Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sahibsiz Bakı - Leysan sularının üzə çıxardığı məmur çirkabı

17-04-2025, 10:15   







Bakı bu gün yağmursuzdur. Nəhayət ki, yağış kəsdi. Allahın və təbiətin bəlkə də bizə yazığı gəldi, bu fəlakəti uzatmaq istəmədi. Çünki Bakıda fəlakətə səbəb olan və yarıtmaz məmurlar, qurumlar kifayət qədərdir, əlavə bir də təbii fəlakətə ehtiyac yoxdur. Ona görə leysan bir neçə gün də uzansaydı, yəqin ki, paytaxt Sinqapurda, Malayziyadakı iri göllərə, nohurlara oxşayacaqdı. Allah Eldar Əzizovuna, Zaur Mikayılovuna baxıb bu əhaliyə rəhmi gəldi...
Fəlakət və abdsurluq ondadır ki, yenə eyni problemlər üzə çıxdı. Deməli, keçən dəfə baş verənlər dərs olmayıb. Hamı elə bilirdi ki, Sabunçu tunelinin su ilə dolması nəticəsində iki nəfərin boğulub ölməsindən, “Bağırov körpüsü”nün yağış sularından dolmasından sonra bir əncam çəkiləcək, nasoslar, qurğular, generatorlar işləyəcək, axıntı sistemləri, kollektorlar, drenajlar məsələsi həllini tapacaq.
Anaxeber.com bildirir ki, paytaxtdan çəkilən və sosial şəbəkələrdə, eləcə də mediada işıqlandırılan kadrlardan isə heç nəyin düzəlmədiyi məlum oldu. Gücləndirilmiş iş rejimində və operativ işləyən bir struktur var idi idi – Daxili İşlər Nazirliyi.
Polis fasiləsiz olaraq çalışır, vətəndaşlara, sürücülərə kömək edir, hətta vəzifəsi olmayan işi də dəstək naminə yardım üçün əl uzadırdı. Məsələn, bir polis əməkdaşının sürücünü boğulmaqdan necə xilas etdiyi videosu yayılmışdı. Bundan əlavə, şəhərin əksər istiqamətlərində polis əməkdaşları fəaliyyətdə idilər. 
Əgər Sabunçu tuneli, Bağırov körpüsü polisin nəzarətində olsaydı, ən azı ötən dəfə olmuş hadisələr təkrarlanmazdı. Amma çi fayda, əgər şəhər hakimiyyəti Eldar Əzizov kimi “xan”ın əlindədirsə, şəhərin kanalizasiya sistemi Zaur Mikayılov kimi işini bilməz məmurlar tərəfindən idarə olunursa, Bakıya bundan sonra da yağış yağanda yenə məmurların yarıtmaz əməlləri çirkab kimi suyun üzünə çıxacaq. 
Elə Saleh Məmmədovun rəhbərlik etdiyi Avtomobil Yolları İdarəsi də onlardan geri qalmazlar. Şəhəri tamamilə bərbad hala salıblar, indi də düzəlmir. Doğrudur, qurumlar dərhal keçidləri, tunelləri sudan təmizləmək üçün hərəkətə keçdilər, amma problem həll olunmayıb. Nə qədər ki yağış sularını çəkən sistemlər körpülərdə, tunellərdə işləmirsə eyni hallar yenə baş verəcək. Biz hələ Masazır, Xırdalan, Yeni Günəşli və digər ərazilərdə avtobusların yarıya qədər suyun içərisində olduğunu demirik. Biz demirik, yayılan videolar göz deşir. 
Bakının ətrafını bir yana qoyaq, Heydər Əliyev prospekti, Ziya Bünyadov prospekti kimi mərkəzi yollarda tunellər su ilə dolmuşdu. Sadəcə, Eldar Əzizov-Zaur Mikayılov-Saleh Məmmədov şəhəri elə günə salıblar ki, uzun illər altından çıxmaq mümkün görünmür. 
Yada salaq: ötən il - 2024-cü ilin oktyabrında Bakıya yağış yağmışdı. Eldar Əzizov onda (22 oktyabr) dedi ki, intensivliyinə görə Bakıda belə güclü yağış olmayıb: "Bu, müəyyən mənada təbii fəlakətdir. Proses göz qabağındadır, normadan artıq yağıntı olub. İndi vəziyyəti təhlil etməliyik ki, niyə hansısa ərazidə xoşagəlməz mənzərə yaranıb. Ola bilsin tikinti zamanı bəzi nöqsanlara yol verilib. Hər halda birmənalı qiymət vermək hələ tezdir. Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər strukturların nümayəndələri ilə birlikdə bu gün axşam yığışıb yaranmış vəziyyəti təhlil edəcəyik və ondan sonra müəyyən tədbirlər görüləcək". 
Amma hansı tədbirlər görülübsə, yenə Bakı leysana təslim oldu. Millət yollarda qaldı, işə gecikdi, AYNA 98 marşrutun hərəkətində problem olduğunu açıqladı, şəhər tıxac və leysana dözmədi. Yəni Avropada adi bir məsələ bizdə dramatik həddə çatır. 
Eldar Əzizovun dediyi o vaxtdan 6 ay keçir, bu 6 ayda hansı işlər görülüb? Niyə eyni tunellərdə, eyni məhəllələrdə, eyni qəsəbələrdə, eyni küçələrdə problem həll olunmayıb? Niyə yenə bütün günah normadan artıq yağan yağışın ayağına yazılmalıdır? Bəlkə korrupsiya, rüşvət normadan yuxarı olub, hətta yağış da ona çata bilməyib?
Allah üzümüzə baxıb ki, Bakı tropik zonada, musson yağışlarının hakim olduğu coğrafiyada yerləşməyib. Yoxsa Eldar Əzizov kimi “mer”ə həsrət qalan, belə İcra Hakimiyyəti institutu olan Bakıda hər gün faciələrlə qarşılaşardıq. İldə 2-3 dəfə yağış yağır, şəhər iflic olur. Problemin kökü isə kanalizasiya xətlərinin olmaması, şəhər ətrafı sənədsiz evlərin tikintisi ilə bağlı məsələlərə diqqətlə yanaşılmaması, kommunikasiya xətlərinin lazımi səviyyədə qurulmamasındadır. Ən böyük kökü isə korrupsiya, yeyintidə, məmur biganəliyindədir...

Anaxeber.com

Azər Talıbov

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar