İl 2024. Aprel ayı. Qarabağa sülhməramlı adı ilə yerləşmiş işğalçı rus qoşunları regionu tərk edir. Onlar təm-təraqla yola salınır. Halbuki müqaviləyə əsasən hələ də buradaydılar, ən azı bu ilin noyabrınadək. Lakin ermənilərin bölgədən gedişi rus hərbçilərinin qalmasını mənasızlaşdırdı. Ona görə liderlər səviyyəsində razılıq əldə olundu ki, sülhməramlı kontigent vaxtından tez regiondan çıxsın. Üstəlik, buna qədər Nikol Paşinyan Praqada bir sənədə qol çəkmiş və bütün Qarabağı Azərbaycan ərazisi kimi tanımışdı. Beləliklə, I Pyotrdan qalan miras - Qafqaz vəsiyyəti heç gözlənilmədən Rusiya Federasiyasının əlindən çıxdı. Bu, imperiyanın maraqlarını axtalamaq idi. Hərgah, Putin belə hesablamamışdı: Qarabağın statusu gələcək nəsillərə saxlanmalıdır, rus hərbçilər bölgədə uzun illər fəaliyyət göstərməlidir, lazım gələndə gərginlik ocağı körüklənməlidir, separatçıların əli ilə vaxtaşırı ara qarışdırılmalıdır. Hətta Kreml lideri Valday forumunda bu planlarını gizlətmirdi, sadəcə, fakt qarşısında qaldı, Azərbaycan Xankəndidə suverenliyi təmin etdi.
İkincisi; Bakı və İrəvan ikitərəfli danışıqlar apardı, 4 kənd bizə qaytarıldı, delimitasiya baş tutdu, sülh mətni belə razılaşdırıldı və bumların heç birində Rusiya iştirak etmədi və onun vasitəçiliyinə ehtiyac da olmadı. İndi qalır Bakının son iki tələbini yerinə yetirmək və yekun sənədi imzalamaq. Paşinyan Ermənistanı bunun üçün də cığır açır: Rusiyanın göndərdiyi Karapetyanı tutur, kilsə xadimləri, revanşist, radikal millətçi qruplar, daşnakçılar həbs edilir. Və Moskva qəzəblidir: 200 illik "kart" əlindən çıxır, özünü isə sayan yoxdur.
Üçüncü punkt: Bu versiya açıqlanıb - Türkiyədə görüş və Zəngəzur dəhlizin qeyri-rus modeldə açılmasına razılaşma. Yenə də Rusiya çıxdaş edilir və koridora nəzarət ona verilmir, onsuz da əvvəldən İrəvan imtina edirdi, bu dəfə güclü dəstək almaqdadır.
Bütün bunlardan sonra Rusiya Cənubi Qafqazda itirdiyi mövqeyini qaytarmaq üçün hərəkətə keçir: İrəvanda dövlət çevrilişinə cəhd - Paşinyan artıq prosesi önləyib, ardınca azərbaycanlılara qarşı vəhşi hücumlar, etnik təmizləmə, iki həmvətənimizi öldürmək, reydlər, həbslər... Əlbəttə ki, Bakı sərt cavab tədbirləri görüb, diplomatik reaksiya verib, səfir XİN-ə çağırılıb və s.
Məsələ ondadır ki, Səfərov qardaşlarını istintaqa cəlb edib dindirmək mümkün olduğu halda, onları işgəncə ilə öldürmək bir hərbə-zorba gəlmək nümayişi idi. Ardınca Şıxlınskini küçədə sürümək, Voronejdə həbslər, bir ailəni adi məktəbli davasına görə deport etmək sistemli xarakter alan hücum kampaniyasıdır. Bəs məqsəd? Təbii ki, Rusiyanın sonuncu əsas silahını işə salmasıdır. Moskva yuxarıda sadalanan təsir imkanlarını itirdiyi və bölgədə dominantlıq gücünü əldən verdiyi üçün azəraycanlıları sıxışdırmaq, döymək, OMON vasitəsi ilə təzyiq gəstərməklə Azərbaycan hakimiyyətini təhdid, şantaj edir. Yəni Kreml Bakını hədələyir ki, bu proses genişlənə, onminlərlə azərbaycanlı Rusiyadan çıxarıla bilər. Bu da bizim üçün sosial-iqtisadi yük deməkdir. Rusiya Azərbaycanı özünə tabe etdirmək, yenə də regionda ağa olmaq israrındadır. Azərbaycan isə əvvəlki deyil və strateji müttəfiqləri var. Rusiya isə Ukraynada uğursuzluğa düçar olub və strateji cəhətdən uduzub, ona görə heyfini Qafqazdan çıxmaq istəyir. Ancaq onu eşidən yoxdur. Hətta Trampa olan ümidlər də suya düşdü.
Beləliklə, son baş verən hadisələrin gerçək səbəbi üzə çıxır. Bu gərginlik arta da bilər. Şübhəsiz ki, azərbaycanlılara hücumlar hamını qorxudur. Rusiyanın təhlükəli və təxribatçı olduğu hər kəsə məlumdur, o səbəbdən bizə qarşı yeni addımlar atması istisna deyil. Ancaq Bakı da təzyiqlərə boyun əyməyəcək. Təyyarənin vurulmasından sonra yaranmış soyuqluq və gərginlik fonunda indi artan təhdidlərə baxmayaraq, Azərbaycan Rusiyanın qarşısından çəkilmək niyyətində görünmür. Çünki elə bu gün və sabah Xankəndiyə gələcək dost ölkələrin liderləri gücümüzü Rusiyaya nümayiş etdirir. Bir sözlə, Rusiya Qafqazı itirir və isterik vəziyyətdədir, geridönüş cəhdləri isə göründüyü kimi ağrılı keçməkdədir...
Azər Talıbov
AnXeber.az