Qurum həmin ərazidə yolların əsaslı təmiri üçün 22 milyon manat dövlət vəsaiti alıb
Binəqədidə “Baksol yolu” adlanan ərazidə bir nəfərin həyatına son qoyan çökmüş yola görə məsuliyyəti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi daşımalıdır.
“AbzasMedia”nın araşdırması bunu üzə çıxarıb.
Araşdırma nəticəsində məlum olub ki, həmin kanal Bakı Su Kanal İdarəsinin balansında olsa da, yolların, küçələrin, səkilərin və yolkənarı digər ərazilərin təmiri üçün əsas səlahiyyətli qurum Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir.
İyunun 29-da Agentlik məlumat yayaraq bildirib ki, hadisə AAYDA-nın xidməti sahəsinə daxil olmayan, piyadalar üçün nəzərdə tutulan yerdə baş verib.
Ancaq elə bu qurum 2022-ci ildə “Baksol yolu”nun təmirilə bağlı açıqlamada qeyd etmişdi ki, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa edilib.
Son 8 ildə Binəqədi rayonunun avtomobil yollarının əsaslı təmiri üçün 5 fərqli sərəncamla ümumilikdə 22 milyon 450 min manat dövlət vəsaiti ayrılıb.
2018-ci ilin mayında 1,9 milyon, 2019-cu ilin dekabrında 8,7 milyon, 2020-ci ilin iyununda 2,85 milyon, 2021-ci ilin sentyabrında 3,7 milyon, 2022-ci ilin oktyabrında 5,3 milyon manat ayrılıb.
İşlərin görülməsinə isə, əsasən, 2020-ci ildən başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb ki, M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri aparılacaq. Aparılan təmir-tikinti işlərində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir.
Qurum 2022-ci ilin dekabrında işlərin yekunlaşması ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunub ki, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri də inşa edilib.
Bu işlər isə 2022-ci ilə qədər olan dövrü əhatə edib və bu dövr üçün 17 milyon manatdan çox vəsait xərclənib. Ancaq elə 2022-ci ildə əlavə olaraq 5,3 milyon manat da ayrılıb.
Həmin il Binəqədi rayon icra hakimiyyəti məlumat yayıb ki, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır. Bu istiqamətdə rayonun M.Ə.Rəsulzadə qəsəbəsi üzrə “Baksol yolu” adlanan avtomobil yolunda da təmir işlərinə start verilib. İşləri isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi aparır.
Dövlət satınalmalarının rəsmi portalında ayrılmış 22 milyon 450 min manat vəsait üzrə heç bir tender elanı və müqavilə sənədi açıq şəkildə mövcud deyil.
Bütün vəsaitlər tender keçirilmədən, birbaşa bu qurumun sərəncamı ilə xərclənib. Vəsaitlərin necə sərf edilməsilə bağlı isə ümumi audit hesabatları yoxdur.
İyunun 26-da Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya xəttinə düşüb. Nəticədə vətəndaş həyatını itirib.
Məlumata görə, həmin ərazidə yol 6 ay əvvəl də çöküb və heç bir iş görülməyib.
İyunun 30-da Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunurdu ki, hadisə baş verən ərazi Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır.
Elə həmin gün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayaraq, Bakı Su Kanal İdarəsinin balansında olan həmin ərazidə 2019-cu ildən bəri hissəli şəkildə əsaslı təmir aparıldığını bildirib.
Əlavə olunub ki, qəzaya yolun hər iki tərəfində salınan tikinti materialları bazarı səbəb olub.