Azərbaycan texnologiya sahəsində yeni bir inqilaba imza atır. İki yerli layihəmiz — süni zəka ilə idarə olunan, ekoloji balansı qoruyan futuristik pilotsuz uçuş aparatı “ALIVE-HAYDAR” və dünyanın ilk süni zəka əsaslı arı tozlandırma dronu olan “SkyBee” — artıq 18-dən çox ölkənin beynəlxalq startap və texnoloji çempionatlarında iştirak haqqı qazanaraq dünya səhnəsinə çıxmağa hazırlaşır. Hər iki layihə 2025-ci ilin ən iddialı və gələcək yönümlü texnoloji təşəbbüsləri kimi tanınmağa başlayıb. Bu, sadəcə bir texnoloji uğur deyil, həm də Azərbaycanın gələcək
iqtisadiyyatının və beynəlxalq nüfuzunun yeni sütunudur.
Bu barədə Aktualinfo.org-a “SkyBee” startapının və “ALIVE-HAYDAR” Pilotsuz Uçuş Aparatları layihəsinin təsisçi heyətindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, ilk beynəlxalq təqdimat səfərimiz 27 may tarixində Polşanın Qdansk şəhərində keçiriləcək startap çempionatı ilə başlayır. Daha sonra 4 iyun Bolonya (İtaliya), 9 iyun London (İngiltərə) və 18 iyun Silikon Vadisi (ABŞ) kimi texnologiyanın mərkəzi sayılan şəhərlərdə iştirak edəcəyik. Bu marafon Seul, Tokio, Dubay, Barselona, San-Paulu, Doha, Ər-Riyad, Lissabon, Keyptaun və digər texnoloji düyün nöqtələrində davam edəcək.
Hər iki layihəmiz bir il ərzində 300 mindən çox ziyarətçiyə, 50 min texnologiya şirkətinə və təsisçisinə təqdim olunacaq. Eyni zamanda sosial media üzərindən 100 milyondan artıq insana çatmağı hədəfləyirik. Bu, Azərbaycanın texnoloji məhsullarını dünya auditoriyasına təqdim etmək üçün misilsiz fürsətdir.
Bu uğurların arxasında dayanan şəxs — Tural İsmayılzadədir. O, ABŞ-nin nüfuzlu universitetləri tərəfindən mükafata layiq görülmüş və dünyanın ilk süni zəka əsaslı arı tozlandırma dronlarını təqdim edən “SkyBee” layihəsinin, ekoloji monitorinq və təcili müdaxilə imkanları ilə seçilən futuristik PUA sistemi “ALIVE-HAYDAR”ın təsisçisidir.
SkyBee: arıların missiyasını dronlarla davam etdirən elm–futuristik konsept
“SkyBee” layihəsi, iqlim dəyişikliyi və kimyəvi pestisidlərin nəticəsində sürətlə azalan arı populyasiyasına alternativ olaraq hazırlanmış biomimetik süni zəka dronlarıdır. Bu dronlar, təbii arılar kimi çiçək tozlarını daşımaq, bitkilərin tozlanmasını təmin etmək qabiliyyətinə malikdir. Həmçinin texnologiya öz süni tozlandırma mayesini də Türkiyənin institutlarından birində yaratmış və sınaqdan keçirmişdir. Layihənin elmi əsasları nevrobiologiya, kompüter görməsi və süni sinir şəbəkələri üzərində qurulub.
SkyBee-nin üstünlükləri:
● İnsan müdaxiləsi olmadan tozlandırma prosesi;
● Biomüxtəlifliyin qorunması;
● Əkinçilikdə məhsuldarlığın artırılması;
● İqlim dəyişikliyi ilə mübarizədə praktiki tətbiq.
“SkyBee” artıq ABŞ, Braziliya, İngiltərə, Portuqaliya, İtaliya, Macarıstan, Polşa, Yaponiya, Cənubi Koreya və Pakistan kimi ölkələrdə keçirilən texnoloji yarışların final mərhələsinə çıxmış və dünya çempionu olmuşdur. Layihə dünyanın ən nüfuzlu universitetləri və elmi-tədqiqat institutları tərəfindən dəstəklənir və qlobal texnologiya investorlarının diqqət mərkəzindədir.
Layihə SpaceX, Tesla, Neuralink, xAI, CoreWeave, Cerebras, Stripe və digər texnologiya nəhənglərinin investorları tərəfindən yaxından izlənilir və təsisçi heyət bu investorlarla B2B görüşlərə dəvət olunub. Yaponiyanın aparıcı elmi-futuristik texnologiyalar şirkəti yaxın günlərdə startapa 39 milyon yen (təxminən 356 890,43 manat) məbləğində sərmayə təklifi etmişdir.
