Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı aparılan intensiv diplomatik səylər — son üç ildə ilk birbaşa Kiyev-Moskva sülh danışıqları və ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı — bu həftənin əvvəlində heç bir irəliləyiş əldə olunmadan başa çatıb.
Ukrayna və Qərbin qarşıya qoyduğu əsas məqsədə - 30 günlük atəşkəsə nail olunmayıb.
Danışıqlar zamanı və danışıqlardan sonra Rusiyanın hücumları davam edib və Ukrayna danışıqların ardınca Rusiyadakı müdafiə sənayesi hədəflərinə dron zərbələri endirib.
Putinlə iki saatlıq telefon danışığından sonra sosial mediada yazdığı paylaşımda Tramp ABŞ-nin sülh razılaşması əldə etmək səylərindən geri çəkilə biləcəyinə işarə edib. Halbuki o, prezident seçkiləri kampaniyasında müharibəni bir və ya iki günə bitirə biləcəyini bildirmişdi.
Mayın 19-da Putinlə telefon danışığından sonra "Truth Social" platformasında paylaşım edən Tramp Rusiya və Ukrayna arasında "atəşkəs və, daha önəmlisi, müharibəyə son qoyulması" ilə bağlı danışıqların "dərhal" başlaya biləcəyini deyib. O, Vatikanı mümkün görüş yeri kimi qeyd edib və paylaşımını "Qoy proses başlasın!" sözləri ilə tamamlayıb.
Yeni görüşlə bağlı Kiyev və ya Moskvadan heç bir xəbər yoxdur, lakin Finlandiya prezidenti Aleksandr Stubb mayın 21-də bildirib ki, o, tərəflərin gələn həftə, ola bilsin, Vatikanda "texniki səviyyədə danışıqlar" aparacağı ehtimalına inanır.
Mayın 19-da Trampla da danışan Ukrayna prezidenti Volodimir Zelenski ertəsi gün deyib ki, "Ukrayna nəticə verən istənilən danışıqlar formatına hazırdır", lakin "Rusiya qeyri-real şərtlər irəli sürməyə və irəliləyişə xələl gətirməyə davam edərsə, bunun ağır nəticələri olmalıdır".
Rusiya indiyədək hər hansı ciddi kompromislərə hazır olduğuna dair heç bir işarə verməyib. Ukraynanın "qəbuledilməz" adlandırdığı uzunmüddətli mövqeyini təkrarlayaraq tez-tez bunun əksini göstərib.
Trampla telefon danışığından sonra verdiyi açıqlamada Putin müharibənin "köklü" səbəblərinin aradan qaldırılmasının vacibliyi ilə bağlı tezisini bir daha təkrarlayıb, baxmayaraq ki, müharibəyə səbəb Rusiyanın işğala başlaması olub, o, məsuliyyəti tam şəkildə Kiyev və Qərbin üzərinə atmağa davam edir.
Tramp dərhal danışıqlardan bəhs etdiyi halda, Putin Trampın toxunmadığı və ekspertlərin atəşkəsə doğru irəliləyişi yubatmaq üçün onun tez-tez istifadə etdiyini dediyi "əgər", "amma" və "lakin"lərlə dolu şərhlərə üstünlük verib. Eyni zamanda Moskva daha çox əsgər cəlb etməyə, silah istehsalını artırmağa və cəbhədəki mövqelərini yaxşılaşdırmağa çalışır.
Putin bildirib ki, Rusiya "sülh sazişinin mümkün gələcək variantı ilə bağlı memorandumu hazırlamaq məqsədilə Ukrayna tərəfi ilə birgə işləməyə hazırdır — məsələn, nizamlama prinsipləri, mümkün sülh sazişinin vaxt çərçivəsi və sair kimi bir sıra məsələlərin müəyyənləşdirilməsi istiqamətində".
O, dərhal atəşkəs ideyasını bir daha rədd edərək əlavə edib ki, "müvafiq razılaşmalar əldə olunarsa, müəyyən müddətə mümkün atəşkəs kimi həllə doğru addımlar nəzərdən keçirilə bilər".
Zelenski isə ikitərəfli memorandumun mümkün ola biləcəyini qeyd edib, lakin qərar verməzdən əvvəl Rusiyanın konkret nə təklif etdiyini görməyin vacib olduğunu vurğulayıb.
Danışıqlar prosesinin hansı mərhələdə olmasından asılı olmayaraq, irəliləyişi əngəlləyən bir sıra ciddi maneələr var. Bunlardan biri də ərazi məsələsidir.
Analitiklər hesab edir ki, Rusiya üçün əsas məqsəd torpaq ələ keçirmək deyil — əslində, Putinin istəyinin Ukraynanı özünə tabe etmək olduğu deyilir. Yəni, Krım və, bəlkə də, Donbasın bir hissəsi istisna olmaqla, əgər Ukrayna və onun hökuməti Rusiyayönlü olarsa və Moskvanın təsiri altında qalarsa, o zaman o, əldə olunan ərazi miqdarından asılı olmayaraq razı qala bilər.
Putin tammiqyaslı işğalı əsaslandırmaq üçün bir sıra iddialar irəli sürüb ki, onlardan biri də Qərbin Ukraynanı "anti-Rusiya"ya çevirməsidir. Lakin çoxları hesab edir ki, bunu məhz Putin özü edib — 2014-cü ildə Krımı ilhaq etməklə, Donbasda müharibəni qızışdırmaqla və, nəhayət, 2022-ci ildə genişmiqyaslı işğala başlamaqla
Hazırkı mərhələdə isə ərazi məsələsi Kiyev və Moskva arasında ən konkret fikir ayrılıqlarından biridir.
2022-ci ilin sentyabrında Putin şəkildə iddia edib ki, Ukraynanın dörd ərazisi — Donetsk, Luqansk, Zaporojye və Xerson Rusiyaya məxsusdur. Halbuki həmin vaxt Rusiya qüvvələri bu bölgələrin yalnız bir hissəsinə nəzarət edirdi və bu vəziyyət indiyədək dəyişməyib.
Lakin müxtəlif media orqanlarına adlarının açıqlanmaması şərti ilə danışan ukraynalı rəsmilərin bildirdiyinə görə, İstanbulda keçirilən danışıqlarda Rusiya nümayəndə heyəti bildirib ki, Ukrayna bu bölgələrdən qoşunlarını geri çəkməyincə, atəşkəs mümkün deyil. Eyni zamanda, bu ərazilərin Rusiyaya məxsusluğunun beynəlxalq ictimaiyyət tərəfindən tanınması tələb edilib.
Ukrayna bu tələbləri "qəbuledilməz" adlandırıb və prezident Zelenski bu həftə bir daha təkrar edib ki, Kiyev öz ərazilərindən ordunu geri çəkməyəcək.
Rusiyanın həmin dörd bölgənin qalan hissələrini ələ keçirmək istiqamətində irəliləyişi həm yavaşdır, həm də son dərəcə ağır itkilərlə müşayiət olunur. Xerson və Zaporojye vilayətlərinin paytaxtları hələ də Kiyevin nəzarətindədir.
"Rusiya ordusu artıq işğal etdiyi dörd bölgənin qalan hissələrinə nəzarəti ələ keçirə bilməyəcək. Əvvəla, bu, çox geniş ərazidir və keçənilki sürətlə belə, Rusiya ordusu hətta bir bölgəni – məsələn, Donetski tam ələ keçirə bilməzdi", - ölkədən kənarda yaşayan rusiyalı hərbi analitik Yan Matveyev mayın 21-də "Current Time"a bildirib.
Matveyev qeyd edib ki, Dnepr çayının o tayında yerləşən Xerson şəhərinin Rusiya qüvvələri tərəfindən ələ keçirilməsi perspektivi "tamamilə qeyri-real və mümkünsüz" görünür.
Eyni zamanda, 2023-cü ildə Ukraynanın böyük ümidlərlə başladığı əks-hücum uğursuzluqla nəticələndikdən sonra yaxın vaxtlarda Ukraynanın əhəmiyyətli əraziləri geri qaytarmaq şansı da çox az hesab olunur.
"Rusiya hazırda sahib olmadığı və sahib olmağa haqqı çatmayan şeyləri istəyir, Ukrayna isə hərbi yolla geri qaytara bilmədiyi əraziləri istəyir", – ABŞ dövlət katibi Marko Rubio mayın 20-də Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmədə deyib. "Və problemin məğzi də məhz budur".
Rusiya və Ukrayna mövqeləri arasında dərin uçurumla üzləşən ABŞ sülh təşəbbüsündən geri çəkilir?
D.Tramp mayın 19-da "Truth Social" platformasında paylaşımında Ukrayna və Rusiyanın danışıqları öz aralarında aparmalı olacağını irəli sürərək qeyd edib: atəşkəs və müharibənin bitməsi üçün şərtlər "yalnız bu iki tərəf arasında razılaşdırıla bilər, çünki danışıqların detalları yalnız onların bildiyi məsələlərdir".
Həmin günün sonrasında Ağ evdə jurnalistlərə verdiyi açıqlamada isə Tramp xəbərdarlıq edərək Vaşinqtonun kənara çəkilə biləcəyini qeyd edib, lakin bunun hələ baş vermədiyini və irəliləyişin hələ də mümkün olduğuna inandığını deyib.
Tramp deyib ki, bu məsələdə nə vaxt geri çəkilmək lazım olduğu barədə onun fikrində "qırmızı xətt" var. "Amma onun nə olduğunu demək istəmirəm, çünki bu, danışıqları daha da çətinləşdirər".
"Bu Avropanın problemidir, belə də olmalıdır, lakin əvvəlki administrasiya bizi bu işə cəlb etdi. Məncə, nəsə baş verə bilər", — Tramp əlavə edib. "Əgər baş verməsə, biz kənara çəkiləcək və bunu onlara buraxacağıq".
Eyni zamanda, Tramp hazırda Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq edilməsinin əleyhinə çıxaraq irəliləyiş üçün yaranmış imkanı öz mövqeyini əsaslandırmaq üçün göstərib. Halbuki Avropa İttifaqı Ukraynanın tammiqyaslı işğalından bəri Moskvaya qarşı artıq 17-ci sanksiya paketini tətbiq edib və Britaniya ilə birlikdə Avropa liderlərinin "kütləvi" adlandırdığı yeni cəza tədbirlərini nəzərdən keçirir.
Tramp deyib ki, Rusiyaya yeni sanksiyalar "bütöv prosesi daha da pisləşdirə bilər, halbuki mən hələ də düşünürəm ki, nələrsə etmək olar".
ABŞ-nin gələcəkdə Ukraynaya silah yardımını davam etdirib-etdirməyəcəyi barədə sualı cavablandıran Tramp bunun sülhə doğru irəliləyişdən asılı olacağını deyib.
"Baxacağıq. Məncə, Putin bunu (müharibəni bitirməyi) hələ də istəyir", –o bildirib. "Düşünürəm ki, Putin artıq yetərincə görüb".
Lakin bir çox ekspertlər bu fikirlə razılaşmır. Onların fikrincə, döyüş meydanında ciddi uğursuzluqlar və ya Rusiyada daxili çalxalanmalar baş verməyincə, Putinin güzəştə getməsi mümkün görünmür. Bu iki ssenarinin isə yaxın zamanda baş verəcəyi gözlənilmir.
Hazırkı mərhələdə Rusiyanın sülhə dair memorandum vasitəsilə irəli sürəcəyi şərtlər – əgər bu baş verərsə – həm Rusiyanın niyyəti, həm də Qərbin qətiyyəti üçün sınaq olacaq.
Bu prosesin nə vaxt baş verəcəyi isə məlum deyil.
"Konkret müddət yoxdur və ola da bilməz", –Kremlin sözçüsü Dmitri Peskov mayın 20-də bildirib. "Hamı bunu mümkün qədər tez etmək istəyir, amma, əlbəttə ki, şeytan detallardadır".
Ukrayna prezidenti Zelenskinin baş müşaviri Mixail Podolyak isə mayın 21-də "RBC-Ukrayna"ya verdiyi müsahibədə Rusiyanın tələblərinin dəyişməyəcəyini deyib.
"Onlar elə bir memorandum imzalayacaqlar ki, bu, məntiqi baxımdan gözləniləcək olacaq", –o bildirib. "Bu da müharibənin "səbəb"lərinin aradan qaldırılmasını nəzərdə tutur – yəni, onların baxışına görə, Ukrayna dövlət olaraq mövcudluğuna son qoymalıdır".