İsrail ordusu və kəşfiyyat strukturlarının İrana qarşı həyata keçirdiyi “Yüksələn Şir" əməliyyatı davam edir - təkcə bu gün paytaxt Tehrana və müxtəlif şəhərlərə 100-dən çox zərbə endirilib.
“AzPolitika” teleqram kanallarına istinadla xəbər verir ki, gün ərzində onlarla hərbi infrastruktura aid obyektlərə raket hücumu həyata keçirilib.
Son saatlarda İsrail ordusu Tehranın paytaxtını və hökumət binalarını intensiv şəkildə bombalayır. Zərbələrin hədəfi bunlardır:
- İran Hərbi-Hava Qüvvələrinin qərargahı;
- Tehran polisinin qərargahı;
- İran Atom Enerjisi Təşkilatının qərargahı;
- Kəşfiyyat Nazirliyi;
- SEPAH-ın qərargahı;
- İran parlamentinin binası.
İsrailin zərbəsi nəticəsində SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) kəşfiyyat qərargahı dağılıb, dağıntılar altında İranın kəşfiyyat rəhbəri Məhəmməd Kazemi və onun müavini Həsən Mohakek qalıb.
İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciət yayımlayaraq SEPAH-ın kəşfiyyat rəhbəri və onun müavininin öldürüldüyü barədə məlumatı təsdiqləyib və bildirib ki, “İran rejimi hazırda çox zəifdir”.
O qeyd edib ki, İranda rejimin dəyişməsi mümkündür, çünki hakimiyyət artıq xalqın dəstəyini itirib və yalnız nüvə proqramı və ballistik raketlər hesabına ayaqda dayanır. “İran rejimi qadınları və tələbələri repressiyalara məruz qoyur, xalqı azadlıqdan məhrum edir. İsrail və İran xalqları arasında tarixi dostluq mövcud olub və bu dostluq İran xalqı istədiyi təqdirdə yenidən canlana bilər”, – deyə Netanyahu vurğulayıb.
İsrail kəşfiyyatı həmçinin Tehranda bir sıra təxribat hücumları həyata keçirərək, şəhərin müxtəlif yerlərində beş bomba yüklü avtomobili işə salıb. Hücumlar nəticəsində ölən və yaralananlar olub, təfərrüatlar dəqiqləşdirilir.
Bundan əlavə İranda bütün radiolokasiya sistemlərini istehsal edən Shiraz Electronics İndustries və PUA-ları(Şahed) istehsal edən İsfahan zavoduna da zərbələr endirilib.
Ayrıca bunu da qeyd etmək lazımdır ki, Məşhəd şəhərində yerləşən hava limanına zərbə endirilib.
“AzPolitika.info”