyədən dəvət olunmuş sağlam qidalanma üzrə mütəxəssis dr. Ender Saraç, ailə məsləhətçisi Mehtap Şafak, ailə dizimi mütəxəssisi Kader Bekmezci Demiralp, ümumi nəfəs terapisti Neşe Kutlutaş, t.ü.f.d. Ağayeva Gülnarə, t.ü.f.d. Rafiq Yusifli, oftalmoloq-cərrah t.ü.f.d. Mirana Mirişova, t.e.d. Yaqut Hacıyeva, t.ü.f.d. Təranə Tağızadə, dr. Məhəmmədli Afət, dr. Arzu Hüseynova, endokrinoloq dr. Xəyyam Eyvazov və dietoloq dr. Nərmin Novruzova müxtəlif mövzularda çıxış ediblər. 
Təqdimatlarda artıq çəkinin və piylənmənin ürək-damar, qaraciyər, pankreas, göz və endokrin sistemə təsiri, psixoloji səbəbləri, sağlam qidalanma, nəfəs texnikaları, tibbi və sosial yanaşmalar, həmçinin etik və ailədaxili aspektləri əhatə edən mövzular müzakirə olunub. Sonda mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb və sual-cavab sessiyası keçirilib.
Həmçinin Şairə Rəfiqə Abbasova da konfransın maraqlı olduğunu qeyd edib, iştirakçılara uğurlar arzulayıb və sonda öz şeirlərindən birini səsləndirib.
Əlavə olaraq qeyd edək ki, Türkiyədən dəvət olunmuş qonaqlara tədbirin sonunda xüsusi təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, konfransda 350 nəfərdən çox iştirakçı iştirak edib. Azərbaycanla yanaşı, Türkiyədən də qonaqlar qatılıb. Tədbirdə, həmçinin millət vəkilləri, QHT nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Konfrans iştirakçılar tərəfindən yüksək dəyərləndirilib, elmi bilik və praktik təcrübə mübadiləsi üçün faydalı platforma kimi qiymətləndirilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və gələcəkdə bu mövzulara həsr olunmuş daha geniş formatlı tədbirlərin təşkili planlaşdırılıb.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar