Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

XAOS, YOXSA DÜNYA DÜZƏNİNİN DƏYİŞMƏSİ? - ABŞ 80 illik modeldən imtina edir və...

Bu gün, 10:46   



Hazırda dünyada siyasi-iqtisadi proseslər elə sürətlə cərəyan edir ki, onları tam ətraflı şərh etməyə macal tapmamış yeni paradoksal hadisələr meydana gəlir. Niyə paradoksal? Çünki bu hadisələr arasında səbəb və nəticə əlaqəsi mövcud paradiqmaya qətiyyən uyğun gəlmir. Hər şey gözümüzün önündə qəribə şəkildə köhəlir, dəyişir. Tarixdən bəllidir ki, dünya hər dəfə yeni dövrə qədəm qoyanda, bu proses çaxnaşmalarla və müharibələrlə müşayiət olunub.

Əslində, keçmişlə bu gün arasında məzmun baxımından dərin fərq yoxdur, sadəcə, forma dəyişib, mücadilə qaydaları müasir zamanın tələblərinə, şərtlərinə uyğunlaşıb. Bu gün Ukrayna-Rusiya savaşı və ABŞ-nin ticarət müharibəsi dünyanın yenidən formatlanmasının təzahürüdür və bu proses çox ağrılı olacaq. Hətta 1930-cu illərdəkı Böyük depressiyadan daha güclü tələtümlərin baş verəcəyi istisna deyil. Bunları nəzərə alan analitiklər haqlı olaraq diqqətlərini ABŞ-yə yönəldiblər. Çünki müasir dünyanın iqtisadi-maliyyə sisteminin idarəetmə mərkəzi ABŞ-dir.


Amerika 80 ildir ki, xüsusi missiya yerinə yetirib. O, dünya hegemonu kimi nisbətən daha zəif güclərin beynəlxalq nizam qaydalarına tabe olmasına nəzarət edib, baxmayaraq ki, bir çox hallarda onun özü həmin qaydaları pozub, amma əndazəni aşmayıb.

Bundan əlavə, ABŞ böyük istehlak mərkəzi rolunda çıxış edib, elə məhz buna görə, Tramp bütün dünyanı tariflərlə təhdid edir. 1980-ci illərdən başlayaraq ölkəsindəki artan böyük istehlakı təmin etmək üçün Amerika şirkətləri Çinə sərmayələr yatırdılar və beləliklə, ABŞ maliyyənin, Çin isə əməyin təmərküzləşməsi mərkəzinə çevrildi.



Artıq ABŞ öz üzərinə düşən funksiyanı yerinə yetirməkdən imtina edir. Bundan sonra biz tamamilə ayrı bir ABŞ ilə qarşılaşacağıq. Trampın özünü hərdəmxəyal kimi aparmasının əsl səbəbi onun köhnə qaydaları yıxmaq istəyindən irəli gəlir. İkinci Dünya Müharibəsindən sonra formalaşmış Qərb dünyası məvhumu artıq demək olar ki, öz siyasi mahiyyətini dəyişməyə başlayır. Qərb dünyası deyəndə, ABŞ, Kanada, Avropa və bunlarla yanaşı Avstraliya, Yaponiya və Cənubi Koreya başa düşülür. Artıq Avropa ilə ABŞ arasındakı münasibətlərin pozulmasının toxumları səpilir. Trampın davranışları Avro-Atlantika məkanının birliyini tarixə qovuşduracaq.


Məlumdur ki, ABŞ Avropadakı hərbi birləşmələrini çıxarmaq niyyətini açıqlayıb. ABŞ ordusu Polşanın Yasenki hərbi aerodromunu tərk etmək qərarı verib. Belə ki, Ağ Ev “Hərbi əməliyyatların optimallaşdırılması strategiyası” çərçivəsində Polşa və Rumınıyadan 10 min hərbçisini çıxaracaq. Bu, sadəcə bir başlanğıcdır.

ABŞ özü bilərəkdən “Pax Americana” strategiyası ilə vidalaşacaq. Bir çox siyasi icmalçıların fikrinə görə, Tramp bunu bəyan etməklə Avropanı qorxutmaq və onu özündən daha asılı hala salmaq istəyir. Amma Trampın siyasi və iqtisadi sferadakı qərarları NATO-nun yavaş-yavaş laxlayacağından, ABŞ ordusunun qitəni birdəfəlik tərk edəcəyindən xəbər verir.



Əgər avropalılar Trampın Ukraynaya münasibətindən düzgün nəticə çıxarsalar, bunu anlayarlar. Onlar təhlükəsizliklərinin kiminsə ixtiyarına verilməsinin necə xoşagəlməz perspektiv vəd etdiyini yəqin ki, görərlər.

Tramp Ukraynanı Rusiyaya böyük güzəştə getməyə məcbur edir. Onun səlahiyyətli nümayəndəsi Stiv Uitkoff Ukraynanın işğalını legitimləşdirmək planından danışır. Trampın özü isə müharibəni tezliklə durduracağı vədlərini unudaraq, hər şeyi absurd şəkildə keçmiş prezident Baydenin üzərinə yıxmaqla yanaşı, nəticəsizliyi öncədən bilinən danışıqlar prosesinə start verib.




Qəribə bir mənzərə ilə üzləşirik. Demokartiya, insan haqları və ölkələrin ərazi bütövlüyünün müdafiəçisi kimi çıxış edən ABŞ indi müxtəlif bəhanələrlə Rusiya təcavüzünə bəraət qazandırır. Deməli, əslində Trampın məqsədi lap elə əvvəldən də Rusiyanı beynəlxalq izolyasiyadan qurtarmaq və onun Ukraynada işğal etdiyi əraziləri legitimləşdirməsinə yardım göstərmək olub. Əlbəttə, heç də elə düşünməyək ki, Tramp Ukraynanın Rusiyanın təsir dairəsinə keçməsində maraqlıdır. 

O, bu müharibədə Ukraynanın yorulub taqətdən düşməsinə və ABŞ-nin bütün şərtlərinə boyun əyməsinə nail olmaq istəyir. Bu, təkcə Trampın yox, həmçinin Baydenin də planına daxil idi. ABŞ Ukraynanı iqtisadi cəhətdən tam öz əlinə keçirməyi planlayır. Əgər Ukrayna təhlükəsizlik təminatı əvəzinə öz təbii resurslarını və münbit torpaqlarını ağır şərtlər altında ABŞ-nin sərəncamına verməyə məcbur qalarsa, o zaman Amerika Avropada geostrateji cəhətdən möhkəmlənəcək və Rusiyanı özünün ən yaxın tərəfdaşı edəcək.



Ukrayna müharibəsi ilə Trampın tarif siyasəti qarşılıqlı əlaqədədir və əgər yaxşı baxsaq görərik ki, onlar ümumi strateji plana daxildirlər. Trampın bütün ölkələrə qarşı gömrük rüsumu tətbiq etməsi əslində ABŞ-nin dünyadakı rolunun dəyişdirilməsi üçün nəzərdə tutulan strateji qərarın tərkib hissəsidir. Amerikadakı mühafizəkarlar bu tədbirləri ABŞ-nin xilası kimi dəyərləndirirlər. Yəni, demək istəyirlər ki, beynəlxalq maliyyənin nüvəsi olan ABŞ, FRS-in illərdir yaratdığı kredit köpüyünün qurbanına çevrilib, bundan qazanc götürən isə ABŞ yox, Çin, Avropa, Yaponiya, Kanada və digərləridir. 

Əlbəttə, dünya iqtisadiyyatını və həmçinin də onun başlıca institutları olan Beynəlxalq Valyuta Fondunu, Dünya Bankını, Ümumdünya Ticarət Təşkilatını ayaq üstə tutmaq üçün FRS dövriyyəyə mütəmadi pul axıdıb. Nəticədə maliyyə sektoru iqtisadiyyatın 70 faizini təşkil edib, ortalıqda maliyyə köpüyü yaranıb, zaman-zaman həmin şişirdilmiş köpüyü azaltmaq üçün böhranlar törədiblər və vəziyyəti yenidən nəzarət altına alıblar. Bu çarx daim davam etdirilib. İndi artıq deyəsən, 80 illik modeldən imtina etmək qərarına gəliblər və ona görə də Tramp dünya iqtisadi sistemini və siyasi nizam qayadalarını demontaj edir, kənardan baxanda isə bu, xaos təsiri bağışlayır. Kinayə ilə belə demək olar ki, Tramp xaosu bir strategiya kimi istifadə edir.



Sözsüz ki, dünya gücləri Trampın siyasətinə qarşı səssiz qalmayacaqlar və mütləq hərəkətə keçib əks həmlələr etməyə çalışacaqlar. Məsələn, Çin rəhbərliyi ABŞ-yə qarşı ticarət müharibəsinin təkbaşına aparılmasının çətin olacağını anlayır və ona görə də Avropaya əməkdaşlıq təklif edir, müttəfiqlər axtarır. Çin və Avropanın strateji cəhətdən birlikdə hərəkət edəcəyini söyləmək çətindir, amma qlobal anlamda hər şeyin yenidən sistemləşməsinə və yeni nizam qaydalarının yaranmasına qədər hansısa vahid fəaliyyət planı üzərində razılığa gəlinə bilər.




Avropada yaxşı başa düşürlər ki, Çin onlarla müqayisədə fərqli durumdadır. Ona görə də avropalıların hərbi cəhətdən asılı olduqları ABŞ ilə iqtisadi savaşı gərginləşdirmələri xeyli risklər daşıyır. Bu baxımdan Avropa müstəqil və güclü ordu qurmalıdır və artıq həmin istiqamətdə müəyyən hərəkətlənmələr var. Belə ki, Avropanın “yatmış pələngi” Almaniya qımıldanmağa və ayılmağa başlayır. 

Almaniyanın yeni kansleri Fridrix Mertsin Ukraynanın Krım körpüsünü dağıtmasının vacibliyini söyləməsi və Almaniyanın hərbləşməyə getməsi istiqamətində mühüm qərarlar verməsi “köhnə qitə”nin yeni reallığa hazırlaşmasının göstəricisidir. Əgər Almaniya dünyanın hansı tərəfə getdiyini anlayırsa və vassal olmaqdan imtina etmək istəyirsə, o zaman yaxın gələcəkdə tamamilə başqa bir Avropa görəcəyik. Avropa İttifaqı sürətlə yenidən formatlanacaq və “cırtdan üzvlər”in həyatı vacib qərərları bloklaması nonsens olacaq.


Avropanın önündə dayanan daxili siyasi problemlərdən biri Fransa və Almanaiyanın liderlik uğrundə əbədi mübarizəsinin yendən zühr etməsi təhlükəsidir. Bu iki dövlət yeni çağırışlar qarşısında vahid strateji xətt tutmaq məcburiyyətində qalacaqlar. Digər yandan, belə anlaşılır ki, yaxın gələcəkdə biz Avropa ilə Kanadanı birlikdə görəcəyik, bu isə yeni böyük güc mərkəzinin meydana gələcəyindən xəbər verir. Tramp isə Qrenlandiyanı həm də ona görə istəyir ki, Avropa ilə Kanada arasında coğrafi sədd yaratsın.

Beləliklə, ABŞ-nin fəaliyyət alqoritmi dünyanı indikindən büsbütün fərqlənən yeni bir iqtisadi-maliyyə və siyasi sistemə doğru aparır.

Vaqif Nəsibov

“AzPolitika.info” 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar