“Orta məktəblərdə keçirilən dərsliklərlə DİM-in dərslikləri arasında uyğunsuzluqlar var”.
Hazırda ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir. Aktual olan mövzulardan biri ali təhsil ocaqlarına keçirilən imtahanların nəticələri ilə bağlıdır.
Ümumiyyətlə, son illər abituriyentlərin imtahan zamanı topladığı ballar, xüsusilə də bəzi ixtisaslar üzrə keçid ballarının çox aşağı salınması ictimaiyyət tərəfindən də birmənalı qarşılanmır.
Halbuki bir neçə il bundan öncə bəzi ixtisaslarda keçid balı çox yüksək olsa da, hazırda 150 bal kifayət edir.
Ekspertlərin fikrincə, bu il II qrup üzrə 150 baldan çox nəticə göstərənlərin hamısı ali məktəblərə qəbul ola bilər. Məhz balların aşağı olmasının bir səbəbi kimi imtahan suallarının çətin olduğu göstərilir. Dövlət İmtahan Mərkəzi (DİM) isə imtahan zamanı proqramdan kənara çıxmadığını bildirir.
Bəs bu gün abituriyentlərin daha aşağı bal toplaması imtahan suallarının orta məktəb dərsliyi ilə uyğun gəlməməsi, yoxsa şagirdlərin yaxşı təhsil almaması ilə bağlıdır?
Təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, ali məktəblərə yerlərin sayı 25 faiz artıb, 45 mindən 56 minə çatıb və bunların böyük bir hissəsi II qrupa aiddir:
“Ümumilikdə keçid balının aşağı salınması, həmin yerlərin boş qalmaması məqsədilə olur. Burada problem nəticədə deyil, imtahan mexanizmindədir. Nə qədər ki, DİM-in qrup imtahanı olacaq, keçirdiyi imtahanın abituriyentlərin bilik və bacarığının səviyyəsinə uyğun olmayacaq, biz hər il DİM-in mərhəmətinə ümid etməyə möhtac olacağıq ki, boş qalan yerlərə görə keçid balını aşağı sala bilsin.
Əslində belə olmalı deyil, imtahan mexanizmi dəyişdirilməlidir. Hazırda DİM-in apardığı imtahan mexanizmi özünü doğrultmur. Problem burada qrup imtahanıdır ki, abituriyent eyni qrupda fərqli 15 ixtisası yaza bilir. Bu da abituriyentlərin düzgün peşə seçiminə mane olur. Abituriyentlər ilk növbədə bir ixtisas üzrə ölkədə neçə ali təhsil, orta təhsil müəssisəsi varsa, həmin ixtisasa sənəd versinlər.
Bizdə qrup imtahanı olduqca, abituriyentlərin düzgün peşə seçmək ehtimalı 5 faizdən yuxarı qalxmır. Digər tərəfdən biz hər il gözləyəcəyik ki, DİM balı aşağı salacaq. İmtahanın nəticələrini müzakirə edərkən əsas ona diqqət edilməlidir ki, imtahan doğru keçirilmir. İmtahan quplar üzrə deyil, məhz ixtisaslar üzrə olmalıdır. Bir şəxs bir ixtisas üzrə sənəd verməlidir”.
İmtahanda salınan suallara gəldikdə isə, ekspert burada uyğunsuzluq olduğunu deyir:
“Əgər belə olmasaydı DİM-in özünün hazırlıq topluları olmazdı. İmtahan da DİM-in test toplularına hesablanıb, o cümlədən, onun dərsliklərindən salınır. Orta məktəblərdə keçirilən dərsliklərlə DİM-in dərslikləri arasında uyğunsuzluqlar var.
Əgər belə olmasaydı, DİM-in dediyi kimi yalnız ümumtəhsil məktəbində olan dərsliklərdən suallar salınsaydı, onda DİM-in dərsliklərinə nə ehtiyac vardı? Nəticə etibarilə Azərbaycan abituriyenti sıxışdırılır, məktəblərə inam-etimad azalır və hamı repetitor yanına getmək məcburiyyətində qalır.
Ona görə də təklif edirik ki, DİM-dən test hazırlama səlahiyyəti alınsın, texniki quruma çevrilsin, Testologiya adlı xüsusi institut yaradılsın. DİM dərsliklər, toplular hazırlamaq, satmaq səlahiyyətindən məhrum edilsin”.
Nigar Abdullayeva
Cebhe.info