Sizin Reklam Burada
Tel: 050 378-66-61

Biləsuvar gömrüyündə təhqir olunan qadın Aydın Əliyevdən kömək istəyir

11-02-2015, 20:01   
Biləsuvar gömrüyündə təhqir olunan qadın Aydın Əliyevdən kömək istəyir

Şikayətçi İlahə Ələkbərova: “Aydın Əliyevdən başqa heç kim bu özbaşınalığa son qoya bilməz”

“Yeni Müsavat” qəzetinin 26 yanvar sayında Biləsuvar gömrüyündə Bakı şəhər sakini İlahə Ələkbərovanın zorakılığa məruz qalması, təhqir edilməsi ilə bağlı yazı getmişdi. Qadının dediklərinə əsasən, yazıda göstərilmişdi ki, gömrük əməkdaşları tərəfindən İlahə Ələkbərovaya əxlaqsız təkliflər edilmişdi.

Başına gələnlərlə bağlı zərərçəkmiş Dövlət Gömrük Komitəsinə müraciət etmişdi. Komitədən işin araşdırılacağı, gömrük əməkdaşlarının məsuliyyətə cəlb olunacağı bildirilmişdi. Lakin hadisədən yarım ay sonra alver məqsədi ilə yenidən İrana gedən İlahə Ələkbərova Biləsuvar Gömrüyünün əməkdaşları tərəfindən növbəti zorakılığa məruz qalıb. Belə ki, o, bildirib ki, şikayət edib, baş verən hadisəni ictimailəşdirdiyinə görə yenidən təhqir edilib.

Bu barədə İlahə Ələkbərovanın özü musavat.com-a məlumat verib: “İrana keçəndə mənə mane olmadılar. Qayıdanda isə, növbə var idi. Qanuni qaydada növbəyə durdum. Özümü tamam sərbəst aparırdım. Şübhəli heç bir hərəkət etmədim. Növbə mənə çatanda, adi qaydada monitordan keçdim. Orada duran oğlan çantamın dağıdılacağını bildirdi. Buna etirazımı bildirdim. Dedim ki, başqa insanları niyə yoxlamırsınız, yalnız məni yoxlayırsız? Açıqca dedilər ki, ikinci dəfə sizi yoxlamaq tapşırığı verilib. Hətta rişxəndlə bildirdilər ki, birinci dəfə bizdən mətbuatda yazı verdirdin, rütbəmizi artırdılar. İkinci dəfə versən, vəzifəmizi artıracaqlar. Bu sözlərdən sonra anladım ki, baş verənlər barədə mətbuata xəbəri verdiyimə görə, belə hallarla üzləşirəm. Acıqca mənə onu da dedilər ki, bizdən nə qədər yazsan, işin ağırlaşır. Mənə hədə-qorxu gəldilər. Məni yoxlayan qız bildirdi ki, sizin yazınızı internetdən oxumuşam, heç bir qarışacağım yoxdur, əmr verilib, işimi görürəm. Qız etiraf etdi ki, məni yoxlamaq onun üçün təhqirdir. Yoxladılar, təmiz çıxdım. Akta yazıldı ki, üzərimdən heç nə tapılmayıb. Sanki mən cinayətkar imişəm, xəbərim yoxdur. Belə söz işlətdilər ki, guya narkotik istifadəçisiyəm. Guya İrana da bu məqsədlə gedirəm. İrandan gətirdiyim əşyalara baxıb, deyirlər ki, alver ərzaqlarına oxşamır. Açıqca məni ilişdirmək istəyirdilər”.

Şikayətçi qadın gömrük əməkdaşlarının ona hədə-qorxu gəldiklərini də qeyd etdi: “Nazirliyə müraciət edəcəyimi dedim. Qarşılığında “Kimə istəyirsən şikayət et, arxamızda duranlar sənin şikayət etdiklərindir”cavabını verdilər. Bunlar özləri üçün qanun yaradıblar. Mənə hədə-qorxu gəlib, deyirlər ki, sənin hələ də bura gəlmək fikrin var? Qorxmursan? Bildirdim ki, heç nədən qorxmuram. Qan analizi verəcəm. Çünki onlar hər an məni ilişdirə bilərlər. Qan analizini Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə göndərəcəm. Qəzetiniz vasitəsilə Aydın müəllimə müraciət edib, kömək istəyirəm. Hər gün minlərlə vətəndaş mənim kimi təhqir olunur. Bu ölkənin bir rəhbəri var. Hamı özünü rəhbər sayırsa, o zaman biz kimin rəhbərliyini qəbul edək? Bir gömrükdə baş verənlər, əslində ölkədəki vəziyyətdən xəbər verir. Gömrük məntəqələrinin hamısında eyni vəziyyətdir. Xahiş edirəm ki, buna son qoyulsun. Aydın Əliyevdən başqa kimsə bu özbaşınalığa son qoya bilməz. Komitəyə müraciət edəndə demişdilər ki, Aydın Əliyevə müraciət et. Fevralın 8-də üzləşdiklərim, yanvarda olanlardan geri qalmırdı. Narkotik axtarmaq bəhanəsi ilə şəxsiyyətimizi alçaldıb, təhqir etdilər”.

“Biləsuvar gömrüyündə məni zorlamaq istədilər” sərlövləli və “Yeni Müsavat” qəzetinin 26 yanvar sayında dərc olunan yazını aşağıdakı linkdə oxuya bilərsiniz:
/musavat.com/



Cavanşir ABBASLI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar