Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Bakı meriyasının torpaq cinayəti – vətəndaş Prezidentə və Baş Prokurora yazdı

31-05-2023, 09:47   







Bakı şəhər İcra Hakimiyyəti və onun rəhbəri Eldar Əzizov tərəfindən uzun müddətdir ki, süründürülən vətəndaş Əliyev Rəcəb İbrahim oğlu Prezident İlham Əliyevə və Baş Prokuror Kamran Əliyevə müraciət edib. Anaxeber.info vasitəsi ilə problemini ictimailəşdirən şikayətçinin sözlərinə görə, ona məxsus torpaq əlindən alınıb və BŞİH onu 17 ildir ki, torpaqla təmin etmir.
“Mən 2007-ci ildə Badamdar qəsəbəsindəki 3-cü yaşayış massivindən 1528 saylı torpaq sahəsindən 0.6 ha ərazi almışam. Bunu Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti də təsdiqləyir, çünki mənə Çıxarış verilib. Belə ki, dövlət reyestrində 70 saylı reyestr kitabının 6813 saylı vərəqində qeydiyyata alınıb.
Sonra həmin ərazilərə “Azərsu” ASC sahiblənib. Düz 17 ildir ki, Bakı şəhər icra hakimiyyətinin əlində əsir-yesir qalmışam.  "Azərsu"ya etdiyim müraciətə cavabda deyilib ki, anbar ərazisidir və Bakı şəhər icra Hakimiyyəti ilə məsələni həll edin. Bakı meriyası isə cavab verir ki, fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılması onun səlahiyyətlərinin xaricindədir. Göründüyü kimi, Bakı şəhər icra hakimiyyəti məsuliyyətdən boyun qaçırır.
Mən dəfələrlə bu quruma getmişəm, söz verilib ki, həll ediləcək, başqa ərazidə torpaq sahəsi ayrılacaq, amma nəticəsi yoxdur. Faktiki olaraq, Meriya və rəhbərliyi süründürməçiliklə məşğuldur. Mənə aid Çıxarışlı torpaq başqa quruma verilir, amma BŞİH heç bir addım atmır. Bu, konkret olaraq mülkiyyət hüquqlarının tapdanması, pozulmasıdır”.
Şikayətçi Rəcəb Əliyev Prezidentdən və Baş Prokurordan bu mülki cinayətlə bağlı məsələni nəzarətə götürməyi xahiş edib: “Cənab Kamran Əliyev, Bakı şəhər İcra Hakimiyyəti qanunsuz hərəkətə yol verib, bir vətəndaşın torpağını qəsb edərək əlindən alıb, əvəzində isə heç nə təklif etməyib. Mən çox xahiş edirəm ki, bu məsələ istintaqın nəzarətinə götürülsün. Ortalıqda bir qanunsuz əməl var, bunu edən bir icraedici hakimiyyətdir, indiyə qədər də məsuliyyət daşımaq istəmir. Bu işdə sona qədər hüquqi müstəvidə mübarizə aparmağı qarşıma məqsəd qoymuşam. Bakı şəhər İcra Hakimiyyətinin özbaşınalığı ucbatından mən sənədli-sübutlu, qanuni əsasla sahibi olduğum Çıxarışlı torpağımdan məhrum edilmişəm. Buna görə ən azı Bakı meriyası ayrı bir ərazidə torpaq təklif edə bilərdi. Hər dəfə müraciət üçün gedəndə məni yol verirlər, deyirlər ki, torpaq ayıracağıq, amma nəticə yoxdur. Ona görə də həm prezidentdən, həm baş prokurordan bu işə diqqət ayrılmasını, müvafiq tapşırıqlar verilməsini xahiş edirəm”.

 AnaXeber.info

Azər Talıbov

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar