Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qarabağı “Naz-Lifan”la alacağıq?

2-02-2016, 10:19   

Əliyevin çağırışı bir ölkəni deyil, bir müəssisəni böhrandan çıxarmaq üçündür

Ölkə başçısı Ilham Əliyev yanvarın 26-da keçirdiyi müşavirədə məmurları Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsal etdiyi “Naz-Lifan” markalı avtomobillər sürməyə çağırdı. Ölkə başçısının bu çağırışı müzakirə mövzusuna çevrildi və müxtəlif yanaşmalar, mövqelər ortaya çıxdı. Xüsusən də sosial şəbəkələrdə bu xəbər ironiya ilə qarşılandı, karikatura mövzusuna çevrildi.

Məsələ burasındadır ki, ölkə başçısının bu çağırışından sonra hökumət komandasında kampaniyaçılığa start verildi. Məlumat yayıldı ki, bəzi icra başçıları “Naz-Lifan” markalı avtomobillər alıb. Hətta Müdafiə Nazirliyinin 50 ədəd “Naz-Lifan” aldığı bildirildi. Görəsən, Müdafiə Nazirliyinin “Naz-Lifan”a nə ehtiyacı var? Qarabağı “Naz-Lifan” markalı avtomobillərlə azad edəcəyik? Əgər nazirlik “Naz-Lifan” alırsa, o zaman digər xidməti avtomobillər satılsın və büdcəyə daxil edilsin.


Amma bu yazının əsas məqsədi, bir məqama aydınlıq gətirməkdir. Həqiqətənmi, məmurların “Naz-Lifan” avtomobili alması anti-böhran tədbiridir? Məmurların “Naz-Lifan” alması islahat hesab oluna bilərmi?

Ölkədə böhran hökm sürür, iqtisadi göstəricilər aşağı düşüb, radikal islahatlara ehtiyac var və belə bir vaxtda ölkə başçısı “”Naz-Lifan” almaq lazımdır” göstərişi verir. Hansıki, vəziyyətdən çıxmaq üçün monopoliyalar ləğv olunmalı, oğurlanmış pullar ölkəyə qaytarılmalı, sahibkarlara münbit şərait yaradılmalı, vətəndaşa müəyyən güzəştlər edilməlidir. Yəni, ən ağır vəziyyətdə də hökumət gözləntiləri doğrultmadı. Guya, məmurlar “Naz-Lifan” alanda, kabinetlərinə yerli istehsal olan mebel yerləşdirəndə nə dəyişəcək? Dünənə qədər 10 ədəd avtomobili olan məmur, bu gün üstəlik “Naz-Lifan”a da sahib olacaq. Bütün bundan ölkə vətəndaşı, ölkə iqtisadiyyatı nə qazanacaq? Axı məmurların yerli istehsal məhsullarını alması dövrü əməliyyat deyil, məhsulun ixracı anlamına gəlmir. Tutaq ki, 1000 ədəd “Naz-Lifan” alındı, bəs bundan sonra o avtomobilləri kim alacaq.

Görünən budur ki, ölkə başçısının məmurlara çağırışı ölkəni deyil, bir müəssisəni böhrandan çıxarmaqdı. Bəli, məmurları yerli istehsalın alışına yönəltmək, məhsulun məcburi satışı deməkdir və bu alış-verişdən şəxslər faydalanacaq.

Əgər “Naz-Lifan” avtomobili, yerli istehsal olan mebellər dünya bazarına çıxarılsaydı, ixrac edilsəydi, bunu müsbət hal kimi qəbul etmək olardı.

Ən əsası isə budur ki, lazımsız xərclərin azaldılmasının, qənaət rejiminə keçməyin zəruri olduğu bir vaxtda belə bir çağırış, büdcənin yenidən boşladılması deməkdir. Belə ki, hər nazirlik 50 avtomobil alırsa, bu dövlətin vəsaiti hesabına alınacaq. Bir daha təsdiq olunur ki, “hamı yerli mal alsın” çağırışı, “xeyir şəxsi ciblərə qalsın” nəticəsini əldə etməyə hesablanıb.

Bu da hökumətimizin iqtisadiyyatı dirçəltmək təşəbbüsü. Dünya bazarına çıxmağın yollarını axtarmaq, idxaldan asılılığı azaltmaq əvəzinə, fürsətdən şəxsi mənfəət üçün yararlanırlar. Böhrandan çıxmaq üçün məmurlara “”Naz-Lifan” alın” çağırışı etmək yox, “oğurladıqlarınızın 1 fazini büdcəyə qaytarın” çağırışı etmək lazımdır.

Samir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar