Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Etiraz aksiyaları iri ticarət mərkəzlərinə sıçradı VİDEO FOTO

2-02-2016, 05:58   
Etiraz aksiyaları iri ticarət mərkəzlərinə sıçradı VİDEO FOTO
«Moskva» univermağında və «Karvan» ticarət mərkəzində sahibkarlar ayağa qalxdı

Bakıdakı “Moskva” univermağında etiraz aksiyası keçirilib. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Məlumata görə, dünən univermaqda sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar icarə haqlarının artırılmasına etiraz ediblər. Bəzi sahibkarlar etiraz əlaməti olaraq, köşkləri boşaldıblar.

Univermaq rəhbərliyi sahibkarları qəbul etməkdən və danışıqlardan imtina edib.


Virtualaz.orgun əməkdaşı univermaqda olub. Aksiya iştirakçısı Aygün Məmmədova bildirib ki, 2000 manat yer haqqı verir. Devalvasiyadan sonra satış dayandığından yer pulunu verə bilmir.

Digər satıcı Əli Babayev isə bankdan kredit götürərək zinət əşyaları aldığını deyib: “Buradakı satıcılardan əksəriyyətinin banklara borcu var. 60 metrlik sahəyə görə 1500 manat veririk. Bundan əlavə, satıcıya da maaş veririk. Vitrinin yerləşdiyi yerə görə 1300 manatdan 2000 manatadək yer haqqı ödənilir. Univermaqdakı vitrinlərin hamısı boşaldılıb”.

Satıcılar bildiriblər ki, bir neçə dəfə yer haqqının azaldılmasını tələb ediblər. Lakin tələbləri yerinə yetirilməyib. Onlara güzəşt edilməyəcəyini, razı olmayanların univermaqdan çıxmasını deyiblər. Buna görə də, satıcılar aksiyaya başlayıblar.

Virtualaz.org saytının əməkdaşlarına yaxınlaşan və özünü univermağın işçisi kimi təqdim edən şəxs isə aksiyanın olmadığını deyərək, jurnalistləri otağına dəvət edib. Onun sözləri isə aksiya iştirakçılarının qəzəbinə səbəb olub. Aksiya iştirakçıları bildiriblər ki, yer haqları azalmayanadək aksiyalar davam edəcək.



Satıcı Cavid Məmmədov da ayda 500 manatlıq alver olduğunu, amma 1500 manat yer haqqı verdiyini deyib: “Dollar bahalaşandan sonra qiymət qalxıb. Nəticədə, alıcı qıtlığı yaranıb. Paytaxtın heç bir ərazisində bu cür bahalaşma yoxdur. Amma rəhbərlik vəziyyətimizi nəzərə alıb güzəşt etmir”.

Dünən həmçinin Sumqayıtdakı “Karvan” ticarət mərkəzində mağaza sahibi olanlar da yenidən etiraz aksiyası keçiriblər. Onlar Mərkəzin rəhbərliyindən icarə haqlarının azaldılmasını tələb ediblər. Bildiriblər ki, bazar rəhbərliyi icarə haqlarını 50 faiz enidrəcəyini vəd etsə də, vəd yerinə yetirilməyib.

Bundan sonra ticarət mərkəzində sahibkarlarla bazar rəhbərliyi arasında görüş başlayıb. Görüşdə yenidən 50 faizlik endirim haqda razılıq əldə olunub. Ancaq bu, icarə haqqını əvvəl 500 manat ödəyənlərə aiddir. Onlar 250 manat ödəyəcəklər. 1200 manat icarə haqqı ödəyənlərlə isə ayrı danışıq olacaq.

Görüşdə Sumqayıt Şəhər Icra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov da iştirak edib.

Icra hakimiyyətindən “Azadlıq” radiosuna bildiriblər ki, onların nümayəndəsi görüşdə iştirak edir. Ancaq bu haqda hələ hər hansı məlumat verə bilməzlər.



Bundan əvvəl də “Karvan” ticarət mərkəzində bir neçə dəfə etiraz aksiyası keçirilmişdi. Etirazçılar əvvəlcə bildirmişdilər ki, Sumqayıt Şəhər Icra Hakimiyyətinin əməkdaşları onların mağazalarını sökmək istəyirlər. Icra hakimiyyətindən isə bunu təkzib etmişdilər. Sonradan sahibkarlar daha bir neçə dəfə yığışıb icarə haqlqarının yüksək olmasına etiraz etmişdilər.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar