Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

AzTV çalxalanır

22-02-2016, 10:25   
AzTV çalxalanır



AzTV-də nələr baş verir. Əslində təzə heç nə. Eyni idarəçilik, eyni ayrı-seçkilik, eyni yaltaqlıq, eyni də pul-para qazanmaq həvəsi və amacı. Min illərin AzTV-sidir-çulunu dəyişib, məzmunu, mahiyyəti olduğu kimi qalır. “Köhnə hamam, köhnə tas”, üstəlik, tas deşilib və hər şeydən xəbərdar keçmiş aztv-çi (keçmiş aztv-çi olmur) Qulu Məhərrəmli tasın deşilmə səbəblərini açıqlayıb.

Birinci yazı


Professor Qulu Məhərrəmlinin televiziyanın 60-illiyində, indiki nəslin sevimli Valentin günündə saytlardan birinə müsahibəsi AzTV və onun çevrəsində (ITV, Mədəniyyət, Idman kanallarında) bomba kimi partlayıb. Hədəfə tuşlanmışdı, dəyib də. Qulu müəllim “durnanı gözündən vurub”, “arı yuvası”na əl uzadıb, sancmalara dözməlidir. O müsahibəni oxuyan, nə zamansa ən azı üçcə ay AzTV-də çalışan hər kəs yazılanların yalan, böhtan olmadığını bilir.

“Kuklalar”

Sədrliyə təzə gələndə “azı beş il burdayam”, deyib sədrlik müddətini on ilə çatdıran və deyəsən, zamanının dolduğunu hiss edən Arif Alışanov gerçəklərin üzünə oxunmasından necə təlaşlanıb başını itiribsə, əlaltılarına hücum əmri verib. Əbdürrəhman Vəzirovun, Ayaz Mütəlibovun zamanında olduğu kimi, işçilərini bir yerə yığdırıb Qulu Məhərrəmlini təhqir videosu hazırlatdırıb. Deyəsən, AzTV-də verdirməyə risk etməyib, internetə ötürüb. Alışanov eyni kampaniyanı AzTV-də keçmiş sədrlər Elşad Quliyevə və Nizami Xudiyevə qarşı da aparıb. Isterik reaksiya onu göstərir ki, professor Məhərrəmli sözünü zamanında və yerində deyib. Əminik, belə bir yazı on il qabaq yazılsaydı, əlbəttə, yazanlar olub da, Alışanovun tükü də tərpənməzdi. Beş ilin pulunu qabaqcadan ödədiyinə görə “problem yoxdu”. Indi isə vaxt daralır. “Srok bitir”. Ümid “saman çöpü”nədir. Çoxları tanıyır, professor Qulu Məhərrəmliyə qarşı çıxanlar “çörəyi Alışanovun əlində olanlardır” – aybaay ondan “konvert” alanlar, televiziyada rüşvətin başında duranlar və rəhbərlik etdikləri redaksiyalarda, müxtəlif layihələrdə dövlət pulunu mənimsəyənlər, özgə hesabına yaşayanlar, əlacsızlıqdan sürünməyə dözənlərdir. Onları bir neçə qrupa ayırmaq olar: işverənlər, yaltaqlar, Qulu müəllimdən narazılar, tərbiyəsizcəsinə danışmağı özlərinə şərəf bilənlər, alçala-alçala yaşamağı həyat tərzinə çevirənlər, Alışanova maddi və mənəvi borcu olanlar, vəzifədən çıxarıldıqlarına görə sədrdən narazı olsalar da bunu ört-basdır etməyə çalışanlar, zorən danışdırılsalar da ölçü hissini qoruyanlar (qruplar daha geniş). Baxın, dövlət televiziyasında rəhbər vəzifələrdə hansı düşüncədə və hansı əxlaqda insanlar çalışır. Mənəviyyatımız raufkimilərin ümidinə qalıb. Toxunması Qulu Məhərrəmlidən uzaq, “kül başına Hitler, gör üstünə kim gəlir”. Hansısa sözdə haqlı olsa belə, işçinin rəhbəri tərifləməsi yaltaqlıq, rəhbərin işçini tərifləməsi ona verilən dəyərdir, şərəfdir. Mətbuatda bəlkə də Ziya Məmmədovdan, Misir Mərdanovdan, Tağı Əhmədovdan çox tənqid edilən məmur yoxdu, onların heç biri saytlara pul verib əlaltılarına özlərini təriflətmədilər. Otuz nəfəri 2 saat 45 dəqiqə danışdırıb özünü təriflətmək zəiflik, çarəsizlikdi. Sədrə yaltaqlanmadan AzTV-də maaşlı işdə çalışmaq mümkün deyil. Qulu Məhərrəmliyə qarşı etirazçıların içində aylıq maaş almayan yoxdur. Bilməyənlərə xatırladaq, AzTV-də texniki işçilərdən və rəhbər vəzifədə çalışanlardan savayı heç bir jurnalist əmək haqqı almır. Iki aydan bir dəyişən “Domokl qılıncı”- əmək müqaviləsi ilə çalışan, sərbəst iş günü yerinə səhər saat 9-da və axşam saat 18-də jurnala qol çəkən insanlar ayda 100-150 manat qonorara işləyir. Qabaqlar heç olmasa qonorar 200-250 manata çatırdı, Avropa oyunlarından sonra verilişlər, paralel olaraq qonorarlar yarıbayarı azaldılıb. Insanları sədrin xeyrinə danışmağa məcbur edən mənəvi ehtiyac deyil, işini itirmək qorxusudur.

Prezident gözləyir

Heydər Əliyev prezidentliyi dövründə onunla birgə səfərə gedən telejurnalistlərdən ikisini ayrıca dəyərləndirirdi: Qənirə Paşayevanı və Qulu Məhərrəmlini – bunu orta yaşlı insanlar yaxşı bilir. Qulu Məhərrəmlinin ən yüksək keyfiyyəti, üstünlüyü jurnalistikanın Qızıl Qanununa – tərəfsizliyə əməl etməyi bacarması, “Qızıl orta”nı qoruya bilməsidir. Sanbalı, təmkini, savadlı nitqi ilə seçilir. Onu hakimiyyətdə də qəbul edirlər, müxalifətdə də, hakimiyyətdən, müxalifətdən kənar dairələrdə də. Alışanova isə dözürlər; sadəcə yuxarılar ondan istifadə edir, işçiləri qorxurlar. Onun yuxarıları aşan, aşağıları kəsən bir silahı, dayaq nöqtəsi var: çoxlu pul.

Əslində AzTV-nin yubileyinin dövlət səviyyəsində qeyd edilməməsi Alışanova münasibətin göstəricisi, sonun başlanğıcıdır. Deməli, yuxarılarda müəyyən rəy var. Ola bilməz ki, dövlət televiziyasının sədri barədə bu qədər tutarlı və açıq imza ilə yazılmış bir yazı diqqətdən yayına. Qabaqlar belə idi, mətbuat xülasəçiləri prezidentə nəyi çatdırırdılarsa, ondan xəbərdar olurdu. Şükür, indi internet ortamında gizli-saxlanc mümkün deyil. Alışanovun yanında “gözükölgəli” olan PA-çılar, Ramiz Mehdiyev, Əli Həsənov nə qədər gizlətməyə çalışsalar da Ilham Əliyev, ya ailəsindən kimsə Alışanovun əməllərindən, Qulu Məhərrəmliyə qarşı iyrənc kampaniyadan mütləq xəbərdardır. “Alışanovun hücumu” əks-effekt verəcək, prezident televiziya əməkdaşlarını şəxsi məqsədləri üçün vasitə edən, tabeçiliyində olan kəslərin müdafiəsinə möhtac qalan dövlət televiziyasının sədri A.Alışanovu mütləq cəzalandıracaq. Yaxın günlərdə olmasa da, yaxın aylarda bu baş verəcək. Ən azı o məntiqlə ki, Əbülfəz Qarayev ona şeir həsr edən şöbə müdirini vəzifədən qovur, A.Alışanov vəzifədə olan işçilərini sıraya düzüb özünü təriflədir. Məmurlar prezidentin dəstəklədiyi Qarayevdən örnək götürməlidirlər, onun başını aşağı edən Alışanovdan yox. Azərbaycanı cənginə alan iqtisadi böhrandan çıxış yolları axtararaq vergi, gömrük rüsumlarını artıran prezident Ilham Əliyev AzTV sədri, maliyyəçi Arıf Alışanovu “silkələsə”, “üstündən” – xaricdəki hesablarından, ailə büdcəsindən, qohum-əqərbasının adına rəsmiləşdirdiyi əmlakdan, gizli seyflərdən nələr tökülər, Allah bilir. Bəlkə də büdcənin bir illik gəliri.

Azad

P.S.Qulu Məhərrəmli ilə Arif Alışanovun dostluğu niyə düşmənçiliyə çevrildi – gələn yazıda biləcəksiniz.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar