
Üzlüklərlə bağlı Fövqəladə Hallar Nazirliyindən müsbət rəy gəlmişdi
Oktyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli binada baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirlib.
Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslər ifadə veriblər. Təqsirləndirilən Ələkbər Əsgərov ifadəsində deyib ki, nədə təqsirləndirildiyini bilmir.
2010-cu ildən rəsmi müqavilə ilə "Global Stor"un baş direktoru olan Ə.Əsgərov bu vəzifədə 1 il olduğunu,"polueturan" məhsullarının istehsalı üçün alınan xammalın Türkiyədən idxal edildiyini söyləyib.
Yanğından sonra baş verənləri danışan Ə.Əsgərov qeyd edib ki, yanğın baş verən ünvana getsələr də, tıxaca düşüblər: “Yollar bağlanmışdı. Biz yenidən ofisə qayıtdıq. Biz çatanda gördük ki, MTN əməkdaşları içəridədir. Özlərini MTN əməkdaşı kimi təqdim etdilər. Kompüterləri yığdılar. İşçilərlə danışırdılar. Sonra prokuroluq əməkdaşları gəldi. Mən onlarla birlikdə getdim”. O, MTN-nin əməkdaşlarının Miryusif Mahmudovdan pul tələb etməsi barədə də danışıb. O, pul istənilən zaman Miryusif Mahmudovla birlikdə olduğunu deyib:
“Biz ofisdə oturmuşduq. Şirkətin təhlükəsizlik xidmətinin rəis müavini Arif Əliyev otağa gəldi. Dedi ki, Xətaidə baş verən yanğından sonra rəy hazırlanır. Bizdən də həmin rəyə şirkət haqqında müsbət fikir əlavə etmək üçün pul istəyirlər. Məbləğin 300 min olduğunu dedi. Miryusif Mahmudov da əsəbiləşdi. Dedi ki, verməsək, nə olacaq?"
Təqsirləndirilən şəxslərdən Uğur Bəşirov da özünü təqsirli bilmədiyini deyib. Binəqədi rayon İcra Hakimiyyətinin birinci müavini işləmiş Qəzənfər Novruzov deyib ki, o, vəzifəyə təyin olunanda binanın üzlənmə işləri artıq başlayıbmış. Həmin vaxt o, üzlənmə işləri barədə hansısa sənədə imza atdığını xatırlamır. Bildirib ki, üzlənmədə istifadə oluna materialın yanğına davamlılığını yoxlamaq səlahiyyəti olmayıb:"Bununla bağlı Fövqəladə Hallar Nazirlyindən müsbət rəy gəlmişdi. Onlar materialı yoxlayıb bizə məlumat vermişdilər". O, özünü təqsirli bilmədiyini deyib.
Daha sonra iclasda təqsirləndirilən şəxslərdən Akif Əlibəyov ifadə verib. O, ifadəsində üzləmə işlərində istifadə olunan materialla bağlı rəy verdiyini, həmin rəyin düzgünülüyünü təsdiq etdiyini deyib. Bildirib ki, həmin material zəhərli deyil və uşaq oyuncaqlarının çoxunda ondan istifadə edilir.
Növbəti iclas oktyabrın 25-də davam edəcək.
İttihama görə, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.
Onlar Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər.