Sizin Reklam Burada
Tel: 050 378-66-61

“Bilmirsən, kinoya gəliblər, ya öpüşməyə...” - REPORTAJ

27-01-2015, 23:00   

“Mən kinoteatra ayrılan vaxtı itirilmiş saatlar hesab edirəm. Üstəlik, ilin-günün bu saatında. Arzuladığın filmlərə indi internetdə zövqlə baxmaq olur. Ürəyin istədiyin vaxt filmi dayandırıb, özünə çay süzürsən. İstəyəndə qabağa fırlada bilirsən. Üstəlik, yanında ürəyin istəmədiyin adamlar da olmur. Kinoteatrda xısın-xısın öpüşəni var, hündürdən danışanı, filmi təhlil edəni var. Adamın bütün fikrini dağıdırlar. Bilmirsən, kinoya baxmağa gəliblər, ya öpüşməyə..”

37 yaşlı Kamrana kinoman da demək olar. Ən məşhur film saytlarında yeni yayımlanan filmlərin siyahısını bilir. Keyfiyyətli filmləri haradan tapmaq, endirmək olar... bunu ondan soruşmaq mümkündür. Amma onu Bakı kinoteatrlarına aparmaq mümkün deyil. Elə yazının girişində də bununla bağlı arqumentlərini sadalayıb. Dediyinə görə, azərbaycanlılarda hələ film izləmək mədəniyyəti formalaşmayıb: “Bir çox azərbaycanlılar hələ də anlamır ki, filmə baxa-baxa onu təhlil eləmək olmaz. Orda aktyorun dediklərini təkrarlamaq, ya da telefonla danışmaq ayıbdır. Gedirsən kinoya, kinonun şirin yerində kiminsə telefonu hündürdən zəng çalır. Baxırsan ki, cavan uşaqdır, götürüb başlayır danışmağa. Adama evində öyrətməyiblər ki, kinodur, teatrdır, konsertdir, belə yerlərdə telefonu səssizə qoymaq lazımdır. Ona görə də ən rahatı kinoya evdə baxmaqdır. Lap iki ay gec bax, amma əsəblərin rahat bax. Və əsas odur ki, bu ətrafdakılar aldığın təəssüratı korlamasınlar”.

Son illər Bakıda insanların kinoteatra getmək ənənəsi yenidən formalaşıb. İllər öncə təmirə görə bağlanan, ya da “ölü afişa”larla tamaşaçını aldadan, bir az kobud desək, gənclərin öpüşmək yerinə çevrilən kinoteatrlar öz təyinatına geri qayıdıb. Artıq kinosevərlər yeni filmləri geniş ekranda, yüksək effektlə, popkorn yeyərək izləməyə başlayıblar.

Hazırda Bakıda ən məşhur kinoteatrlar “Nizami”, “Park Cinema”, “Metro Cinema”, “28 mall Cinema” sayılır. De-fakto adı olan, amma fəaliyyət göstərməyən kinoteatrların sayı isə az deyil. Məsələn, Nəriman Nərimanov metro-stansiyasının yaxınlığında yerləşən “Nərimanov” kinoteatrının binası mövcud olsa da, fəaliyyət göstərmir. 2012-ci ildən etibarən kinoteatr kimi fəaliyyətini dondurub, ticarət obyekti kimi davam edəcək.

“Bakı” kinoteatrı isə Sovet dövründən qalan, təmirsiz vəziyyətdəki binalardandır. Orada gün ərzində hər seansda 5-6 tamaşaçıdan artıq adam görmək olmur.

20 yaşlı tələbə Günel Şahmarova isə tez-tez Bakı kinoteatrlarına gedir. Dediyinə görə, qiymətlər də, oradakı şərait da onu qane edir: “Salonlar səliqəlidir, adam kinoya da geniş ekranda baxır. Amma ən gülməlisi oradakı popkorn, suyun qiymətidir. Məsələn, gedirsən kinoya, biletin qiyməti 4 manatdır, popkornunku da 4 manat. Bütövlükdə isə 8 manat sərf edirsən bir kinoya. Nə qədər ədalətlidir?”.

Vüqar Şahbazov isə Bakı kinoteatrlarının film seçimindən çox narazıdır. Dediyinə görə, kinoteatrlar bir qayda olaraq Türkiyənin keyfiyyətsiz filmlərinə və son illər çəkilən şit Azərbaycan komediyalarına yer verir: “Bu seçim nəyin əsasında aparılır, anlamaq mümkün deyil. Mən “Receb İvedik” adlı personajın tərbiyəsiz sözlərinə baxmağa məcbur deyiləm. Eləcə də digər azərbaycanlı gənclər. Ya da Özcan Dənizin Türkiyədə uğur qazanmayan filmlərini bəh-bəhlə bizə təqdim edirlər. Halbuki Hollivudda hər il necə gözəl filmlər çəkilir. İran, gürcü filmləri var, onları tanıtsınlar. Səviyyəsiz melodramlar, şit kinokomediyalarla insanların zövqünü korlayırlar. Hollivud filmlərinin isə eləsini seçirlər ki, onları artıq internetdə tapmaq mümkündür. O halda bu seçimin mənası nədir?”.

Kinorejissor Ayaz Salayev isə mediaya açıqlamasında deyib ki, son illər kinoteatra maraq yenidən alovlanıb. Onun fikrincə, bu, yerli kino istehsalçılarına xarici filmlərlə rəqabət aparmaq imkanı yaradır: “Kinoteatra maraq tamamilə sönmüşdü. Amma bir neçə il olar ki, kinoteatra maraq yenidən dirçəlir. İnsanlar başa düşürlər ki, filmi böyük ekrandan izləməyin başqa bir ləzzəti var. Çox yaxşı haldır ki, milli filmə də maraq artır. Kinoteatrlara olan marağın artması yerli kino istehsalçıları üçün də yaxşı stimuldur. Onlar daha yaxşı filmlər çəkməlidirlər ki, tamaşaçılar xarici filmlərlə yanaşı, onları da izləsin”.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə bildirib ki, gələcəkdə dövlət tərəfindən iki kinoteatrın tikilməsi nəzərdə tutulur. Kiçik zallardan ibarət kinoteatrlar tamaşaçılar üçün daha maraqlıdır: “Dövlət kinoteatrların yenidən təşkili və sayının artırılması ilə bağlı bir sıra işlər həyata keçirəcək”.

Kinoteatrdan danışıb, Bakıda IMAX kinoteatrından yan keçmək olmaz. Zaqafqaziya regionu üzrə ilk dəfə Azərbaycanda IMAX kinoteatrı “Flame Towers”-də açılıb.

Bu kinoteatr yalnız böyük ekran, kristallik görüntü və güclü səs effekti ilə deyil, həm də ən son texnologiyası ilə film pərəstişkarlarını sevindirir.

IMAX-ın əsas xüsusiyyətlərindən olan böyük ekran, rəqəmsal səs sistemi və böyük 3D texnologiyası filmi daha real edir.
Qiymətlər isə başqa kinoteatrlara baxınca nisbətən bahadır, lakin IMAX texnologiyasında 3D daha real və inanılmazdır. Burda qiymətlər 9 manatdan başlayıb, 43 manata qədər davam edir.

Əsli
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar