Bu il ümumilikdə ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 101489 olub.
Onlardan 92544-ü Azərbaycan, 8945-i isə rus bölməsi üzrədir. Artıq ali məktəblərə qəbul imtahanında iştirak etmiş və uğur qazanan abituriyentlər hansı ixtisası seçəcəklərini müəyyənləşdiriblər.
Qeyd edək ki, onların sırasında müəllim peşəsinə üstünlük verənlərin də sayı az deyil. Ancaq sosial şəbəkələrdə son vaxtlar müəllimlər üçün tətbiq edilən MİQ, sertifikasiya imtahanlarının gənclərdə bu peşəyə olan marağın, yəni bu ixtisası seçənlərin sayının azalmasına gətirib çıxaracağı ilə bağlı fikirlər səslənir.
Doğrudanmı, müəllimlər üçün tətbiq edilən bu imtahanlar gənclərin müəllim peşəsinə marağını azaladır?
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Cebhe.info-ya bildirib ki, hazırda qurumun tabeliyindəki Təhsil İnstitutu araşdırmalar aparır və həmin araşdırmalaın nəticələrini nazirliyə təqdim edir:
“Biz həmin araşdırmalara baxırıq ki, müəllim ixtisasını seçənlərin sayı artıb, yoxsa azalıb. Ancaq sertifikasiya başlayanda bunun əksini gördük. Birinci sertifikasiya prosesinə qoşulmaq istəməyən, onun əleyhinə olan, bilərəkdən, yaxud bilməyərəkdən bu kampaniyaya qoşulanlar daha sonra hətta nazirin brifinqində müraciət etdilər ki, bizi də sertifikasiya posesinə qoşun.
Biz hər zaman müdafiə edirik ki, daha yaxşı iş görən insanların əmək haqları fərqləndirilsin. Gələcəkdə bu peşəni seçən insanların da motivasiyası olar ki, yaxşı müəllim olarsa, digərlərinə nisbətən daha yaxşı maaş alacaq və rifahı daha yaxşı olacaq. Bu baxımdan hələ söyləmək gənclərin bu sənəti seçməyəcəyini söyləmək tezdir. Biri var yaxşı müəllim, bir də var ən yaxşı müəllim. Biz o ən yaxşı müəllim olmağa həvəsləndirmək istəyirik. Yəni yalnız test suallarına cavab verən yox, eyni zamanda pedaqogikanı bilən, uşaq müdafiə mexanizmini anlayan, uşaqlara bilik və bacarığını doğru çatdıran, səriştə əsaslı, təhsili yaxşı bilən insanlar olmalıdır.
Ona görə də “MİQ, sertifikasiya gənclərin gözünü qorxudur” fikrini söyləmək hələ tezdir. MİQ imtahanı ilə bağlı çox yüksək nəticələr toplayan müəllimlərimiz var. Bu, bir prosedurdur. Biz tələbələri necə fərqləndirə bilərik ki, bu, yaxşı müəllim olacaq, yaxud olmayacaq? Bunun üçün də ETN də bir sistem formalaşdırmalı idi. İki-üç il sonra bunun pozitiv nəticələrini görəcəyik. Çünki müəllimlər cəmiyyətin yaxşı əməkhaqqı alan kateqoriyasına daxil olacaq. Həmin gənclər də bu sənəti daha ürəkdən seçəcəklər”.
İŞ sədrinin sözlərinə görə, bu imtahanlar tələbələrin məsuliyyətini bir qədər də artırır:
“Tələbələr daha yaxşı oxumalıdırlar. Etiraf edək ki, biz daha çox orta təhsilə fokuslanmışıq. Ali təhsil ocaqlarının proqramlarının gücləndirilməsi də mühümdür. ayrı-ayrı universitetləri çıxmaq şərti ilə ali təhsil şəxsən məni qane etmir. Burada ADA kimi bəzi universitetlər var ki, onların təhsil proqramları fərqlidir. Ancaq hər abituriyentin də ADA-da təhsil almaq imkanı yoxdur.
Bu baxımdan ali təhsil müəssisələrinə müasir beynəlxalq təcrübəyə əsaslanan təhsil proqramlarını tövsiyə edirik. Bu yaxınlarda da ölkə başçısı Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əsasnaməsini təsdiqlədi. Bu, imkan verəcək ki, ali təhsil müəssisələrinin proqramlarını təkmilləşdirilsin. Ümumiyyətlə, hər zaman universitetdə yaxşı və pis oxuyan tələbə olur.
Hədəf olaraq o yaxşı oxuyan tələbəni götürmək və digər tələbəni də həvəsləndirmək istəyirik ki, oxusan, sən də gəlib yüksək maaş alacaqsan, öz üzərində işləməlisən”.
G.Səfərova deyib ki, əvvəllər təhsilin prioritetləri fərqli olub:
“Mənim fikrimcə, Azərbaycan məktəbində keyfiyyətli müəllim təhsil verməldiir. Heç bir halda gələcəyimizi keyfiyyətsiz müəllimlərə verə bilmərik. Burada heç kəsə güzəştə gedilməməlidir. MİQ, sertifikasiya prosesi elə formalaşmalıdır ki, bizim övladlarımız yaxşı təhsil alsınlar. Keyfiyyətsiz təhsillə bağlı güzəştə gedilən bir məqam belə olmamalıdır”.
Nigar Abdullayeva
Cebhe.info