Sizin Reklam Burada
Tel: 050 378-66-61

Milli Məclis Azərbaycanda kazinoların fəaliyyətinə icazə verməyə hazırlaşır

Bu gün, 10:19   



Kazino oyunlarının təşkili üçün lisenziya almaq istəyənlər 340 000 manat dövlət rüsumu ödəməlidirlər

Milli Məclis Azərbaycanda kazino oyunlarının təşkili və keçirilməsinə icazə verməyə hazırlaşır.

Məsələ bu gün, iyunun 18-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb.

“Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyə əsasən, kazinoların fəaliyyətinə yalnız Xəzər dənizinin (gölünün) Azərbaycanda mənsub bölməsində yaradılan süni torpaq sahələrində icazə veriləcək.

Təklifə əsasən, süni torpaq sahəsində kazino oyunlarının təşkili üçün lisenziya almaq istəyənlər 340 000 manat dövlət rüsumu ödəməlidirlər. Bundan əlavə, lisenziya qüvvədə olduğu müddətdə hər il əlavə 340 000 manat rüsum ödənməsi nəzərdə tutulur.

Qanun layihəsində qeyd edilir ki, bu illik rüsum hər dəfə növbəti il lisenziyanın verildiyi günə qədər ödənilməlidir.

Hazırda sənəd parlamentdə müzakirə mərhələsindədir.

Azərbaycanda kazino oyunları 1998-ci ildə keçmiş Prezident Heydər Əliyevin sərəncamı ilə qadağan olunub.

2024-cü ildə Emin Ağalarovun rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində “hökumət kazinoların qanuniləşdirilməsi ideyasını nəzərdən keçirir” deməsindən sonra məsələ yenidən gündəmə gəlib.

Bu çıxışdan sonra hökumətyönlü media və deputatlar kazinoların qanuniləşdirilməsini əsaslandıran çıxışlar etməyə başlayıblar.

Xəzər dənizindəki süni torpaq sahəsi- “Caspian Dream Liner” yarımadası Emin Ağalarova məxsusdur.

Yarımadanın salınmasına 2023-cü ilin yayından başlanıb.

Hovuzlarla əhatəli kruiz gəmisi biçimindəki bu layihə Bakıdan 30 dəqiqəlik məsafədə yerləşən Emin Ağalarova məxsus “Sea Breeze” kurortunun bir bölümüdür.

Süni yarımada yaradıldıqdan bir il sonra, 2024-cü ildə Milli Məclis “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanunu müzakirəyə çıxarıb.

Qanun bir ay içində üç oxunuşdan sürətlə keçərək qəbul edilib.

Emin Ağalarov bu ildən daha bir süni adanın inşasına başlayıb.

“Sea Breez”də inşa edilən adanın adı “Half Moon” olacaq. Adanın yarı ay formasında olacağı bildirilir.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar