Region çox maraqlı dövrdən keçir. Azərbaycanın müttəfiqləri, dostları və qonşuları arasında strateji, açıq mübarizə rəsmi Bakını da bu siyasətin labirintinə atmaqdadır.
Buyurun, gəlişinə sayılı günlər qalmış İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bəyanat yayır ki, hökumət başçısı Azərbaycana səfəri təxirə salır. Bəli, məhz təxirə salır. Yəni başqa tarixdə gələcək.
Hətta bəyanatda Azərbaycan rəhbərliyinə dəvətə görə təşəkkür bildirilir. Buradan məlum olur ki, Prezident İlham Əliyevin dəvəti olubmuş. Və səfər İran prezidenti Məsud Pezeşkianın ölkəmizə gəlişindən az sonraya təsadüf edəcəkdi.
Eyni zamanda, eyni tarixdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gələcəyi xəbərləri yayılmışdı.
Sözsüz ki, Netanyahunun dəvət olunması ikitərəfli əlaqələri müzakirə etməklə bərabər daha çox regional mövzulara diqqət çəkməyə hesablanmışdı. Prezident Əliyev görünür ki, həm İran, həm Türkiyənin İsraillə olan gərginliyini azaltmaq üçün Netanyahu ilə bəzi məsələləri müzakirə edəcəkdi.
Hətta bəzi kəmhövsələ ekspertlər Bakıda Ərdoğanla Netanyahunun görüşünü istisna etməmişdilər. Lakin belə bir heyrətamiz hadisə istisna idi. Çünki bu günə qədər Türkiyə telekanalları, eləcə də Ərdoğan özü Qəzza bölgəsində öldürülən fələstinlilərə görə İsrail hakimiyyətini ağır sözlərlə ittiham edir.
İndisə səfərin təxirə salınması göstərdi ki, burada Türkiyənin təsiri az olmayıb. Birincisi, COP29 ərəfəsində də İsrail prezidenti İsaaq Hersoqun Azərbaycana gəlişinə Türkiyə əngəl oldu, hava məkanını onun üçün bağladı. İstisna deyil ki, Ankara oxşar addımı Netanyahu üçün də atıb.
Təbii, alternativ marşrutlar olduğunu söyləmək mümkündür. Lakin Ərdoğanın bu məsələdə rəsmi Bakıdan incik düşəcəyini də gözardı etmək olmaz.
Üstəgəl, Netanyahunun səfərinin olacağı ərəfədə baş nazirin müavini Samir Şərifov Suriyaya getdi və keçid hökumətinin prezidenti Əhməd əl-şaara ilə görüşdü. Bu da ciddi mesaj idi.
Çünki Suriyadakı hökumət Türkiyənin dəstəyi ilə ölkəni idarə edir. Azərbaycan Suriyaya Türkiyə ilə birlikdə daxil olub, yəni bu ərəb ölkəsinin bərpasında iştirak niyyətini ortaya qoyub. Hətta enerji layihələrinin həyata keçirilməsi də gözlənilir.
İsrail isə Suriyada etnik drüziləri dəstəkləyir, Colan təpələrini nəzarətdə saxlayır, Türkiyənin orada hərbi bazalar qurmasının əleyhinədir, bu azmış kimi, son günlər aviasiya zərbələri endirir. İsrail ordusunun Suriyanın Laziqiyyə bölgəsində, habelə Dəməşqdə prezident sarayına yaxın ərazidə hərbi obyektə hücumu göstərir ki, bölgədə vəziyyət gərgindir.
Azərbaycan isə belə bir prosesin içindədir və Suriya mövzusunda İsrailin deyil, Türkiyənin yanındadır. Ona görə də Samir Şərifov Dəməşqə getdi və ölkənin rəhbəri ilə görüşdü.
Yəni kifayət qədər mürəkkəb hadisələr cərəyan edir və Azərbaycan dolayısı ilə Suriya məsələlərinə girişib. Bəli, niyyət xoşdur, amma bizə qardaş Türkiyə ilə dost İsrailin bu bölgədə toqquşması işləri korlayır. Ona görə də Netanyahunun səfərini təxirə salması təəccüb doğurmadı.
Bu səfərin bir müddət sonra gerçəkləşməsi mümkündür. Ancaq indi gərginlik pik həddədir. Və təkcə Qəzza deyil, həm də Suriyaya görə Türkiyə-İsrail arasında “əsəb müharibəsi” kulminasiya nöqtəsinə çatıb. Sözsüz ki, hər ikisi ABŞ-la müttəfiq olduğu üçün müharibə istisnadır. Sadəcə, lokal toqquşmalar, ya da uzunmüddətli gərginliyin olacağı real ehtimaldır. Bu isə bizim işimizi çətinləşdirir. Azərbaycan hər iki tərəflə yüksək əlaqələrə malikdir. Qarabağ zəfərində hər iki ölkənin siyasi-mənəvi dəstəyi olub, belə zamanda isə tərəflərin qarşıdurması Bakının çətin dilemma qarşısında qoyur. Hər halda, yəhudi baş nazirin səfərini təxirə salması birbaşa Türkiyə ilə bağlı görünür...
Azər Talıbov,
Anaxeber.com