“Azərbaycanda bu il aşura mərasimlərinin qaragüruhsuz keçməsinin səbəbi maarifçilik işi ilə bağlı deyil. Azərbaycanda maarifçilik işi ilə nəyinsə qarşısını almaq, demək olar ki, yox səviyyəsindədir. Yəni maarifçiliklə insanların cəhalətə bağlılığını dəyişmək, onların daha ağılla düşünmə xarakterini formalaşdırmaq mümkün deyil”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O, ölkədə bu il keçirilən aşura mərasimlərinin ötən illərə nisbətən daha sakit keçməsinin səbəblərindən söz açıb.
Deputat izah edib ki, bunu həyata keçirmək üçün bir sıra mərhələlər keçirilməlidir:
“Təhsilin də səviyyəsinin aşağı düşməsi bu prosesi daha da qəlizləşdirdi. Burada hüquq-mühafizə orqanlarının çevik və prinsipial fəaliyyəti əsas rol oynayır. Çünki vaxtilə bu məsələlərə dövlət orqanlarında müəyyən yumşaqlıqla yanaşırdılar və buna sadəcə bir dini adət, dini alışqanlıq kimi baxırdılar. Lakin, faktiki olaraq bu rituallar daha çox qonşu ölkənin Azərbaycan üzərində qurduğu layihələrdir. Onlar çalışırlar ki, öz güclərini məhz bu cür formada nümayiş etdirsinlər”.
F. Mustafanın fikrincə, bu, Azərbaycan dövləti üçün böyük bir təhdiddir:
“Çünki biz başqa ölkələrin formalaşdırdığı ritualları din adı ilə yaşadıqca, Azərbaycan dövlətinin gələcəyini təhlükəyə soxmuş oluruq. Çünki bu, dünyəvi dövlətin prinsiplərinin müəyyən dərəcədə pozulmasına gətirib çıxara biləcək. Ona cəhalət və xurafatla zərər yetirə biləcək bir mahiyyətdə olan ənənələrin qarşısını dövlət mütləq almalıdır”.
BQP sədri hesab edir ki, dinc şəraitdə insanların hansısa dini inanclarını yerinə yetirməsi normal qəbul olunmalı və dövlət buna qarışmamalıdır:
“Amma küçələrə tökülüb din adı ilə güc nümayiş etdirmək, dövləti təhdid etmək yolverilməzdir. Bəlkə də bu ölkənin hansısa kiçik qəsəbəsində nəzarətsiz qalıb gerçəkləşdirilə bilər, amma bütün hallarda biz dünyəvi dövlətin mahiyyətinin qorunması üçün müəyyən addımları atıb insanları aydınladaraq nail olmalıyıq”.
“Hələ ki biz polisin, xüsusi xidmət orqanlarının gücü ilə bunu edirik, amma bunun özü də yaxşı bir hal deyil. Çünki insanların mütləq ağılla, doğru məntiqlə həqiqətləri anlaması daha vacibdir. Ona görə ki, dövlət hər şeyə nəzarət etməyə bilər. Amma cəmiyyət buna nəzarət etməlidir. Təəssüf ki, cəmiyyətin bu impulsları xeyli aşağıdır. Eləcə də bu cür qaragüruhçu, din adı ilə spikulyasiya edib başqa dövlətin agenturasının tapşırıqlarını yerinə yetirən qüvvələrin qarşısında cəmiyyətimizin müqaviməti yetərincə güclü deyil”.