İranda ölkənin hərbi komandiri Qasım Süleymaninin dəfni zamanı basabasda qalaraq ölənlər olub.
İran televiziyası azı 35 nəfərin öldüyünü, 48 nəfərin isə yaralandığını bildirib.
Son günlərdə onun dəfn mərasimi üçün toplaşan iranlıların sayının milyonlarla olduğu güman edilir.
O bu gün doğma şəhəri Kirmanda dəfn edilir.
Şənbə günündən bəri Tehran və digər şəhərlərdə onun matəm mərasimi keçirilib.


Video açılmırsa, burada izləyin.
Qasım Süleymani cümə günü Prezident Donald Trump-ın əmri ilə ABŞ tərəfindən, dron hücumu nəticəsində öldürülüb.
Onun öldürülməsi ABŞ və İran arasındakı qarşıdurma qorxusunu artırıb.
İranın paytaxı Tehran şəhərində keçirilən vida mərasimini İranin Ali Dini Rəhbəri Ayətullah Əli Xameneyi aparıb. Kütləvi informasiya vasitələri mərasim zamanı onun ağladığı anı da görüntüləyib.
İran bu ölümə görə "ağır qisas" alacağını bildirib və bazar günü 2015-ci il nüvə razılaşmasından çəkilib.
ABŞ-ın İranın xarici işlər naziri Cavad Zərifin bu həftə sonu New-Yorkda BMT-yə baş çəkməsi üçün vizasına rədd cavabı verdiyi bildirir.
Belə bir addım xarici vəzifəli şəxslərin BMT-nin qərargahlarına daxil olmasına zəmanət verən razılaşmanı pozmuş olardı.

62 yaşlı Süleymani İranın Yaxın Şərqdə hərbi əməliyyatlarının lideri idi. O, İranda ölkənin Ali Dini Rəhbəri Ayətullah Əli Xameneyidən sonra ikinci nüfuzlu şəxs idi.
ABŞ onu "terrorçu" və ABŞ hərbi qüvvələrinə təhlükə hesab edirdi.
Süleymaninin vida mərasimində nələr olub?
İran Dövlət televiziyası Tehrandakı böyük izdihama milyonlarla insanın toplaşdığını bildirib, lakin bu cür say dəyərləndirilməsinin təsdiqə ehtiyacı var.

İzdihamda iştirak edənlərdən kimsə ağlayır, kimsə mərhum komandirin şəklini əlində tutur.
Tabutu başlarının üstündən ötürən matəm iştirakçıları "Amerikaya ölüm" şüarı səsləndiriblər.
Mərhumun qızı Zeynəb Süleymani atasının qətliylə bağlı Amerikanın "qara günlə" üzləşəcəyini deyib.
"Ağılsız Trump, atamın şəhidliyi ilə hər şeyin bitəcəyini düşünmə", - o deyib.

Bazar ertəsi günü keçirilən matəm mərasimindən sonra generalın cənazəsi şiələrin müqəddəs şəhəri Quma aparılacaq. Bundan sonra isə mərhum generalın doğma şəhəri Kirmanda dəfn mərasimi keçiriləcək.

İran qətl hadisəsinə necə cavab verib?
Bazar günü İran 2015-ci ilin nüvə sazişi çərçivəsində nəzərdə tutulan heç bir məhdudiyyətə artıq əməl etməyəcəyini bəyan edib.
2015-ci ilin nüvə sazişi iqtisadi sanksiyaların ləğvi qarşılığında İranın nüvə sahəsində fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutur.

Tehran uranın zənginləşdirilməsi, zənginləşdirmə səviyyəsi, zənginləşdirilmiş materialların saxlanması və ya nüvə tədqiqatlarının inkişafı sahəsində heç bir məhdudiyyətə əməl etməyəcəyini bildirib.

Nüvə sövdələşməsinin üç Avropa iştirakçısı - Almaniya, Fransa və Böyük Britaniya- İranı sazişin şərtlərinə əməl etməyə çağırıb.
Bazar günü İraq parlamenti xarici qoşunları ölkədən çıxmağa çağıran qətnamə qəbul edib.

Trump necə reaksiya verib?
İranın Süleymaninin qətliylə bağlı qisas alacağı barədə xəbərdarlığı ilə bağlı prezident Trump ABŞ-ın "bəlkə də qeyri-mütənasib şəkildə cavab verəcəyini" deyib.
Trump İranın mədəniyyət obyektlərinin hədəfə alınacağı barədə təhdidləri təkrarlayaraq, Tehranın amerikalılara və ya ABŞ obyektlərinə hücum edəcəyi təqdirdə ABŞ-ın cavabının "çox sürətli və çox sərt olacağını" deyib.
Bağdadın ABŞ qoşunlarının ölkədən çıxmasını tələb edən qətnaməsiylə ilə bağlı isə prezident Trump, ABŞ qoşunlarının çıxacağı təqdirdə İraqı sərt sanksiyaların tətbiq olunacağı ilə hədələyib.
"Orada olduqca bahalı bir aviasiya bazamız var. İnşası milyardlarla dollara başa gəlib. Xərcləri bizə ödəməyincə çıxan deyilik", - Trump jurnalistlərə deyib.

İranın əsas mədəniyyət obyektləri hansılardır?
ABŞ-ın İranın mədəniyyət obyektlərini hədəf alacağı ehtimalı, İranda və onun xaricində həyəcan yaradıb.
Beynəlxalq hüquq normalarına uyğun olaraq bu cür hərəkət hərbi cinayət sayıla bilər.
İranda 20 Unesco Dünya İrsi obyekti var.
Həmin obyektlər Unesco-nun siyahısına onların mədəni, tarixi və ya elmi əhəmiyyətini qorumaq məqsədiylə salınıb.
Həmin siyahıya salınan obyektlər arasında aşağıda göstərilənlər də var:
- Eramızdan əvvəl 518-ci ilə təsadüf edən və farsların qədim Əhəmənilər imperiyasının paytaxtı olan qədim Persepolis şəhəri.
- 17-ci əsrin əvvəllərində inşa edilən və dünyanın ən böyük şəhər meydanlarından biri olan İsfahan şəhərindəki Nəqşi Cahan Meydanı
- Tehrandakı Gülüstan Sarayı, bu saray İranı 1785-1925-ci illərdə idarə edən Qacar sülaləsinin iqamətgahı olub.
Digər tərəfdən, İranda İslam Respublikasının banisinə həsr olunmuş Ruhullah Xomeyninin məqbərəsi kimi Unesco-nun siyahısında olmayan, lakin bununla belə böyük mədəni əhəmiyyət daşıyan bir sıra digər obyektlər də var.