“Əgər Rusiya və Ukrayna dərhal birbaşa danışıqlara başlamazsa, ABŞ bu münaqişədən çəkilməlidir.”
“AzPolitika” xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff “Breitbart News”a verdiyi müsahibədə səsləndirib. Onun bu açıqlamaları artıq beynəlxalq səviyyədə ciddi rezonans doğurub.
Trampın nümayəndəsi bildirir ki, ABŞ bu müharibədə vasitəçi olmağa hazırdır: “Lakin bu, bizim müharibəmiz deyil. Biz bu müharibəni başlamamışıq. Amma onun bitməsinə kömək etmək istəyirik.”
Bu mövqe Trampın “əvvəlcə Amerika” siyasətinə uyğun olaraq, ABŞ-ın geosiyasi yükünü azaltmağa yönəlmiş bir yanaşmadır. O, münaqişəni ABŞ-ın prioritetlərindən çıxarmağa, eyni zamanda vasitəçilik missiyası ilə geosiyasi qələbə qazanmağa çalışır.
Tramp bu bəyanatı İstanbulda keçiriləcək danışıqlara sayılı günlər qalmış səsləndirir. Rusiya Prezidenti Vladimir Putin artıq Ukraynaya birbaşa danışıqlar təklif edib, Ukrayna Prezidenti Volodimir Zelenski isə bu təklifi qəbul edərək şəxsən görüşə gəlməyə hazır olduğunu bildirib. Bu, nadir tarazlıq nöqtəsidir və görünür, Tramp bu vəziyyətdən diplomatik təsir gücünü artırmaq üçün istifadə etməyə çalışır.
Əgər danışıqlar baş tutarsa və Tramp orada iştirak edərsə, bu, onu qlobal nizam qurucusu kimi təqdim etmək üçün nadir fürsət olacaq.
Uitkoffun sözlərinə görə, Tramp Ukrayna müharibəsini “axmaqlıq” adlandırır və bu münaqişənin heç başlamamalı olduğunu düşünür. Bu ifadələr həm Bayden administrasiyasının Ukraynaya silah və maliyyə dəstəyi siyasətinə, həm də ABŞ-ın NATO çərçivəsindəki strateji öhdəliklərinə yönəlmiş tənqid kimi qəbul edilə bilər.
Bu yanaşma Trampın ABŞ-da seçki kampaniyasında “müharibə yox, sülh” platformasına üstünlük verdiyini göstərir. O, həm seçicilərə, həm də beynəlxalq tərəfdaşlara bildirir ki, onun rəhbərliyi dövründə ABŞ artıq başqasının münaqişəsində ön sırada olmayacaq.
Kreml, hələlik, Putinin İstanbulda şəxsən iştirak edib-etməyəcəyi ilə bağlı konkret cavab verməyib. Lakin Moskva birbaşa danışıqlara qayıtmağın vacibliyini vurğulayıb. Bu isə Kremlin diplomatik manevr üçün qapını açıq saxladığını göstərir.
Əgər Tramp və Putin eyni masada əyləşsələr, bu, həm Qərb üçün ciddi geosiyasi sürpriz olacaq, həm də Trampın beynəlxalq nüfuzuna əhəmiyyətli təkan verəcək.
Qərb mediası yazır ki, Donald Trampın hazırkı addımları bir neçə paralel məqsədə xidmət edir:
İstanbul danışıqları baş tutarsa, bu, nəinki Rusiya və Ukrayna üçün, həm də ABŞ daxilində siyasi kampaniyanın gedişinə ciddi təsir göstərə bilər. Trampın “ya danışın, ya biz çəkilirik” mesajı sadəcə diplomatik deyil – geosiyasi şahmat taxtasında strateji bir gedişdir.
Rasim Əliyev
AzPolitika.info