Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Pezeşkian Əliyevlə nələri müzakirə etməyə gəlir? - Šok detallar...

8-04-2025, 10:01   





İran prezidenti Məsud Pezeşkianın bu ay Bakıya səfəri gözlənilir. Bu səfər ərəfəsində artıq hazırlıq getdiyini də təxmin etmək olar. Çünki İranın azərbaycanlı prezidentinin ölkəmizə gəlişinədək əvvəlcə 
onun müşaviri Azərbaycanda olub, prezident İlham Əliyevlə görüşüb, dünən isə cənub qonşumuzun yol və şəhərsalma naziri gəlib. Səfər çərçivəsində iranlı nazirlə baş nazirin müavini Şahin Mustafayev arasında logistika, ticari əlaqələr və digər əməkdaşlıq sahələri müzakirə ediləcək. Lakin bu səfər də göstərir ki, Pezeşkian özü gələnədək iki hökumət nümayəndəsini Azərbaycana göndərib. Anaxeber.info məlumat verir ki, səfərə hazırlıq yekunlaşmaq üzrədir və aprel ayında Pezeşkianla Əliyevin Bakıda görüşəcəyi ehtimalı yüksəkdir. Bu görüş çoxdan nəzərdə tutulmuşdu. Pezeşkian seçkidə qalib gəldikdən sonra tərəflər telefon əlaqəsi saxlamış, bir-birini ölkələrinə dəvət etmişdilər. Hətta gözlənilirdi ki, İran prezidenti BMT tədbirində iştirak edəcək. Amma Pezeşkian COP29 konfransına gəlmədi. Əvəzində isə müxtəlif səviyyələrdə Tehran və Bakının rəsmi şəxsləri arasında görüşlər keçirilib, müzakirələr aparılıb. İndisə prezidentlər səviyyəsində görüş labüddür. Onların müzakirə etməli çox məsələlər var: birincisi, ikitərəfli əlaqələrin hərtərəfli inkişafı. Xüsusən də İranın mərhum prezidenti İbrahim Rəisinin ölkəmizdən vətəninə qayıtdıqdan sonra İran ərazisində helikopter qəzasında həyatını itirməsi razılaşdırılan bir sıra məsələlərin icrasına təsir etdi. Tərəflər Xudafərində görüşmüş, tarixi mesajlar vermiş, sənədlər imzalamışdı. İkincisi, Pezeşkianla Əliyev Araz dəhlizi ilə bağlı imzalanmış memorandumu müzakirə edəcəklər. Sözsüz ki, bu koridoru zəruri edən Zəngəzur dəhlizinin açılmamasıdır. Azərbaycan lideri iranlı həmkarından Zəngəzur dəhlizi ilə bağlı Tehranın mövqeyini bir də öyrənmək və dəqiqləşdirmək istəyəcək. Üçüncüsü, regional layihə olan "3+3" formatının inkişaf etdirilməsi mövzusu olacaq. Buna Tehran müsbət yanaşır, "əmma"lar da yox deyil. Təbii ki, Ermənistanla sülh sənədi, regiondakı vəziyyət və digər mövzulara da toxunacaqlar. Lakin iki prezident üçün müzakirəsində ən  mühüm olan bir məsələ var - İsrail. Bəli, burada danışılacaq çox detallar ola bilər.
İlk növbədə İran ətrafında həlqənin daraldığını qeyd etmək lazımdır. ABŞ lideri Tehranı hədələyib ki, nüvə sazişini imzalamasa, bombardman ediləcək. İran birbaşa danışıqlardan imtina edib və daha çox Omanın vasitəçiliyi təklif edilir. Lakin ötən gün Ağ Ev lideri bəyan edib ki, İranla danışıqlarda irəliləyiş var. Bununla belə, Tehran rejimi üçün təhlükə sovuşmayıb. Çünki Tramp İranı danışıqlara məcbur edə bilsə də, İsrailin təhdidləri səngimir. Azərbaycan isə İsraillə dost ölkədir. Bir vaxtlar bizi hədələyən qonşumuzun isə İsraillə danışmağımıza ehtiyacı var. Azərbaycan hərbi eskalasiya riski olan bu şəraitdə gərginliyin azalması üçün körpü rolunu oynaya bilər. Yeri gəlmişkən, Bakı oxşar missiyanı qardaş Türkiyə ilə dost İsrail arasında da daşımağa çalışır. Prezidentin köməkçisi Hikmət Hacıyevin, iqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə səfərlərində mövzular arasında Türkiyə, eləcə də İran olmadı istisna deyil. O baxımdan, Pezeşkian Əliyevlə İsraillə olan düşmənçiliyi müzakirə edə bilər. Amma bu vasitəçiliyin tərəflər arasında gərginliyi nə dərəcədə azalacağını proqnozlaşdırmaq çətindir. Hər halda, İranın təbrizli prezidenti Azərbaycana gəlir, tarixi bir səfərdir və masada müzakirə olunmalı çoxlu mövzu var...

Azər Talıbov
Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar