Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ-ın dərin dövləti “İranı bombalayın” deyir

8-01-2020, 08:38   

İranın ram edilməsi və Trampın baş planı nə?  Müharibə təhlükəsi artır

2020-ci il ABŞ-İran münasibətlərinin pik həddə gərginliyi ilə başladı ki, bunu müharibə də  adlandırmaq olar. Əgər iranlı general Qasım Süleymani öldürülürsə, Tehrana qarşı növbəti sanksiyalara hazırlıq gedirsə, Ağ Ev rəhbəri Donald Tramp İranın 52 obyektini hədəfə alıbsa, qarşı tərəf də qisas olacağını bəyan edibsə, deməli, savaş gedir.

Lakin daha genişmiqyaslı əməliyyatlar olacağını söyləmək, amerikalı əsgərlərin İraq və Əfqanıstan kimi, İrana daxil olacağını proqnozlaşdırmaq çətindir.  Bu ölkələrdən fərqli olaraq, İran uranı zənginləşdirir, nüvə silahı istehsal edir və qüdrətli ordusu var. İranın Yaxın Şərqdəki əsas gücü həm də müxtəlif silahlı birləşmələrə dəstək verməsidir. Onun İraq, Livan, Yəmən, Bəhreyndə, hətta sünni  Səudiyyə Ərəbistanında da tərəfdarları var.

O baxımdan ABŞ İranla uzaqdan-uzağa, zərbələr endirməklə müharibə apara bilər. Amerika əsgərinin İran ərazilərində döyüşəcəyi inandırıcı görünmür.

“Yeni Müsavat” xəbər verir ki, İran parlamenti ABŞ-ın bütün komandanlarını terrorçu elan edib. Parlament həmçinin Pentaqonu da terrorçu kimi tanıyıb. Bundan öncə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İran tərəfindən terrorçu elan edilmişdi. Tehran bu addımı ABŞ-ın SEPAH-ı  terrorçu elan etməsi qarşılığında atmışdı.

(CENTCOM) ile ilgili görsel sonucu

ABŞ isə yanvarın 9-da Nyu-Yorkda baş tutacaq BMT-nin Təhlükəsizlik Şurasının iclasında iştirak etməyə hazırlaşan İran XİN rəhbəri Məhəmməd Cavad Zərifə viza verməkdən imtina edib. Bu barədə "Röyters" agentliyi məlumat yayıb.

Vizanın verilməməsi İran generalı Qasım Süleymaniyə qarşı sui-qəsddən sonra iki ölkə arasında münasibətlərin gərginləşməsi ilə bağlıdır.

ABŞ Hind okeanındakı Dieqo Qarsia adasına 6 ədəd B-52 nüvə bombardmançı təyyarəsi göndərmək niyyətindədir. Bu məlumatı CNN televiziyası yayıb. Təyyarələrin adaya İranla yaranan gərginlik fonunda göndəriləcəyi vurğulanıb. Adaya yerləşdiriləcək təyyarələrin İrana müdaxilə etmək üçün hazır vəziyyətdə olacağı qeyd edilib.

(CENTCOM) ile ilgili görsel sonucu

Televiziya Dieqo Qarsia adasının İrana 4 min kilometr məsafədə yerləşdiyini bildirib. Bununla Vaşinqtonun öz təyyarələrini İranın “Şahab” və “Sumar” kimi raketlərindən qorumağa çalışdığı vurğulanıb. ABŞ və İran arasındakı gərginliyin davam etməsi böyük iqtisadi və maliyyə şoklarına da səbəb ola bilər.

Bunu “Moody’s” beynəlxalq reytinq agentliyinin analitiki Aleksandr Perjessi deyib. O, bu iqtisadi şokların ciddi təsirlərinin ola biləcəyini qeyd edib.

Açıqlamada iki ölkə arasında davam edən gərginliyin iqtisadiyyatın ümumi görünüşünü poza biləcəyi, Orta Şərqdə yalnız neft və bank sektoruna deyil, turizm kimi sahələrə mənfi təsir edəcəyi vurğulanıb.

Siyasi ekspert Hikmət Hacızadənin “Yeni Müsavat”a bildirdiyinə görə, bu şəraitdə müharibənin real və yaxında olduğunu söyləmək çətindir. Onun fikrincə, bütövlükdə İranın və Yaxın Şərqin ram edilməsi Trampın baş planındadır.

“Bu, həm də biznesmen yanaşmasıdır. Amerika son 10 ildə Yaxın Şərqə trilyonlar töküb, heç bir nəticəsi olmayıb. Amerikanın borcu artır, büdcəsindən maliyyə gedir, iqtisadiyyat tormozlanır. Ona görə də qərara gəlinib ki, İranı düzəltməliyik və ora pul qoymamalıyıq.  Əvvəlcə Qüdsü İsrailin paytaxtı kimi tanıdılar, sonra Fələstin və ”Hizbullah"a qarşı fəaliyyət oldu, Suriyada isə alınmadı. Gördülər ki, Suriyanı İran alovlandırır və trilyonlar gedir. Ona görə də İrana qarşı ciddi plan olacaq", - deyə politoloq vurğuladı.

Hikmət Hacızadə ile ilgili görsel sonucu

H.Hacızadə hesab edir ki, ABŞ-ın İran əleyhinə fəaliyyətinin müharibə, embarqo, yoxsa sanksiya şəklində olacağını indidən demək çətindir: “İran terror aktları, partizan hərəkatı ilə cavab verə bilər. Lakin Amerikanın müxtəlif istiqamətlərdən İrana zərbə endirmək imkanı var. Nəzərə almaq lazımdır ki, hələ sanksiyaların hamısı olmayıb. Bundan sonra neft satmağı tam bloklaya bilərlər, hərbi əməliyyatsız İranı iqtisadi cəhətdən çökdürərlər.

Amma Amerika İranın içərisinə öz əsgərini göndərməz. Onlar üçün insan  qiymətlidir. Eyni zamanda bu qərara görə Amerikada Trampa etirazlar başlaya bilər. Ona görə çalışacaqlar ki, İranı içəridən dağıtsınlar. Ölkənin daxilində kürdlər, türklər, liberal düşüncəli qüvvələr var".

Siyasi şərhçi generalın vurulmasının ABŞ-da seçkiqabağı Trampın reytinqinə də təsir edəcəyini istisna etmir.

Politoloq Elxan Şahinoğlu bildirib ki, İranın cavab aksiyası olacaq. Onun sözlərinə görə, qisas addımı atılarsa, gərginlik daha da arta bilər: “İranda söz sahibi indi siyasətçilər yox, hərbçilərdir. Əgər müharibə başlasa, təkcə İran-Amerika arasında mübarizə olmayacaq, bölgəni də əhatə edəcək. İranın Amerikaya əli çatmır. Amma Yəməndə, Suriyada, hətta Səudiyyədə dəstəklədiyi şiə qrupları var. Ona görə biz də gərək təhlükəsizliyi gücləndirək”.

Rus analitik Vladimir Ovçinski qeyd edib ki, ABŞ-ın bu hərəkəti onu İranla əsl müharibənin astanasına gətirib çıxarıb: “Bütün Böyük Yaxın Şərqin də iştirak edə biləcəyi bir müharibə. Hər müharibənin öz təhrikçiləri var. Bəziləri dərin məxfiliklə pərdələnib və kimsə, əksinə, həmişə ”İranı bombalayın!" - deyə qışqırır. Sonunculara, əlbəttə, Maykl Ledin - Con Bolton qrupu da daxildir.

Amerika Sahibkarlıq İnstitutunda birlikdə işləyərkən, bu iki dost ABŞ-ın 3 prezidentinə - oğul Buş, Obama və Trampa İranla müharibəyə çağıran qeydlər və məlumatlar yağdırıblar.

İraqla müharibə haqqında açıqlanmış hərbi materiallara görə, Süleymaninin ləğvi variantları hər üç prezidentin hakimiyyəti dövründə gündəmdə olub.

Trampın milli təhlükəsizlik üzrə ile ilgili görsel sonucu

Bolton Trampın milli təhlükəsizlik üzrə müşaviri olarkən, dostu və “ustad”ı Ledin açıq məktubla ona müraciət edərək, Trampın İrana qarşı ən sərt mövqe tutmasını və orada rejim dəyişikliyinə nail olmağı tələb edib.

Tramp Boltonun xidmətlərindən imtina edib. Lakin Bolton “dərin Amerika dövlətinin” sonuncu adamı deyil. Hətta qeyri-rəsmi mövqelərdə olsa da, hiyləgər planını həyata keçirə bilib.

Buna görə də Süleymani öldürüldükdən sonra əməliyyatda iştirak edən hər kəsi təbrik edən ilk şəxs Bolton olub.

Ləğvetmə planı ilə rəsmi şəkildə əlaqəsi olmayan bir insanın təbrik mesajı göndərməsi ən azı qəribə hərəkətdir. İndi Ledinin qətldən əvvəlki bir ayda nə etməsi-nə deməsi barədə".

Qeyd edək ki, İran Təhlükəsizlik Şurası ABŞ-a cavab hazırlayıb. Bunu TŞ-nin katibi Əli Şamxani deyib. O, TŞ-nin ABŞ-a qarşı 13 cavab variantı hazırladığını bildirib. Bu arada İran SEPAH-ın Qüds briqadasının büdcəsini 200 milyon avro artırıb.

Parlamentdə çıxış edən spiker Əli Laricani “Qüds gücü”nün ABŞ-a qarşı dirənişin məsuliyyətini üzərinə götürən əsas qüvvə olduğunu bildirib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar