
Vəzifədən çıxarılan icra başçıları ilə o birilərin fərqi nədir?
Bildiyiniz kimi, ölkə başçısının sərəncamı ilə Laçın və Cəbrayılın icra başçıları tutduqları vəzifədən azad ediliblər. Prezident Adminstrasiyası rəhbərinin müavini, Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev mətbuata açıqlamasında bildirib ki, bu adamlar prezidentin tapşırıqlarına əməl etmədiklərinə, tənqiddən nəticə çıxarmadıqlarına, kobudluqlarına görə vəzifədən çıxarılıblar.
“Amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdiriblər, nəticədə rayonun problemlərindən uzaq düşüb, sakinlərin haqlı tələblərinə məhəl qoymayıb, əhali arasında nüfuzdan düşüblər. Cənab Prezidentin etimadını doğrulda bilməyiblər, daha dəqiq desək, etibarını itiriblər”- deyə Zeynal Nağdəliyev bildirib.
Bu sözləri eşidəndə bir anlıq insanda sevinc hissi yaranır, düşünürsən ki, hökumət vətəndaşın qayğısına qalır, reputasiyası mənfi olan vəzifəliləri cəzalandırır. Amma reallığa nəzər salanda görürsən ki, gətirilən arqumentlər əsassızdır.
Çünki, cəmiyyətdə mənfi reputasiyası olan təkcə Laçının və Cəbrayılın icra baçıları deyil. Demək olar, bütün icra başçılarına münasibət mənfidir. Hamısı aşırı dərəcədə varlanıblar, rayon ərazisində əsas işlək obyektləri ələ keçiriblər və hamısı təkəbbür saçır. Bugünə qədər mətbuatda onlarla icra başçısı haqqında şok faktlar yer alıb, icra başçılarının biznes imperiyası ictimailəşib, icra başçılarının harın övladlarından söhbət açılıb və s. Amma hər dəfə mənfi reputasiyalı icra başçıları başqa bir rayona təyinat almaqla “cəzalanıb”.
Təkcə icra başçılarının üstündə fokuslanmaq da ədalətsizlik olardı. Komitə sədrləri, nazirlər, adminstarasiya komandası haqqında da xeyli faktlar var. Bəs, ölkə başçısı inhisarçı naziri, dövlət əmlakını su qiymətinə satışa çıxaran komitə sədrini, rüşvət qarşılığında günahsız insana hökm oxuyan hakimi niyə cazalandırmır? Kobudluğa görə ad çıxarmış Tağı Əhmədovu YAP-ın rəhbərliyinə niyə gətirdilər? Harınlığı dillər əzbər olan nazir övladları niyə “qırmızı işıq”a düşmədi?
Belə çıxır ki, ünvanlı sosial yardımın 6 ayını rüşvət kimi alanlar, Qarabağ qazisini intihar həddinə çatdıranlar, ofşorlara pul çıxaranlar prezidentin etimadını doğruldub? Yaxud itkin düşmüş neftçi ailələrini qəbul etməyən ARDNŞ rəhbəri, tələbəyə rüşvət maşını kimi baxan Universitet rəhbəri prezidentin etimadını doğruldub? Bəlkə, dövlət xəstəxanalarında bütün xidmətlərin pullu olmasına, xəstənin var-yoxdan çıxarılmasına görə də Səhiyyə naziri etimadı doğrultmuş sayılır?
Ümumiyyətlə, cənab Nağdəliyev əhali arasında nüfuzdan düşməyən hansısa kadrın adını çəkə bilərmi? Doğrudan da Laçının və Cəbrayılın icra başçıları sadalananlara görə vəzifədən çıxarılıbsa, o zaman bütün postlarda vakansiya yaranmalıdır. Çünki, bütün vəzifəli şəxsləri eyni xarakter birləşdirir.
Ona görə də Zeynal Nağdəliyev izahat versin ki, etimadı itirmiş icra başçılarının, vəzifəyə davam edənlərlə fərqi nədədir. Biz bu fərqi tapmaqda çətinlik çəkirik.