
Vəli Ələsgərovdan sonra növbə Kərəm Mustafayevə çatır- Genereal təlaşda
Naxçıvan MTN-in naziri Vəli Ələsgərovun Naxçıvan xüsusi xidmət orqanının rəhbərliyindən uzaqlaşdırılması əslində bölgədə birmənalı qarşılanmışdı. Çünki Ələsgərov MR Ali Məclisinin sədri Vasif Talıbovun ən yaxın adamlarından biri kimi tanınırdı. Bu səbəbdən müəyyən gözləntilər də var idi ki, V.Ələsgərov başqa vəzifəyə təyin olunacaq. Hətta onun Azərbaycan DTX-na rəis müavini gətiriləcəyi haqda da xəbərlər yayılmışdı.
Amma az öncə məlum oldu ki, Vəli Ələsgərovun vəzifəsindən uzaqlaşdırılması Azərbaycan MTN-də aparılan əməliyyatın tərkib hissəsidir, belə ki, onun oktyabrın 17-dən sonra ifşa olunan Mahmudovçu cinayətkar qruplaşma ilə dərin əlaqələri üzə çıxıb. Məlum olub ki, Azərbaycan MTN-də olduğu kimi, Naxçıvan MTN-də də qanunsuz dinləmələr həyata keçirilib, əldə olunan məlumatlardan şantaj məqsədilə, istisna deyil ki, həm də siyasi motivli şantaj məqsədilə istifadə olunub.
Savash.org-un məlumatına görə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevlə bağlı qeyri-müəyyənlik isə davam edir. Onun qardaşı Nemət Mustafayevin həbs olunduğu barədə məlumatları dəqiqləşdirmək mümkün olmayıb. Lakin Naxçıvandan gələn məlumatlar bu generalın ətrafında da hansısa proseslərin getdiyindən xəbər verir. Və istisna deyil ki, bu prosesin də Vəli Ələsgərovla hansısa bağlılığı var. Çünki Vəli Ələsgərovla Kərəm Mustafayevin yaxın dost olduqları da heç kimə sirr deyil.