Sizin Reklam Burada
Tel: 050 378-66-61

Tualetdə 285 minlik qızıl əməliyyatı: vəzifəli şəxslər dindirildi

28-10-2016, 08:27   
Tualetdə 285 minlik qızıl əməliyyatı: vəzifəli şəxslər dindirildi
Heydər Əliyev adına Beynəlxalq Hava Limanından qanunsuz yolla qızıl-ziynət əşyaları keçirməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını ela edib, təqsirləndirilən şəxslər ifadə verib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, ilk olaraq dövlət ittihamçısı Ramin Nağdəliyev ittiham aktını elan edib.

Qeyd edək ki, bu iş üzrə təqsirləndirilən şəxslərin sayı 6-dır. Onlardan biri Türkmənistan vətəndaşı, 5-i isə Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşlarının 4-ü Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarıdır.

285 minlik qızıl tualetdən keçirilib…

İttiham aktında qeyd edilir ki, DGK-nın inspektoru Neman Abbasov qabaqcadan digər şəxslərlə əlbir olaraq ümumi dəyəri 285 min manat olan qızıl-ziynət əşyalarını qanunsuz yolla hava limanından keçirməyə cəhd ediblər.
Bu iş üzrə digər təqsirləndirilənlər Türkmənistan vətəndaşı Baylyyev Amanmuhammed, Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin digər əməkdaşları Adil Kazımov, Aytəkin Tağıyeva, Muxtar Qasımov və qızıl alverçisi Ziyafət Qurbanovadır.
Təqsirləndirilənlərdən Neman Abbasov və Baylyyev Amanmuhammed barəsində həbs qətimkan tədbiri seçilib. Digərləri isə zamindədir.

Onlara Cinayət Məcəlləsinin 312 (rüşvət vermə) və 206 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

İttiham aktında bildirilir ki, Neman Abbasov qızıl alverçisi Ziyafət Qurbanovadan qızılları təyyarəyə keçirmək üçün 2200 dollar rüşvət alıb. N.Abbasov digərləri ilə əlbir olaraq qızılları qanunsuz yolla hava limanı binasından keçirərək tualetdə Türkmənistan vətəndaşına vermək istəyiblər.

Məhkəmə prosesinin davamında təqsirləndirilən şəxslər ifadə veriblər. DGK-nin sabiq əməkdaşları istintaqa verdikləri ifadələri təsdiq etmədiklərini bildiriblər. Səbəbini isə rəhbərlikdən göstəriş almaları ilə izah ediblər.

“Ehtiyacım olduğu üçün etdim”

Prosesdə ilk ifadə verən barəsində həbs qətimkan tədbiri seçilmiş Neman Abbasov olub. O, özünü təqsirli bilərək, bu əməli ehtiyac üzündən etdiyini və digər şəxslərin bundan xəbərsiz olduğunu söyləyib.

“Növbə rəisimiz Adil Kazımov mənə dedi ki, bir nəfər aeroporta gələcək. Onun qızıllarını, rəsmi qaydada keçirməsinə kömək et. Həmin şəxs Ziyafət Qurbanova idi. Onunla danışdıq. Qanunları bilmədiyini gördüm. Avam adam olduğunu bilib aldatdım. Dedim ki, qızılları aparmaq üçün rüsum ödənməlidir. Buna ehtiyacım olduğu üçün etdim. Digər şəxslərin bu əməlimdən xəbəri olmayıb.

Aytəkindən xahiş etdim ki, çantanı içəri keçirsin. O, çantanın içərisində nə olduğunu bilmirdi. Sonra Muxtardan xahiş etdim ki, Türkmənistandan olan qonaqlarımıza nəzarət etsin. Onların nəsə problemi olsa, xəbər eləsin”.

N.Abbasov prokurorun və vəkillərin suallarını cavablandırarkən deyib ki, ölkədən gedən şəxsin apardığı qızıllar üçün rüsum ödəməsinə ehtiyac yox imiş, bundan istifadə edib Ziyafət Qurbanovanı aldadıb.

“Qızıl gətirəndə bunun üçün rüsum ödəmək lazımdır. Aparan da isə yox. Mən də bundan istifadə edib Ziyafət Qurbanovdan pul aldım”.

Prokuror N.Abbasovdan Z.Qasımovu aldadıb, rüsum adı ilə pul aldığı halda niyə qızılları qanuni yolla keçirmədiyini soruşub.

Təqsirləndirilən şəxs isə bu suala cavab verə bilməyəcəyini deyib.

“Rəhbərlikdən “yazın” dedilər, biz də yazdıq”

N.Abbasov istintaqa verdiyi ifadələri təsdiq etmədiyini belə izah edib: “Bizə dedilər ki, deyilən kimi izahat yazaq. Həmin ifadələri təsdiq etmirəm. Burda dediklərim doğrudur”.
Məhkəmədə növbə rəisi olmuş Adil Kazımov da istintaqa ifadəsini təsdiq etmədiyini deyib.
O, ifadəsini dəyişməsini belə əsaslandırıb: “Rəhbərlikdən “yazın” dedilər, biz də deyilən kimi yazdıq. İşin orada qalacağını söylədilər. İdarədə bağlanacağını bildirdilər. Həm də Nemana kömək olar deyə düşündüm”.

A.Kazımov ifadəsinin davamında qızıl laverçisini necə tanıdığını və hadisənin təfərrüatlarını danışıb: “Ziyafət Qurbanova mənə zəng elədi ki, Türkmənistandan qonaqları var. Onlar gedəndə qızıl alıb aparacaqlar. Mən də dedim ki, xarici vətəndaş ölkəyə gətirdiyi valyuta dəyərində qızıl alıb apara bilər. Bunun üçün gətirdiyi pulun bəyannaməsi və aldıqları qızılların “çeki” lazımdır. Həmin gün növbədə olmadığım üçün əlaqə saxlasın deyə Nemanın nömrəsini verdim. Axşam da toya getdim. Sonra olanlardan xəbərim yoxdur. Axşam toyda olanda Neman dedi ki, qızıllar tutulub”.

O, digər təqsirləndirilən şəxslərlə heç bir cinayət əlaqəsinə girmədiyini və hadisədən əvvəl əlaqələrinin olmadığını telefon danışıqları ilə sübut edilə biləcəyini deyib.
Prokuror isə qeyd edib ki, Adil Kazımovun digər şəxslərlə telefon danışıqlarının olması sübut edilib. A.Kazımov isə bunu bir daha təkzib edib.

“Bu sözləri mənə “paqon” deyirdi axı”

“Moskva” univermağında qızıl mağazası olan Ziyafət Qurbanova da məhkəmədə ifadə verib.

O, bu işi əvvəlcədən planlaşdırmadığını və Neman Abbasov tərəfindən aldadıldığını söyləyib:

“Adil müəllimi bir dəfə aeroportda olanda görmüşdüm. Məndə nömrəsi var idi. Zəng edib xahiş etdim ki, Türkmənistandan qohumlarımız gəlib, gedəndə qızıl alacaqlar. Ondan qanuni yolla necə keçirə biləcəyimizi soruşdum. Başqa söhbətimiz olmadı. Məni başa saldı, aeroporta gələndə Nemanla görüşdüm. Qızılları verəndən sonra dedi ki, rüsum ödənməlidir. Mən də Adil müəllimə zəng elədim. Telefonu açmadı. Deyəcəkdim ki, bu nə işdir başıma gəlir? Sonra məcbur olub pulu verdim. Çünki onlar təyyarayə minməsə idilər, biletləri batacaqdı. Bu zaman da 3 min dollardan çox ziyan edəcəkdik”.

Prokurorun və vəkillərin suallarını cavablandıran Z.Qurbanova deyib ki, Türkmənistan vətəndaşı onun ən etibarlı müştərisi olub.

Prokurorun “əgər qızılların qanunsuz yolla keçirilməsindən xəbərsiz idinizsə, niyə Neman Abbasovun dedikləri ilə hərəkət edirdiniz” sualına Ziyafət Qasımova belə cavablandırıb: “Mən bilmirdim qanunsuzdur. Dedi ki, yoxlamadan keçəcək, sənədləri gətirəcək. Dedim ki, Adil müəllim bundan xəbərsizdir. Zəng edəndə də mənə söylədi ki, Adil müəllimin bunlardan xəbəri var. 2 min dolları aldı. Sonra gəldi ki, pul çatmır. Çantamı açanda 200 dolları gördü. Dedi ki, onu da ver, bəsdir. Mənə nə dedisə, inandım. Mən vağzalda deyildim ki, bu sözləri mənə “paqon” deyirdi axı”.

“Bizi sadəcə işdən azad edəcəkdilər”

Digər təqsirləndirilən və hazırda zamində olan DGK əməkdaşı Aytəkin Tağıyeva özünü qismən təqsirli bildiyini deyib.

A.Tağıyeva özünü qismən təqsirli bilməsini belə izah edib: “Gecə növbəsində idim. Neman da neçə ildir ki, iş yoldaşımdır. Xahiş etdi ki, çantanı qonaqlarına verim. İçində nə olduğunu bilmirdim. Soruşanda dedi ki, içində şəxsi əşyalar var. Mən də apardım. Səhvim çantanın içərisinə baxmamağım idi. Buna görə özümü qismən təqsirli bilirəm. Nemanın mənə qarşı belə bir hərəkət edə biləcəyini düşünmürdüm”.

Prokurorun sualını cavablandıran A.Tağıyeva qızılları niyə tualetdə təhvil verməsini belə izah edib: “Həmin zona böyükdür. Məni tapa bilməyəcəyini düşündüm. Özüm də əlimi yumaq üçün ora gedirdim. Tez görüşə bilək deyə ora gəlməsini istədim”.

Digərləri kimi A.Tağıyeva da istintaqa verdiyi ifadəsini təsdiqləməyib. O, məhkəməyə başqa ifadə verməsini belə izah edib: “Bizə rəhbərlikdən dedilər ki, iş burda həll olacaq. Bizi sadəcə işdən azad edəcəklər. Biz də o şəkildə yazdıq”.

“Bəlkə özü tualetə getmək istəyib”

Digər DGK əməkdaşı Muxtar Qasımov isə ifadəsində özünü təqsirli bilmədiyini deyib.
O, iş yoldaşı olmuş Nemanın xahişi ilə Türkmənistan vətəndaşları olan qonaqların gedişi ilə maraqlandığını, problem olub-olmmamasına baxdığını deyib.

M.Qasımov bu işdən xəbərsiz olduğunu və heç bir məbləğ almadığını söyləyib.
Prokuror videogörüntülər olduğunu, həmin görüntülərdə M.Qasımovun təqsirləndirilən Türkmənistan vətəndaşı ilə bir neçə saniyə danışdığını və sonra Amanmuhammedin tualetə getdiyinin əks olunduğunu söyləyib.

Təqsirləndirilən şəxsin cavabı isə belə olub: “Mən ona yaxınlaşa bilərəm. Amma onun tualetə getməsini və digər olanlardan xəbərim yoxdur. İnsandır, bəlkə özü tualetə getmək istəyib”.

“Dedi ki, “kak palojna” həll edəcəm”

Dəmir barmaqlıqlar arxasında olan Türmənistan vətəndaşı isə özünü təqsirli bilmədiyini deyib. Qızıl alveri ilə məşğul olduğunu deyən Amanmuhammed Dubay və Türkiyədən alış-veriş etdiyini söyləyib. O, heç vaxt bu şəkildə iş tutmadığını deyib.

“Hansı ölkədən qızıl almışamsa, “çeki” olub. Mən belə işlə məşğul olmamışam. Bakıya gələndə 48 min dollarım var idi. Ziyafət Qurbanovadan da qızıl aldım. Pulu ona verdim. Dedi ki, narahat olma, “kak palojna” özü həll edəcək. Mən bu cür olacağını bilsəydim, razılaşmazdım. Özümü bu cür işə salmazdım”- deyə o, ifadəsinmə əlavə edib.

Prokurorun və vəkilərin suallarını cavablandıran Amanmuhammed 2200 dollar rüşvət verilməsi məsələsindən məhkəmədə xəbər tutduğunu söyləyib.

Məhkəmə prosesi noyabrın 3-də şahidlərin ifadə verməsi ilə davam etdiriləcək.

İlkin Muradov
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar