Sizin Reklam Burada
Tel: 050 378-66-61

Kimdir cinayətkar? - dustaqlardan ölü daşıyan maşın üçün də benzin pulu yığırlar...

Dünən, 08:52   






Azərbaycan həbsxanalarında hökm sürən özbaşınalıqlar, qanunsuzluqlar və rüşvət halları dəyişməyib. Əksinə, daha da dərinləşib. Bu da ölkə türmələrinin bayırdan ciddi şəkildə fərqlənmədiyini deməyə əsas verir. 
Görünür ki, Fərid Əhmədovun ədliyyə naziri təyin olunmasından sonra həbsxanalarda, istintaq təcridxanalarında şəraitin yaxşılaşdırılması ilə bağlı fundamental müsbət islahatlar aparılmayıb. 
Anxeber.com məlumat verir ki, cəzaçəkmə müəssisələrində davam edən sözügedən eybəcərliklərlə bağlı bu dəfə Xural.Tv rəhbəri Əvəz Zeynallı danışıb, tükürpədici detalları açıqlayıb.
Məlum olur ki, həbsxanalarda vəziyyət getdikcə pisləşir. Ümumiyyətlə, Ə.Zeynallının çıxışından bəlli olur ki, həbsxanalar, BİT əvvəl necə idisə, indi də ciddi dəyişiklik olmayıb. Dünya dəyişir, müasirləşir, dustaqların saxlanma şəraiti ilə bağlı şərtlər yenilənir, məhkuma insan kimi yanaşmaq təfəkkürü getdikcə inkişaf edir, amma bunların heç biri Azərbaycan həbsxanalarına aid deyil. 
Ə.Zeynallı təkcə 6 saylı cəzaçəkmə müəssisəsində baş verən qanunsuzluqlardan söz açıb. Onun sözlərinə görə, Məhəmməd və Əli adlı “nadzor”ların dustaqlara işgəncə verməsinə etiraz edib. Hətta ikrah hissi ilə deyib ki, bu adları daşıyanlar adamı döyməzlər.
Bundan başqa, məhbusxanalarda soyuducu problemindən tutmuş televizor problemlərinə qədər yaşanır. Halbuki bu ehtiyaclar ən adı tələbatlardır, dünyanın hər yerində dustaqlar təmin olunurlar. Eyni zamanda, Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov üçün bayramlarda hədiyyə yığılır. 
Ə.Zeynallı onu da qeyd edib ki, verilən yeməklərin keyfiyyətində böyük dəyişiklik yoxdur: “Hər şey burada puldur - soyuducu qoymağa, istilik sobası yerləşdirməyə...”
Jurnalist bildirib ki, dustaqların qarnına-qarnına vururlar, işgəncəyə məruz qoyurlar. Ə.Zeynallı əlavə edib ki, cənazə maşınının benzin pulunu dustaqlardan yığırlar: “Penitensiar Xidmət məsuliyyəti Tibb Baş İdarəsinin üzərinə atır, o da qarşı tərəfin. Yəni tibbi təchizat, dərman, həkim yox”. 
Hərçənd dövlət büdcəsindən dustaqların saxlanma şəraiti, qidalanması, gündəlik ehtiyacları ilə bağlı milyonlar ayrılır. Ancaq bu vəsaitlərin mənimsənildiyi üzə çıxmaqdadır. Çünki məhkumlardan, yaxınlarından hər addımbaşı rüşvət alınması, ən kiçik ehtiyacdan tutmuş soyuducuya qədər pul yığılması, hətta ölü daşıyan maşına benzin xərcinin məhkumlardan istənilməsi həm nə qədər rəzil vəziyyətin hökm sürməsindən xəbər verir, həm də rüşvətin dibini nümayiş etdirməkdədir. 
Əslində, Ə.Zeynallı bir sıra faktlar açıqlayıb. Və hər bir detal həbsxanaların bazara çevrildiyini göstərir. Yəni cinayət törətməkdə təqsirləndirilən şəxslərin özlərinə qarşı türmə rəisləri, “nadzor”lar cinayətə yol verir – rüşvət alır, işgəncə verir, incidir. Bəlkə də orada çoxlarının yeri səhv düşüb...

Anxeber.com 

Azər Talıbov 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar