Azərbaycan xalqının boykot çağırışları fonunda “Azercell” geri çəkilmək məcburiyyətində qaldı. Anxeber.com bildirir ki, mobil operator şirkəti milyonlarla abonentini itirmək təhlükəsi ilə üzləşdiyini anlayaraq yanlış qərarını qismən düzəltmək qərarına gəlib. Əslində buna da tam olaraq əvvəlki şərtlərə qayıtmaq demək olmaz, lakin məlum absurd qərarla müqayisədə nisbətən geriyə addım kimi qiymətləndirmək mümkündür.
Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də yazıb. Onun fikrincə, görünür ki, “Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib.
Sitat: “Baxıram ki, son 2 gündə Azercell yeni tariflərlə bağlı bir neçə fərqli açıqlamalar verib. Yeni açıqlamalarından da görsənir ki, nömrənin aktivliyi üçün "1 manat - 1 gün" sistemindən imtina ediblər. Yəni nömrənin AKTİV qalma müddətini məcburi olaraq BALANS ARTIRMA MƏBLƏĞİ ilə birbaşa əlaqələndirən əvvəlki sistemdən imtina edilib. Yeni təklif olunan sistemdə balansa məbləğdən asılı olmayan yükləmə ilə nömrəni aktiv saxlamağın mümkün olacağı görsənir. Dəyişiklik bütün növ danışıq kartlarına (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) və elektron balans artırma üsullarına şamil olunub”.
O.Gündüzün sözlərinə görə, istənilən halda, “Azercell”in son bir ayda tarif dəyişikliklərinə, son aylarda qiymət siyasətinə nəzər salanda görmək olur ki, bu dövlət şirkəti müştərilərə məcburi davranış dəyişikliyi təklif edir, seçimlər məhdudlaşdırılır, abonentləri daha çox xərcləməyə təşviq edir: “Bütün bunların da sosial narahatlıqlar və rəqəmsal bərabərsizliklər yaradacağı şəksizdir. Ümumiyyətlə, düşünürəm ki, bu dövlət şirkətinin apardığı siyasətlə bağlı aidiyyatı qurumların da iştirakı ilə bir ictimai müzakirənin təşkili faydalı olardı.
Özləri açıqlamasa da, beynəlxalq hesabatlara baxanda görmək olur ki, “Azercell”-də ARPU (hər abonent üzrə aylıq orta gəlir) təxminən 5-10 manat civarında dəyişir. Bəlkə də xərcləri hədsiz çoxdur. Belə olan halda isə bu dərəcədə sərt tarif siyasəti aparmaq, xüsusən də dövlət şirkəti üçün anlaşılan deyil”.
Qeyd edək ki, abonentlər sosial şəbəkələrdə #BoycotAzercell haştağı ilə kampaniya başladaraq provayderin yeni qərarına qarşı birləşiblər. Onlar “Azercell”in kartlarından imtinaya çağırırlar.
İqtisadçı Natiq Cəfərli də bildirib ki, əgər "Azercell" müştərilərini itirmək istəmirsə, bu qərarı ləğv etməlidir: “Çünki qərar həddindən artıq absurddur və müştərilərə seçim imkanı vermir. Ona görə də "Azercell" xeyli abonentə sahib mobil operator şəbəkəsi kimi bu addıma yenidən baxmalı və qərarı ləğv etməlidir. Dünyanın heç yerində belə sərt qərarlar yoxdur. Yəni ay ərzində işlətmədiyin qədər vəsait xərcləmək doğru-düzgün deyil. Mənə elə gəlir "Azercell" bu qərarına yenidən baxsa, daha yaxşı olar".
“İnsanları “Azercell”i boykot etməyə çağırıram”. Bu fikirləri isə Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
O, qeyd edib ki, mbil operatorlardan, o cümlədən “Azercell”dən daim şikayətlər gəlir: “Ən müxtəlif ağla gəlməyəcək şikayətlər daxil olur onlardan. Son 8 ildə şikayətlərin bir qismi sanki mobil operatorlarla mobil telefon istehsalçıları arasında gizli bir əlaqənin olduğunu göstərir. Abonent bəzən şikayət edir ki, konturum boşuna gedir, bu zaman operatorlar deyirlər ki, sən nəyəsə qoşulmusan. Sanki mobil telefon istehsalçıları telefonlara elə funksiya qoyurlar ki, istehlakçılar istər-istəməz nəyəsə qoşulurlar. Şikayətlər olduğunda bunların servis mərkəzlərinə şikayət etmək üçün gedəndə elə mürəkkəb texniki şəkildə danışırlar ki, istehlakçı heç nə anlaya bilmir”.
Azər Talıbov
AnXeber.az