Sizin Reklam Burada
Tel: 050 378-66-61

Putinə heç kim yazmır... - yaralı ayı hirsini Bakı və İrəvandan necə çıxacaq?

Bu gün, 09:21   






Rusiya Cənubi Qafqazı indiki qədər itirməmişdi. Onun əsas qalası Ermənistan əlindən çıxmaqda davam edir. Baş nazir Paşinyanın son Brüssel səfəri də İstanbul və Əbu-Dabi görüşlərinin (Ərdoğan və Əliyevlə) ardı kimi qiymətləndirilməlidir. Çünki Avropa İttifaqı İrəvanın Bakı və Ankara ilə danışıqlarını dəstəkləyən mövqedən çıxış etdi. Bütün bu addımlar isə sistemli xarakter daşıyır və bir strategiyaya xidmət edir - Ermənistanı Rusiyadan alırlar.

Anxeber.az yazır ki, məhz buna görə Rusiya hikkəli davranışlarını gücləndirib. Sözsüz ki, təkcə Ermənistan deyil, Moskvanı danışıqlardan kənarda qoyan Azərbaycan da Rusiyanı qəzəbləndirir. Kreml köhnə zehniyyətdən qopa bilmir və hələ də C.Qafqaz respublikalarını onun sözünə baxan ölkələr kimi qiymətləndirir. Amma dünya dəyişir və onun parçası olan regionumuzda da yeni geosiyasi reallıqlar, konfiqurasiyalar, paradiqmalar meydana gəlməkdədir. Odur ki, Rusiya gah Gümrüdə olan hərbi bazasına "X" gününə hazırlıq üçün əlavə qüvvə göndərir, yəni çevriliş planı, gah iş adamı Karapetyanı İrəvana yollayır və o da partiya qurur, gah da kilsə-daşnak-separatçı-revanşist kimi qaragüruh, qan istəyən dairələri təlimatlandırır.
Paralel şəkildə isə Rusiyada azərbaycanlılar sıxışdırılır. Yəni hansı tərəfə nə kimi təzyiq aləti qalıbsa, onu işə salıb. Lakin Ukrayna cəbhəsində ilişmə və uğursuzluq Rusiyanın strateji mövqelərini sarsıdıb deyə Moskva Bakı və İrəvana hələ bata bilmir. Markesin məşhur "Polkovnikə heç kim yazmır" povestində olduğu kimi, Putin eyni vəziyyətə düşüb - onunla danışan yoxdur.
Bu gedişat onun müjdəçisidir ki, Azərbaycan və Ermənistan uzun bir yola çıxıblar, hədəflər eyni, koordinasiyalıdır. Lakin bu gedişat həm də onu narahat etməlidir ki, Rusiya ağır yaralanmış ayıdır, qan itirir və hirsini çıxmaq üçün hər şeyə əl ata bilər. Yəni təxribat, terror kimi bu qəbildən hər pisliyi etməsi mümkündür. Sadəcə, bu üslub və doktrina Rusiyanı məzarlığa aparır. Onun yeganə yolu əməkdaşlıqdır. Amma imperiya zehniyyəti bunu həzm etmir. O səbəbdən gərginlik davam edəcək, Rusiya Azərbaycan və Ermənistana təzyiq, təhdidləri artıracaq. Bu dəfə fərq ondadır ki, Rusiya da, bu ölkələr də, dünya da əvvəlki deyil. İndi Bakının da, İrəvanın da öz müttəfiqləri, tərəfdaşları var və onların heç biri Rusiya ilə çiyin-çiyinə deyil...


Azər Talıbov

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar