“Elm və Təhsil naziri birinci dəfə söylədi ki, Azərbaycanda 25 yaşdan yuxarı şəxslərin təxminən 60 faizi oxuduğunu başa düşmür. Nazir sonra bu fikrini Şamaxıda belə tamamladı: "On yaşlı şagirdlərin 40 faizi tam olaraq oxuduğu mətni anlaya bilmir".
“AzPolitika.info” xəbər verir ki, bu fikirləri təhsil eksperti, millət vəkili Etibar Əliyev özünün “feysbuk” səhifəsində yazıb. “Bu durumun kökünü harda axtaraq? Axı proses belə gedə bilməz. Müəllim, ya da şagird kitabı yaxud məqləni oxuyanda özünə bu tip suallar verirmi? Bu mətn nə haqqındadır? Müəllif oxucuya nəyi çatdırmaq istəyir? Burda bizim üçün aydın olmayan nədir?”, - millət vəkili sual edir.
E.Əliyev hesab edir ki, öyrətmə prosesini idarə etmək lazımdır. Onun sözlərinə görə, bizdə öyrətmə prosesi idarə olunmur: “Məsələn, esse yazmaq istəyirsənsə, dostundan xahiş etməlisən ki, onu oxusun. Öyrənmədə hər bir fərd qarşısına məqsəd qoymalıdır və dəqiq bilməlidir ki, nəyi öyrənir və nə üçün öyrənir. Öyrənən mütləq öz təfəkkürü barədə də düşünməlidir”.
Təhsil eksperti burada “nəyi öyrəndiyinizi anlayırsınızmı, unutmağın qaçılmaz olduğunu nəzərə alırsınızmı” suallarının ortaya çıxdığını deyir:
“Başqa bir mühüm məsələ; öyrənmənin zaman bölgüsü çox vacibdir. Aydındır ki, müəllim 45 dəqiqə ərzində mövzunu bütün şagirdlərə mənimsədə bilməz. Əgər ölkədə ibtidai sinif müəllimlərinin 25 faizi sertifikasiya imtahanlarından kəsilirsə, ikinci mərhədədə isə 743 müəllim kəsilirsə, demək, müəllim hazırlığında çox ciddi problemlər var və belə müəllimlər uşaqlara mətnləri anlada bilməzlər”.
Millət vəkili daha sonra yeni suallar qoyur: “Hansı mətnləri? Mətnləri və tapşırıqları kimlər yazır? Məktəbdə oxuduğumuz illərdən bilirik ki, biz öyrədilənləri tez bir zamanda unuduruq. Buna görə də öyrəndiklərimizi hər gün, hər həftə, hər ay təkrarlamalıyıq. Bu mədəniyyəti kim aşılayacaq? Barak Obamanın yaxşı bir fikri var: "Koreya uşaqları bizim uşaqlardan ona görə daha ağıllıdırlar ki, onlar bizimkilərdən 1 ay çox dərs keçirlər".
Öyrətmədə ən böyük rolu isə emosiya oynayır. Müəllimlər sinifdə emosional deyillər. Dahi Bertran Rasselin təbirincə desəm, müəllim sinifdə emosional olmalıdır, sonra həmin emosiyanı fənnin öyrədilməsinə yönəltməlidir. Emosiyalar repetitorlarla valideyn arasında daha çox gərginləşir. Dövlət babamın ayırdığı vəsaitin hesabına demək olar ki, dərs keçilmir. Valideynin xərclədiyi vəsait hesabına uşaqlar üzülə-üzülə ali məktəblərə daxil olurlar. Burada da nizam pozulur. Ali məktəb müəllimləri də yaxşı öyrədə bilmirlər. Müəllimlər ən yaxşı və faydalı biliklərin mənbəyini bilmirlər. Uşaqlar mətni anlamırlarsa, bu, 70 faiz öyrədənin günahıdır. Uşaqların tabula rasasına - ağ lövhəsinə bilikləri elə yazmaq lazımdır ki, onlar anlayıb, yadda saxlaya bilsinlər. Və bu barədə düşünə bilsinlər”.
“AzPolitika.info”