ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ukrayna və Rusiya arasında birbaşa danışıqlara çağırıb və deyib ki, Moskvanın qonşusuna qarşı apardığı müharibəyə son qoyacaq razılaşmaya təmaslar olmadan nail olmaq mümkün deyil.
Mayın 7-də verdiyi açıqlamada Vens bildirib ki, Rusiya "çox şey tələb edir", lakin eyni zamanda vurğulayıb ki, Ukrayna 30 günlük atəşkəs ideyasına həddindən çox aludə olmamalıdır. Onun sözlərinə görə, "tərəflər arasında uçurum böyükdür", lakin o, müharibənin başa çatma ehtimalına dair "müəyyən qədər" nikbindir.
Vens Vaşinqtonda keçirilən tədbirdə deyib: "Siz Rusiyanın müharibəyə bəraət qazandırmasını qəbul etməyə məcbur deyilsiniz, amma onların mövqeyini anlamağınız vacibdir — yəni müharibəni dayandırmaq üçün onlardan nə tələb olunduğunu danışmağa vadar etmək lazımdır. Ruslar müəyyən tələblər irəli sürürlər və biz hesab edirik ki, onlar çox şey istəyirlər".
"Hazırda atmalı olduğumuz əsas addım odur ki, Rusiya və Ukrayna bir-biri ilə danışmağa başlamalıdır. Biz hesab edirik ki, heç olmasa, müəyyən birbaşa danışıqlar olmadan bu prosesi tam şəkildə vasitəçiliklə idarə etmək, yəqin ki, mümkün deyil", - o əlavə edib.
Rusiya prezidenti Vladimir Putin mayın 9-da Qırmızı Meydanda keçiriləcək paradda Çin lideri Si Cinpin və digər bir sıra ölkələrin rəhbərlərini qəbul etməyi planlaşdırır. O, ötən ayın sonunda bəyan etmişdi ki, Rusiya mayın 8-dən 10-dək 72 saatlıq atəşkəs elan edəcək və eyni addımı atmağa Ukraynanı da çağırıb.
Ukrayna prezident Volodimir Zelenski bu təşəbbüsü "mənasız təbliğat addımı" adlandırıb və bildirib ki, Rusiya azı 30 günlük, şərtsiz atəşkəsə razılaşmalıdır. Bu, ABŞ-nin martda irəli sürdüyü təklifə uyğundur. Ukrayna həmin təklifi qəbul etsə də, Rusiya qəbul etməyib.
Vensin sözlərindən belə görünür ki, o, Kiyevin 30 günlük atəşkəs məsələsində israr etməməli olduğunu düşünür: "Hazırda Rusiya və Ukrayna mövqeləri arasında uçurum böyükdür, amma indi müəyyən dərəcədə nikbinəm. Biz artıq 30 günlük atəşkəsə aludəçilikdən uzaqlaşmağa çalışırıq. Əgər sağlam düşüncə qalib gəlsə, biz bu qan tökülməni dayandıra bilərik".
Putinin 2022-ci ilin fevralında Ukraynaya qarşı başladığı genişmiqyaslı işğaldan bəri on minlərlə hərbçi və ukraynalı mülki şəxs həyatını itirib. ABŞ prezidenti Donald Tramp müharibəni bitirmək üçün vasitəçilik cəhdləri etsə də, hava hücumları və ağır döyüşlər davam edir.
ABŞ rəsmiləri xəbərdarlıq ediblər ki, əgər yaxın vaxtlarda sülh istiqamətində ciddi irəliləyiş baş verməsə, Vaşinqton bu təşəbbüsdən çəkilə bilər. Bundan əlavə, ABŞ-ın Ukraynaya hərbi yardımının gələcəyi də qeyri-müəyyən olaraq qalır və bu, Avropanın üzərinə daha böyük məsuliyyət qoyur.
Parisə kansler kimi ilk xarici səfərində Almaniyanın yeni rəhbəri Fridrix Merts mayın 7-də bildirib ki, Avropa İttifaqının bütün üzvləri müdafiə xərclərini artırmalıdırlar: "Yalnız bu yolla biz müdafiə qabiliyyətimizdəki boşluqları tədricən aradan qaldıra və Ukraynanı birgə şəkildə dəstəkləyə bilərik".
Merts Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizədə Almaniya və Fransaya arxalanmağa davam edə biləcəyini söyləyib. Ancaq o əlavə edib ki, "Biz bu müharibəni... Birləşmiş Ştatların davamlı iştirakı olmadan bitirə bilmərik, bu, avropalıların əvəz edə biləcəyi bir şey deyil".
2014-cü ildə Krım yarımadasını ələ keçirən və Ukraynanı Donbas bölgəsində müharibəni qızışdıran Rusiya hazırda Ukraynanın beşdə birinə nəzarət edir. Tramp administrasiyasının üzvləri Kiyevin sülh istəyirsə, bəzi əraziləri Rusiyaya verməli olacağını irəli sürürlər.
Vitse-prezident Vens açıqlamasında Rusiyanın hansı tələblərinin və ya istəklərinin ABŞ üçün qəbul edilməz olduğunu deməyib.
ABŞ-nin keçmiş prezidenti Co Bayden yanvarda vəzifəsini tərk etdikdən sonra ilk müsahibəsində BBC-yə deyib ki, Putin Ukraynaya nəzarət etmək istəyir. "Onun dayanacağını düşünən hər kəs axmaqdır", - o əlavə edib.
Baydenin mayın 7-də dərc olunan müsahibəsini Ağ ev hələ şərh etməyib.