İngiltərənin “MERLİN FCL” şirkəti isə startapa 5 milyon ABŞ dolları dəyərində startap krediti təklif etmişdir. Bu təkliflər startapın texnoloji potensialının sübutudur.
ALIVE-HAYDAR: Gələcəyin Süni Zəka əsaslı ətraf mühit keşikçisi
“ALIVE-HAYDAR” layihəsi isə ekoloji böhranın qarşısını almaq üçün hazırlanmış, ekosistem monitorinqi və təcili müdaxilə imkanlarını özündə birləşdirən süni zəka əsaslı pilotsuz uçuş aparatıdır. “Heydər irsi” mənasını verən layihə Ümummilli lider Heydər Əliyevin təbiətə olan qayğısından ilhamlanaraq hazırlanmışdır və bu mənada milli ideoloji dəyər daşıyan ilk yerli və milli texnoloji platformadır.
ALIVE-HAYDAR-ın əsas funksiyaları:
● Real vaxtda ekoloji pozuntuları izləmək (yanğın, sel, çirklənmə və s.);
● Qlobal istiləşmənin fəsadlarını modelləşdirmək;
● Ekosistemlərə təcili müdaxilə (toxum səpmə, suvarma və s.);
● Beynəlxalq tədqiqatçılar üçün sahə dataları təqdim etmək.
“ALIVE-HAYDAR” layihəsi ətraf mühitin qorunmasına yönəlmiş süni intellektlə idarə olunan, real vaxt rejimində ekoloji balansı izləyən və təcili müdaxilə imkanına malik futuristik pilotsuz uçuş aparatları olaraq süni intellekt, dron texnologiyası, hava nəqliyyatı və iqlim texnologiyaları sahələrində dünya miqyasında böyük maraq doğurur.
Maliyyə dəstəyi üçün 1 həftəyə qərar verilməsi ilə bağlı kritik an
Hazırda beynəlxalq səfərləri başlamaq üçün yalnız bir həftə vaxt qalıb. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirik ki, bu kritik mərhələdə Azərbaycan daxilində texnoloji startaplara real maliyyə dəstəyi verən iş adamı, investor və ya fond tapmaq çox çətindir. Bu sahədə fəaliyyət göstərən cəmi bir neçə investisiya fondu və təşkilatı var, onlar isə bizə bəlli olmayan səbəblərdən startapa investisiya yatırmaqdan imtina ediblər.
Vəziyyət yerli startap inkubasiya, akselerasiya və innovasiya mərkəzləri və HUB-larla da eynidir. Startapın qısa vaxtda dünyada bu qədər uğur qazanmasına baxmayaraq, komanda Azərbaycanda heç bir startap müsabiqəsinə və tədbirinə buraxılmır. Biz qarşılaşdığımız və startapın inkişafını bu qədər yubadan kölgələrin olmasından heyət adından çox narahatıq.
Biz rəsmi olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fonduna və ən əsası isə cənab Prezidentə müraciət etmişik. Sağ olsun, nə zaman şəxsinə müraciət etsək, dərhal tapşırıq verilir və qurumlar məsələyə operativ baxırlar. Bu gün layihələrimiz üçün çox kritik bir dövrdür və inanırıq ki, bu xəbəri oxuyan cavabdeh şəxslər dərhal hərəkətə keçəcək və məsələ bir neçə gün ərzində bizim xeyrimizə həll olunacaq.
Biz bütün dövlət qurumlarını, özəl sektor və ictimaiyyət nümayəndələrini bu tarixi missiyaya dəstək olmağa dəvət edirik. Hər iki layihə ölkəmizin milli qürurudur, mənim uğurum isə bütün Azərbaycanın uğurudur. Mən bu ilin sonunadək ölkəmizə ən azı 5 dünya kuboku qazandıracağam və futurist olaraq Azərbaycanın texnoloji infrastrukturunu inkişaf etdirərək, texnoloji mühitimizi 50 il irəli aparacağam.
Mənim dronlar, PUA-lar, robotlar, gələcəyin nəqliyyat vasitələri, gələcəyin şəhər infrastrukturu, alternativ enerji qurğuları, İoT-lar, süni zəka vasitələri və qacetləri sahəsində yüzlərlə layihəm var. Onların hər biri ölkəmizə hər il milyardlarla dollar gəlir gətirə bilər. Biz 20 il ərzində ərəb ölkələri kimi trilyon dollarlıq investisiya potensialı olan bir iqtisadi gücə çevrilə bilərik.
“ALIVE-HAYDAR” və “SkyBee” bu yolun sadəcə uğurlu başlanğıcıdır. Biz yalnız Azərbaycanın deyil, dünyanın gələcəyinin formalaşmasında mühüm rol oynayacağıq.
Məqaləyə dair fotomateriallar: