Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ASAN Xidmətin əməkdaşı paylaşdığı videoya görə işdən çıxarıldığını deyir

8-04-2025, 10:18   



Hüquqşünas bildirir ki, işəgötürən işçilərin Əmək Məcəlləsində nəzərdə tutulan bir çox hüquqlarını pozub

ASAN Xidmətin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin işçisi Banu İsmayılova “Whatsapp”da paylaşdığı tənqidi videoya görə işdən çıxarıldığını iddia edir.

Bu barədə öz “Facebook” hesabında məlumat verən İsmayılova, həmçinin qurumun səlahiyyətli nümayəndələrinin işçiləri əmək müqaviləsində nəzərdə tutulandan fərqli şərtlərlə işlətdiklərini bildirir. Onun sözlərinə görə, tələb və təkliflərlə çıxış edən işçilər hədəfə alınır, şərəf və ləyaqətləri alçaldılır, edilən şikayətlər adekvat araşdırılmır, etiraz edən işçilər tez-tez işdən qovulmaqla təhdid olunur.   

Meydan TV-yə açıqlama verən İsmayılova bildirir ki, onun işdən çıxarılmağına səbəb qeyd etdiyi şikayətlərə eyham vuran “iş yerində zəhərli münasibətlər” məzmunlu informativ sosial şəbəkə videosunu öz “Whatsapp” hekayəsində paylaşması olub:

“7 fevral tarixində paylaşdığım videodan sonra, 10 fevral tarixində mənə bildirdilər ki, səhəri gün ofisə getməliyəm. Ofisdə məni paylaşdığım videoya görə dəvət etdiklərini dedilər. Məndən necə belə bir video paylaşa bildiyimi, nələri nəzərdə tutduğumu soruşdular. Bildirdim ki, daha əvvəl də rəhbərliyə, insan resurslarına narazılıqlarımla bağlı müraciət etmişəm; lakin yetəri qədər araşdırılmayıb və tədbir görülməyib. Həmçinin mənim kimisə hədəf göstərmədən şəxsi hesabımda paylaşdığım sosial şəbəkə videosunda qeyri-adi heç nə yoxdur. 18 fevral tarixində isə mənə bildirdilər ki, 28 mart tarixində müqaviləm yenilənməyəcək, soruşduqda isə bildirdilər ki, paylaşdığımız şeylərdə diqqətli olmalıyıq. Müqaviləmi yeniləmədilər və işdən azad edildim.”

İsmayılova bildirir ki, o 6 il 8 ay “ASAN Viza”da çalışıb və bu müddət ərzində müddətli əmək müqaviləsi müddətsiz əmək müqaviləsi ilə dəyişdirilməyib:

“Eyni qurumda 5 ildən artıq işləməyimə rəğmən, mənim müqaviləmi müddətsiz əmək müqaviləsinə dəyişdirmədilər. Əvvəl ASAN Viza ASAN Xidmətin tabeliyində olan “e-gov”a tabe idi, daha sonra “e-gov” ləğv edildi və ASAN Viza ASAN Xidmətin tabeliyindəki digər quruma-İnnovasiyalar Mərkəzinə keçdi və bizim həmin iş üzrə əmək tarixçəmiz sanki yenidən açıldı. 5 ildən çox eyni işdə işləməyimizə rəğmən, qanuni haqqımız olan müddətsiz əmək müqaviləsinə keçirilməmişik”.

Hüquqşünas Zakir Bayramov məsələ ilə bağlı Meydan TV-yə bildirir ki, əgər müddətli əmək müqaviləsi 5 il müddətində fasiləsiz davam edərsə, bu artıq müddətsiz əmək müqaviləsi hesab edilir. Hətta müddətsiz əmək müqaviləsi işəgötürən və işçinin qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsi ilə də əvəz edilə bilər, amma bu 5 il fasiləsiz işləyən və müqaviləsi ilə bağlı belə bir istəyi olmayan işçiyə aid edilmir.

Zakir Bayramov. Foto: Şəxsi Facebook səhifəsi

Bayramov bildirir ki, hətta işəgötürənin (müəssənin mülkiyyətçisi) dəyişməsinə rəğmən, işçi eyni işləri görməyə, eyni vəzifəni icra etməyə davam edirsə, deməli, o, eyni vəzifədədir:

“Bəzən işəgötürənlər öz hüquqlarından sui-istifadə edərək işçilərin əmək hüquqlarını poza bilirlər. Müəssisənin mülkiyyətçisi dəyişdikdə və ya işçi eyni işi icra etdiyi halda bir müddət sonra fərqli cür rəsmiləşdirərək işçilərin hüquqlarını pozub haqları olan təminatlara çatmaqlarını əngəlləyirlər”.

“Əmək Məcəlləsində göstərilib ki, müəssisənin mülkiyyətçisi dəyişdikdə, idarə etmə funksiyasını icra edənlər istisna olmaqla, qalan işçilərin hamısı əmək müqaviləsi və şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır, yəni dəyişdirilə bilməz”,- hüquqşünas deyib.

“Bu halda işçi məhkəməyə müraciət edərək əmək müqaviləsini müddətsiz olaraq davam etdirmək iddiası qaldıra bilər və ya işəgötürənin tələb etdiyi şərtlərlə razılaşmayıb işdən azad edilə bilər. Lakin işdən azad edilmə hallarında işəgötürənin iddiası məhkəmədə mübahisələndirilə bilər. Praktikada işçilərin hüquqlarını məhkəmədə bərpa etdikləri belə nümunələr var”.

Banu İsmayılovanın paylaşdığı ekrangörüntülərindən birində ASAN Vizanın şöbə müdirinin müavini Ziya İbrahimlinin “əmək müqaviləsinin yenilənməsi” başlıqlı “email”i var. Z.İbrahimli email vasitəsilə siyahı göndərərək, siyahıda adı olan şəxslərin əmək müqaviləsini 3 aylıq yeniləndiyini bildirib. Digər ekrangörüntüsündə isə Z.İbrahimli işçilərin “Whatsapp” qrupuna keçid (link) göndərərək işçilərə işdə qalıb-qalmamaqları ilə bağlı “5 dəqiqə” ərzində münasibət bildirməklərini tələb edib.  

Hüquqşünas Səməd Rəhimli deyir ki, həmin ekrangörüntülərinə əsasən, işəgötürən işçilərin əmək məcəlləsində nəzərdə tutulan digər hüquqlarını da pozub:

“Əmək Məcəlləsində müddətli əmək müqaviləsinin hansı hallarda bağlana biləcəyi göstərilib. Buradakı əsaslardan biri budur ki, tərəflərin bərabərlik prinsipinə uyğun olaraq, onların qarşılıqlı razılığı prinsipi ilə müddətli əmək müqaviləsi bağlana bilər.

Səməd Rəhimli – Şəxsi Facebook səhifəsi

Lakin görüntülərə əsasən, həmin səlahiyyətli şəxs bu prinsipi pozub. Həmin görüntüdə işçilərin adları “Excel” sənədi şəklində göndərilib və onları müqavilə bağlamağı çağırır. Digər görüntüdə isə onlara yazdığı mesaj vasitəsilə “5 dəqiqə” ərzində qərar verməyi tələb edir. Bütün bunlar göstərir ki, işəgötürən işçilərə toplu şəkildə yanaşır, fərdi münasibət göstərmir və onları toplu şəkildə, hansısa müzakirə aparmadan müqavilə bağlamağa dəvət edir”,– Səməd Rəhimli deyib.

“Belə olan halda tərəflər hüquqi bərabərlik prinsipinə uyğun olaraq masa ətrafında oturub müzakirə edib, qarşılıqlı qənaətə gəlib müqavilə bağlamış olmurlar. Bu halda bir tərəf digər tərəfi bəlli müqaviləni bağlamağa müəyyən tarixdə dəvət etmiş olur. Bu şəxs işəgötürəndir və işəgötürən işçiləri toplu halda müqavilə bağlamağa vadar edəndə bu ona dəlalət edir ki, işəgötürən hüquqi bərabərlik prinsipinə zidd olaraq işçilərə münasibətdə daha yuxarı vəziyyətdə olur. Bu mövqedən çıxış edərək işçiləri əmək müqaviləsi bağlamağa vadar etmək Əmək Məcəlləsində qeyd olunan hüquqi bərabərlik prinsipinin pozuntusudur”.

Banu İsmayılova deyir ki, onların əmək müqavilələrinə əsasən, onlar kommersiya fəaliyyəti ilə məşğul ola bilməzlər. Lakin işçilər qeyri-qanuni olaraq havalimanında “Bakcell” mobil operatoruna məxsus nömrələrin satışına cəlb ediliblər. İşçilər bu məsələyə qarşı çıxdıqdan sonra sırf Bakcell nömrələrinin satışını həyata keçirmək üçün “ASAN Visa”ya başqa işçi götürüblər. Havalimanı rəhbərliyindəki dəyişiklikdən sonra isə havalimanında “Bakcell” nömrələrinin satışı dayandırılıb.

Banu İsmayılova əlavə edir ki, bu ideya ilk dəfə irəli sürüləndə buna etiraz edib. İnnovasiyalar Mərkəzinin direktor müavini Soltan Hacıyev isə onun işçi kimi etiraz etmək hüququna cavab olaraq, onu ara qarışdırmaqda ittiham edib. İsmayılova işçilərin İnsan Resurslarına və mərkəzin digər səlahiyyətli nömrələrinə müxtəlif vaxtlarda şikayətlər etdiyini, bəzilərinin vəziyyətdən bezib işdən çıxdıqlarını bildirir:

“İşdən çıxan, etiraz edən işçilər bir sıra məsələlərlə bağlı şikayət edirdilər, digər məsələ də bizlə razılaşmadan, işçi çatışmazlığına görə bir anda onların iş cədvəllərinin dəyişməyi olub. Yeni terminalın açılışı ilə bizim iş yükümüz təxminən 30% artırıldı. Bizim etirazımız həm də bu idi ki, bunu bizə əvvəlcədən bildirməliydilər, çünki iş, dərs və bütün planlarımız iş cədvəlimiz əsasında qurulmuşdu”.

“Digər problem onların bayram günlərində maaşımızı ikiqat hesablamamaqları idi. Yanvarın 1-i işə çıxırıqsa, 31 dekabr deyil deyə, maaşımız ikiqat hesablanmır. Normalda həmin günlər bayram günü sayılmalı və bizə ikiqat maaş verməlidirlər. Bayram günlərində bizə elə istirahət günü, saatı verilirdi ki, heç ailəmizlə bayram keçirə bilmirdik lakin maaşımız da ənənəvi qaydada hesablanırdı.”

İsmayılova etiraz edən işçilərin etirazının rəhbərlik tərəfindən nəinki nəzərə alınmadığını, hətta onlarla kobud formada danışıldığını bildirir:

“Nömrə satışı, iş cədvəllərinin dəyişdirilməsi səbəbi ilə etirazımızı bildirmək üçün rəhbərliklə görüşmək istədik. Əvvəlcə İnnovasiya Mərkəzinin direktoru Vüsal Rüstəmovla görüşmək, danışmaq istədik, lakin biz işlədiyimiz dövrdə buna heç vaxt nail ola bilmədik. Daha sonra bizlə yenə Ziya İbrahimli, Soltan Hacıyev və o zamankı İnsan Resurslarının işçisi Aytən Şıxəliyeva görüşdü. Görüşdə bizlə heç də xoş olmayan danışıq oldu və üstündən bir neçə saat keçəndən sonra qrupa iş rejimindəki dəyişikliklərin sabit qalacağını dedi. Daha sonra “Zoom” iclasında bizimlə çox kobud tərzdə danışdı. Buna etiraz olaraq agentliyə şikayətə getdim, Ülvi Mehdiyevin qəbulunda oldum, lakin heç bir nəticəsi olmadı”.

Şikayətdən sonra məzuniyyətə gedən İsmayılova deyir ki, məzuniyyətdən qayıtdıqdan sonra ona qeyri-qanuni xəbərdarlıq verilib və qiymətləndirilməsi kəsilib:

“Məzuniyyətdən qayıtdıqdan sonra İnsan Resurslarının baş mütəxəssisi Günel Allahverdiyeva mənə xəbərdarlıq verdi və dedi ki, yaxşı olar ki, imzalayım; onsuz da rəhbərliyim barəmdə yaxşı düşünmür”.

“Daha sonra qiymətləndirməmi kəsdilər, halbuki mənə həmişə yaxşı işçi olduğumu, işimi yaxşı gördüyümü deyiblər, sübutlar da var. Biz indiyə qədər qiymətləndirmə meyyarının, nizam-intizam qaydalarının dəqiq halı haqqında məlumatlandırılmamışıq. İlk dəfə qiymətləndirmə 5 iyul 2023-cü ildə başlayıb və sonra altı aydan bir qiymətləndirmə aparılırdı. Qiymətləndirmənin nəyin əsasında aparıldığını soruşandan sonra ASAN Vizanın şöbə müdiri İsmayıl Rəsulzadə qrupa mesaj yazaraq departamentin rəhbərliyinin qiymətləndirməsi əsasında 4 bənd qeyd etdi və davamında uzun mesaj yazıb, hətta işçiləri layiq olduqlarından artıq qiymətləndirdiyini iddia etdi və heç kəsin yaxınlaşıb bu barədə nəsə soruşmamağını bildirdi. Həmin mesajda həm də heç kəsə xəbərdarlıq verilmədiyini bildirmişdi. Bununla da başa düşdüm ki, mənə imzalatdırılmağa çalışılan xəbərdarlıq qeyri-qanuni imiş.”

Banu İsmayılova həm də deyir ki, şikayət edən və işdən çıxan işçilər digərlərinə qorxu nümunəsi kimi istifadə edilir. Onun sözlərinə görə, işçilər davamlı olaraq işini itirmək təzyiqi ilə üz-üzə qalaraq istismar edilirlər.

Hüquqşünas Zakir Bayramov deyir ki, işəgötürənin işçini bu cür təzyiq altında saxlaması Əmək Məcəlləsində nəzərdə tutulan əmək hüququnun pozuntusudur.

Onun sözlərinə görə, əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçilərin nəzərdə tutulandan və müqavilələrində göstəriləndən artıq işlədilməsi, onları digər işlərə cəlb etmək işəgötürəni məsuliyyətə cəlb etməyə əsas verir.

Əmək hüququnun qorunması məqsədilə işçilər əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işsiz qaldığı müddətdə əməkhaqqının hesablanması və işə bərpaya dair məhkəməyə müraciət edə bilər. Həmçinin onların işəgötürənlərə qarşı digər hüquqlarının pozulması əsasında kompensasiya da ala bilərlər. Əvvəlcə mediasiyaya müraciət edilməli, qarşı tərəfə ilkin mediasiya təklifini göndərməlidir. O cavaba uyğun da mediasiya prosessinin nəticəsi əsasında məhkəməyə müraciət edə biləcəklər. Əmək müfəttişliyinin e-mail adressinə yaza, “142” qaynar xəttinə zəng edə bilərlər.

Məsələ ilə əlaqədar adıçəkilən şəxslər və qurumların münasibətini almaq mümkün olmayıb.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar