Bəzən valideynlər övladlarını məktəbə tez qoymağa tələsirlər. Onlar düşünür ki, uşaq məktəb və təhsil həyatına nə qədər tez başlasa, bu, onun gələcəyi üçün daha yaxşı nəticələr verə bilər. Belə yanaşma sanki bir tendensiya halını alıb. Biz bu gün 3-5 yaşlı uşaqların əlində oyuncaq əvəzinə, dəftər-kitab tutduğunu görürük. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar.
Qaynarinfo "Valideynlər niyə belə tələsir? Uşaqların təhsilə başlamasının ən uyğun yaşı hansıdır? Bunun uşaqlar üçün mənfi və müsbət tərəfləri varmı” kimi sualları psixoloq və təhsil eksperti ilə müzakirə edib.
"Beş yaşlı uşağı təhsilə cəlb etmək olmaz”
Təhsil məsələləri üzrə ekspert Elmin Nuri valideynlərin vaxtından əvvəl uşağı məktəbə qoymasının əleyhinə olduğunu bildirib:
"Hətta mənə qalsa, xüsusi istedadlılar üçün tətbiq olunan qərara da ehtiyac olmamalıdır. Bəli, uşaq xüsusi istedadlıdır, vunderkindi, lap yaxşı. Lakin iki il müddətinə o da gözləməlidir. Bu iki ilin ona qazandıracağı bacarıqlar məktəbə iki il tez getməklə qazanacağı bacarıqdan artıq olacaq”.
Elmin Nuri deyir ki, dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda da icbari təhsil altı yaşdan etibarən başlanılır.
""Təhsil haqqında” Qanunda göstərilir ki, məktəbə qəbul altı yaşdan başlanır. Eyni zamanda, dərs ilinin başlanmasına qədər altı yaşı tamam olmamış xüsusi istedadlı ilə seçilən beş yaşlı uşaqlar da yalnız valideyn arzusu ilə, yəni könüllü şəkildə məktəbə xüsusi prosedurlardan sonra qəbul edilə bilərlər. Yerdə qalan yaş limiti isə minimum altı yaşdan başlamalıdır. Dünyanın müxtəlif ölkələrində məktəbəhazırlıq qruplarına təhsil altı yaşdan tez başlanılır. Amma söhbət peşəkar təhsil, tədris həyatından gedirsə, bunun yaş limiti minimum altı yaşdan etibarən hesablanmalıdır. Sovet pedaqoqları da vaxti ilə uşaqların məktəbə yeddi yaşdan başlamasına təkid ediblər. Bunun bir çox fizioloji, zehni və əsasən də psixoloji səbəbləri var. Hər üç detal burada birləşir. Orta statistik uşaqlardan söhbət gedirsə, onların dərs həyatına başlaması yeddi yaşdan olsa daha yaxşıdır”,- deyə ekspert qeyd edib.
E.Nuri hesab edir ki, insan öyrəndiyinin 75 faizinə qədər hissəsini yeddi yaşa qədər özündə əks etdirir:
"Bu, yeddiillik period doğrudan da fərdin inkişaf prizması üçün çox vacibdir. Burada nəinki bir il, hətta bir ayın, bir həftənin belə xüsusi önəm daşıdığı vaxt olur. İstər psixoloji baxımdan, istərsə də zehni baxımdan uşağı məktəbə tez qoymaqla onu yormaqla yanaşı psixoloji problemlər yaradırlar. Nəyə görə? Çünki uşağln cəmi beş yaşı var. Belə uşaq altı və yeddi yaşlılardan xeyli geridədir. Amma sinif otağında şərtlər eyniləşir, müəllim üçün artıq fərqi yoxdur uşağın neçə yaşı var. Onun üçün artıq eyni rakursdan görülən şagirdlərdir. Amma beş yaşlı uşaq ilə yeddi yaşlı uşağın qavrama qabiliyyəti, qərar qəbul etmə bacarığı, hadisələrə, faktlara adekvat reaksiya vermək bacarığı bir deyil. Beş yaşlı uşaq dəfələrlə danlaq, qınaq obyektinə çevrilir. Onda özünə inam azalır.Valideyn bunun fərqinə varacaq ki, bəli, onun uşağı ilə bağlı müəllimlər heç də müsbət fikirdə deyillər. Amma biz hər yaşın inkişaf periodun üstündən xətt çəkməklə uşaqdan qeyri adi bacarıq tələb edirik”.
"Məktəbə erkən gedən uşaqlarda psixoloji problemlər yaranır”
Psixoloq Əliyeva Seyyid-Zeynəb isə deyir ki, belə düşüncələrə maksimalist ailələrdə daha çox rast gəlirik:
"Onlar bunu övladları üçün hər şeyin yaxşısı olsun düşüncəsiylə edirlər. Lakin belə uşaqlar gələcəkdə artıq özləri müstəqil qərar verə bilmirlər. Hər zaman kimdənsə asılı qalırlar, verəcəkləri qərarın necə olacağından qorxurlar”.
Psixoloq deyir ki, burada bir neçə əsas məqam mövcuddur:
"Biz bilirik ki, məktəbəqədər yaş dövrü əsasən 3 -6 yaş aralığında olur və burada əsas aparıcı fəaliyyət növü oyunlardır. Oyun zamanı abstrakt təfəkkürün əsası qoyulur. Bu dövrdə təxəyyülün formalaşması, tabeçilik və idarəetməyə şüurlu münasibət yaranır. Nitqin və ümumilikdə şəxsiyyətin intensiv inkişafı gedir. Məktəbəqədər dövr özünü dərk etmə, qiymətləndirmə, bütövlükdə şəxsiyyətin formalaşması dövrüdür. Lakin bu dövr bağça dövrü ilə əlaqəlidir. Çünki qeyd etdiyimiz kimi, burada aparıcı fəaliyyət növü oyundur. Uşaq bunların hər birini oyun daxilində öyrənir. Məktəbə bu yaş aralığında tez başlamış uşaqlarda artıq təlimə daha tez keçid edilir. 6 -10 yaş aralığındakı uşaqlar üçün isə aparıcı fəaliyyət növü təlimdir. Lakin 3-6 yaş aralığı oyunda əsas aparıcı fəaliyyət növü tamamlanmadıqda, uşaqlarda gələcəyə doğru natamamlıq kompleksi də yarada bilər. Onlar dərslərə qarşı maraq hissi etməyə də bilər”.
Psixoloq bildirir ki, bu məsələdə uşaqların diqqətinin davamlılığını da nəzərə almaq lazımdır:
"3-4 yaşda uşaq 15 -20 dəqiqə, 4-5 yaşda 20 -30 dəqiqə, 6 yaş və yuxarı olan uşaqlar 45 dəqiqə diqqətin davamlılığını saxlaya bilir. Altı yaşdan öncə məktəbə gedən uşaqlarda artıq diqqətin davamlılığı da istənilən ölçüdə, yəni 45 dəqiqə olmadığına görə dərsin ortalarında diqqət yayınmağa başlayır. Müəllimə diqqət yetirə, baxa bilmir, fikir dağınıqlıqları çox olur. Bu zaman dərsdə gerilik yaranmağa başlayır. Dərsdə gerilik yarandığına görə özgüvən əksiklikləri baş verir. Məktəbə, dərsə olan həvəs, motivasiya azalır, bəzən dərsi bildikləri halda cavab vermək istəmirlər. Bəzən artıq məktəbə getmək istəmirlər. Yəni, bu situasiyalarla rastlaşırıq. Erkən yaşda məktəbə başlamış uşaqlarda birinci, ikinci sinifdən sonra artıq pedaqoq, məktəb müəllimi onun diqqətində bir problem olduğunu bildirir və valideynlər uşaqlarının diqqət davamsızlığı ilə bağlı şikayətlərlə mütəxəssisə müraciət edirlər. Əslində məktəbə erkən yaşdan daha tez göndərilməsi onların xeyrinə deyil, zərərinə nəticələnir”.
Psixoloq deyir ki, valideynlər istər kiçik yaşından, istərsə də yeniyetməlik, gənclik dövründə uşaqlarına seçim haqqı verməyi bacarmalıdırlar:
"Bəzi valideynlər hətta uşaqlarının hansı peşəni seçəcəklərinə belə qərar verirlər. Əslində, övladlarının buna heç bir marağı olmadığı halda həmin təhsilə yiyələnirlər və yekunda işlərini də sevmirlər. Həmin ixtisas üzrə davam etmək də istəmirlər. Yəni, belə halların yaşanmaması üçün hər bir dövrün düzgün və normal şəkildə tamamlanması mütləq şəkildədir. Bağça dövrüdürsə uşağın aparıcı fəaliyyət növü oyundursa, uşaq bu dövrü normal şəkildə tamamlamalıdır. Oyunun təlimlə əvəz olunması böhrana səbəb ola bilər. Buna üç yaş böhranı deyilir. Yeniyetməlik böhranı dedikdə, həmçinin də yeddi yaş böhranı dedikdə, oyunun təlimlə əvəz olunması səbəb kimi göstərilir. Nüfuzlu şəxs kimi müəllim qeyd olunur. Əsas yeniliklər burada özünə sevgi, özünə hörmət, özünü qiymətləndirmə olur. Özünü qiymətləndirmə isə məktəbdəki fəaliyyətindən asılı olur. Uşaq dərsləri yaxşı oxuyarsa, yaxşı qiymətlər alarsa, burada özünü qiymətləndirməsi və özünə inamı da yüksək olacaq. Yox, əgər göstəricilər aşağı olarsabu zaman özgüvən də aşağı olacaq. Uşağın özünü qiymətləndirməsi də aşağı olduqda növbəti inkişaf mərhələlərində daima onu tətikləyən səbəblərdən birinə çevrilə bilər”.