Sizin Reklam Burada
Tel: 050 378-66-61

"Aparıcı Zaurun, Elgizin yaxşı karikaturası olar" - "Bir sənətkar var" layihəsi, FOTOLAR

14-04-2015, 18:46   

Ölkəmizdə yetərincə bacarıqlı, maraqlı əsərlər ərsəyə gətirən, müxtəlif sənət ustaları var. Hansı ki, onların böyük əksəriyyətini heç kim tanımır. Onların əl işləri ilə tanış deyillər.

Musavat.com olaraq, bu kimi vətəndaşlarımızı sizlərə tanıtmaq qərarına gəldik. Və yeni layihəyə başladıq: "Bir sənətkar var"

Layihəmizin növbəti qonağı Şirin dayıdır. Adı kimi, söhbəti də şirin olan Şirin Cəfərov, Qubadlıda anadan olub və hazırda 56 yaşı var. 46 ildir ki, rəsm çəkməklə məşğuldur. Öz dili ilə desək, elə dünyaya gələndən... Hazırda İçəri Şəhərdə çalışır.

Onu təsadüfən tanıdıq və müsahibə zamanı anladıq ki, bir zamanlar internetdə dolaşan məşhur bir fotodakı karikatura ustası elə Şirin dayı olub. Yəqin ki, onu tanımaq və əl işləri ilə tanış olmaq sizin üçün də maraqlı olacaq.

- Şirin dayı, nə zamandan bu sənətə başlamısan? Ümumiyyətlə, niyə karikatura..?

- Rəsm çəkməyə həvəsim 6-7 yaşımdan olub. Bu sənət mənə dayımdan və anamdan keçib. Dayım ev təmir edirdi. Divarlarda müxtəlif fiqurlarda işlər görürdü. Məni də özü ilə aparırdı. Onun etdiyi divar naxışlarına baxdıqca heyran qalırdım. Və bundan əlavə anamın yorğan-döşək üzərində, corablarda etdiyi naxışlara baxa-baxa bu sənətə həvəsim yarandı. Və başladım. Hətta 5-ci sinifdə oxuyanda orta məktəbdə artıq sərgim keçirilmişdi.



Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və Vilnus Rəssamlıq Akademiyasını bitirmişəm. Amma bütün bunlar asan olmayıb. İlk ildə mənim sənədlərimi götürməmişdilər. Getdim Sumqayıta... Orada Cəfər Cabbarlı adına Rəssamlıq Dərnəyinə üzv oldum. Orada Krassikov soyadlı güclü rəssam var idi. Mən onun tələbəsi oldum. O, mənə bu sahədə uğur qazanmağın yollarını öyrətdi. Bundan sonra Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil ola bildim.



Oranı bitirdikdən sonra İncəsənət Universitetinə sənəd verdim. Bu ərəfələrdə Bakıda bir parkda yaşlı, saçları ağarmış bir kişi ilə tanış oldum. Parkda əyləşib, rəsm çəkirdi. Litva vətəndaşı idi. Mənə dedi ki, "Əgər qəbul olmasan, gələrsən Litvaya..." Elə də oldu. Qəbul ola bilmədim və çox pis oldum. Ona görə də, getdim, Litvaya... Həmin adam məni qarşıladı. Birlikdə işlər gördük. İşlədim. Sonra orada da evləndim. Sonra Polşaya getdim. Ailəmlə birlikdə orada yaşamağa başladım. 15 il orada yaşadım. 2005-ci ildə isə Azərbaycana qayıtdım. Bakıda müəllim kimi də işləmişəm. ABU-də işləyirdim. Ora bağlanandan sonra burada işləyirəm.



- Bəs, indi tələbələriniz varmı?

- Təbii ki, olub və indi də var. Gəlirlər-gedirlər. Öyrədirəm. Mənim üçün bu, fəxrdir. Mən onlara öyrədirəm, onlar da başqalarına öyrədəcəklər. Nəticədə sənət davam edəcək. Bundan gözəl nə ola bilər?



- Həmin foto yaman yayılmışdı. Onun hekayəsi necədir?

- Həmin fotonun tarixi 4 ilə dayanır. Deməli, yay ayları idi. Bu əraziyə baxan və dostumuz olan bir polis əməkdaşı ilə söhbət edirdik. Elə gətirdi ki, mən onun karikaturasını çəkəsi oldum. Fotonu da burada papaqçı işləyən dostumuzun oğlu çəkib. Sonra bir də gördük ki, internetdə yayılıb və hamı bu fotonu müzakirə edir.



- Bu zamana kimi tanınmış adamlardan kiminsə karikaturasını çəkmisiniz?

- Mən Polşada olanda ölkənin voleybol komandasının hər bir oyunçusunun karikaturasını çəkmişəm. Onları çərçivəyə salıb, divardan asıblar. Azərbaycanda isə bir çox tanınmış şəxslərin karikaturasını çəkmişəm. Bəziləri burada var. Xatirə üçün saxlamışam. Əl işlərimin sayı o qədər çoxdur ki, nə qədər olduqlarını, kimləri çəkdiyimi, artıq unuduram. Əl işlərimin cəmisi 10 faizini Bakıya gətirə bildim. Qalanları hamısı Polşada, Latviyada qalıb.




- Hansı karikaturanızı almaq istəsələr, satmazsınız?

- Uzun illərdir ki, özümlə gəzdirdiyim bir əl işim var. "Mister Binin" karikaturası... Onu çox böyük əziyyətlə çəkmişəm. Onu uzun müddət incələmişəm. Üz cizgiləri və onun ifadələri çox önəmlidir. Bir neçə dəfə istəyiblər, satmamışam. Hətta bir dəfə yanıma bir turist gəldi və onu istədi. Mən sata bilməyəcəyimi dedim. O da heç olmasa, bənzərini yaratmağımı xahiş etdi. Mən də oxşarını yaratdım və verdim.



- Bəs, kimin karikaturasını çəkmək istərdiniz? Hansı ki, mümkün deyil və ya çətindir.

- Mən Barak Obamanın belə karikaturasını çəkmişəm. Ürəyimdə bir neçə adam var ki, onların karikaturasını böyük məmnuniyyətlə çəkərdim. Amma alınmaz. Ümumiyyətlə, Azərbaycanda karikaturanı yanlış anlayırlar. Bunu normal qəbul edə bilmirlər. Hətta təhqir kimi qəbul edənlər də var. Misal üçün bir nəfər özünün yaxın adamının fotosunu gətirdi və onun portretini çəkməyimi istədi. Hədiyyə edəcəkdi. Mən də çəkdim. Bir neçə il sonra həmin əl işimi bayıra da qoydum. Amma həmin adamı tanıyan bir neçə şəxs küçədən keçəndə portreti görüblər. Aləmi qatıblar, bir-birinə... Az qalıblar ki, portreti cırsınlar. Bu, hələ portret idi. Ona görə də, tərəddüd edirəm. Amma aparıcı Zaurun, Elgizin yaxşı karikaturası olar. İnciyərlər, deyə qorxuram.



P.S. Suallarımızı bitirib, keçirik əl işləri ilə tanışlığa... Şirin dayı bizə çəkdiyi karikaturaları, rəngli boya ilə yaratdığı rəsmləri bir-bir göstərir.

Onun haqqında Polşada, Litvada dəfələrlə yazılar dərc edilib. Hətta qəzetdə çıxan yazıların bəzilərini hələ də saxlayır.

Ümumiyyətlə, bu sənətkarla söhbətə doyum yoxdur. Onu yaxşı tanımaq, əl işləri ilə tam yaxından tanış olmaq üçün gərək, bir çayını içəsiniz. Onun balaca da olsa, amma böyük işlərin görüldüyü emalatxanasına baş çəkəsiniz...

Məhəmməd TÜRKMƏN,
Fotolar müəllifindir.




"Aparıcı Zaurun, Elgizin yaxşı karikaturası olar" - "Bir sənətkar var" layihəsi, FOTOLAR
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar