
“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı sosial şəbəkə hesabında yazıb.
“Dünən yanında olduq. Bir iki sual verəndən sonra məntiqsiz və əlaqəsiz cavabları (ümumiyyətlə, yalan danışa bilmir) bizi şübhələndirdi. Çox yalvar-yaxardan sonra həqiqəti söyləməli oldu. Bağırsağında olan bədxassəli şiş artıq “metastaz” verib, xərçəng qaraciyərinə yayılıb. Bu günlərdə “ximiya”ya başlayacaqlar”, - M. Zeynallı yazıb.
Xatırladaq ki, 2024-cü ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsində Əvəz Zeynallı barəsində 9 il həbs qərarı çıxarılıb. Dekabr ayında isə Ali Məhkəmədə onun cəzasını 2 ay azaldıb.
Qeyd edək ki, Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə ittiham irəli sürülüb.