Sizin Reklam Burada
Tel: 050 378-66-61

Cənab Prezident, xilas et bizi! - Zaur Mikayılovun xalqa Kərbəla müsibəti

Dünən, 10:22   






Bakıda bir həftədən çoxdur ki, Kərbəla müsibətinə oxşar su dramatizmi yaşanmaqdadır. Kimsə danışmır, kimsə dinmir, açıqlama, izahat verən yox, səbəb açıqlanmır, yalnız efirlərdə, sosial şəbəkələrdə əlində qablarla su axtarmağa gedən çarəsiz camaatı, bağları, ağacları sulayan maşınların isə əhaliyə su satmasını görmək olar. Bu nə rəzalətdir? Bu nə biabırçılıqdır? Niyə bir aydınlıq gətirilmir? Heç olmasa səbəbi açıqlasınlar – qəza olub, əjdaha gəlib, ya kefləri belə istəyir – bir söz desinlər.
Amma saymazlıq, müştəbehlik, əhalini vecinə almamaq davam edir. Bu necə qurumdur ki, ölkənin paytaxtında minlərlə insan susuz qalıb və “ağzına su alıb” danışmır? Sanki yiyəsiz bir strukturdur və idarəetmə deyilən bir anlayış yoxdur. Hələ bir adına baxın – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi.
Adında “su ehtiyatları” olan bir qurumunu nə rezervi, nə ehtiyatı, nə belə çətin şəraitdə alternativi var. Amma yekə-yekə adını inzibati binanın fasadına vurublar. Üstəlik, o bina da əlavə xərcdir. Bir su təsərrüfatına cavabdehlik daşı(ma)yan qurumun o boyda inzibati binası kimə lazımdır? Bu azmış kimi, ona təzəsini də tikiblər... 
Kəsəsi, ADSEA ötən il də eyni fəlakəti yaşatmışdı, bu il də. Sadəcə, keçən il deyildi ki, Oğuz-Qəbələ su kəmərində təmir gedir. İndi isə heç bir məlumat verilmir. Beləcə şəhərin bir çox yerləri yayın 40 dərəcə istisində susuz qalıb. Hətta AzTV, Xəzər TV kimi telekanallar da bu problemi işıqlandırıblar, amma qurum özünü ölülüyə vurub. 
Anxeber.az yazır ki, hazırda Bakının Suraxanı rayonunun Yeni Günəşli, Qaraçuxur və digər əraziləri su üzünə həsrətdir. Həmçinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Ramana və başqa massivlər də eyni zülmü yaşayırlar. Sakinlər deyirlər ki, gün ərzində 1 və ya 2 saatlıq su verilir, o da yuxarı mərtəbələrə qalxmır. Nəticədə ilin ən çox suya tələbat olan mövsümündə paytaxt əhli özünü Kərbəla çölündə hiss edir. 
Eyni vəziyyət Abşeron rayonunun Xırdalan və digər ərazilərində var. Bundan başqa, Nardaran və bir sıra yerlər susuzluqdan əziyyət çəkirlər. Belə vəziyyətdə ADSEA rəhbəri Zaur Mikayılov, onun müavinləri, ictimaiyyətlə əlaqələr şöbəsi mətbuat konfransı keçirməli, medianın suallarını cavablandırmalı, haliyə nə baş verdiyini izah etməlidirlər. Amma özlərini heç nə olmamış kimi aparırlar. Bu da dövlətə, prezidentə qarşı hörmətsizlik, onun xalqla işləmək siyasətinə daban-dabana ziddir. Çünki dövlət başçısı vətəndaşlarla işləməyi, müraciətlərini dinləməyi tapşırır.
Zaur Mikayılov isə tamamilə laqeyd, özünəvurğun şəkildə davranır və Bakının az qala yarısını susuz qoyduqlarına görə hər hansı açıqlama ilə çıxış etmir. Söhbət bir ölkənin paytaxtından gedir. İndiki zəmanədə, texnoloji inkişafın sürətlə getdiyi dövrdə, dünyanın hansı ölkəsinin paytaxtında hər yay millət su problemi yaşayır? Hətta Əfqanıstanın paytaxtı Kabulda indi normal su təminatı var. 
Üstəgəl, nəzərə alınmalıdır ki, su təchizatı strateji məsələdir. Yəni su təsərrüfatının təhlükəsizliyi ordu, sərhəd, müdafiə qabiliyyətini gücləndirmək qədər əhəmiyyətli mövzudur. Amma bu sözləri kimə deyirsən – Zaur Mikayılova?
Bu vəzifəyə gəldiyi vaxtdan iki yay fəslidir ki, şəhər susuz qalır. Sanki orta əsrlər dönəmidir, hər kəs əlində qabla gəzərək bulaq axtarır, məhəllələrə çəni su ilə dolu maşınlar gəlir, marketlərdə içməli sular gündəlik ehtiyac üçün alınır. Və öz malikanəsində bu problemi əsla yaşamayan ADSEA nümayəndələri xalqı faciə ilə üz-üzə qoyublar. 
Onlar yaxşı bilirlər ki, nə baş verir. Ancaq izahat yoxdur. Düşünmək lazımdır ki, hər bir ailənin 3 və ya 4 üzvü var. Onların gündəlik su ehtiyacları qarşılanmalıdır. Xüsusən də yay mövsümündə, bu istilərdə duş almaqdan tutmuş digər ehtiyaclara qədər suya tələbat çoxalır. Amma Mikayılov və komandası hamını bir qab suyun ümidinə qoyub. Bunu Allah götürərmi?

Anxeber.az

Azər Talıbov 


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar