Əgər baş tutsa, İstanbul müharibənin dayandırılması üçün danışıqlara ev sahibliyi edəcək. Anaxeber.com yazır ki, Kreml lideri bu məkanı təklif edib. Ukraynalı həmkarı deyib ki, Putin də gəlsin, tet-a-tet görüşməyə hazırdır və özü də İstanbulda olacaq. Zelenski əmindir ki, Rusiya prezidenti onunla görüşməyəcək. Ona görə bu çağırışla bir ranq üstün olmağa çalışıb. Hər halda, nümayəndə heyətlərinin görüşü istisna deyil. Artıq Qərb də prosesə qoşulub. Ötən həftəsonu Avropa liderləri bunun üçün Kiyevdə idi. ABŞ dövlət katibi Rubio da İstanbul səfərinə hazırlaşır. Yəni Türkiyənin ev sahibi kimi dominant olmasını istəmirlər və vasitəçilər atəşkəsin əldə edilməsində şərik olmağa çalışırlar.
Sadəcə, Rusiya da atəşkəsə razılaşmalıdır. Putin status-kvonu qəbul edərsə, "xüsusi hərbi əməliyyat" məqsədlərinə çatmır. Çünki Donbas tam ilhaq edilməyib.
Bəs Kreml rəhbəri bu nəticəni xalqa necə təqdim edəcək?
Hər halda, müharibə sürünən şəkildə davam edirsə, deməli, atəşkəs lazımdır, onsuz da tərəflərin heç biri qalib deyil. Nəticə budur ki, Rusiya hədəflərinə çatmır strateji olaraq məğlub edilir və Kiyevu həmişəlik itirir. Ukrayna isə işğala məruz qalır, əvəzində Qərbə inteqrasiyası sürətlənir. Eynilə Gürcüstan kimi.
Bizi maraqlandıran isə müharibədən sonrakı Rusiyadır. Kreml postsovet məkanına necə baxacaq? Rusiya ətrafını hədələməyə davam edəcək, yoxsa hərbi doktrinadan iqtisadi doktrinaya keçəcək? Cənubi Qafqaza təsirləri artıra biləcəkmi?
Bu suallar açıqdır. Dəyişən reallıq odur ki, Qarabağ problemi həll olunub, Azərbaycan Türkiyə və İsrail kimi dəstəyə sahibdir və Rusiyanın təzyiqləri qarşısında manevr imkanlarımız genişlənib. Ermənistan isə Qərbdən dəstəklə Rusiya önündə duruş gətirmək üçün immunitet yaradır. Ona görə də Putinin Qarabağ mövzusunu yenidən qaldırmaq üçün yeganə siyasi təzyiq aləti erməniləri qaytarmaq cəhdi ola bilər. Bu hiyləyə isə prezident Əliyevlə baş nazir Paşinyan birgə müqavimət göstərməlidirlər. Əgər İrəvan bu məsələdə Moskvanın əlinə oynamağa başlasa, Rusiyadan asılılığı artacaq. Paşinyan ondan qopmaq və Qərbə yön almaq istəyirsə, erməniləri Xankəndiyə qaytarmaq tələsinə düşməməlidir.
Azər Talıbov