Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi və Gəncə Yaşayış Kompleksində yerləşən ümumilikdə 1189 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesində mənzillərin seçimi qısa müddətdə başa çatıb.
MİDA-nın aparat rəhbəri Fərman Qurbanlı qurumun təşkil etdiyi brifinqdə deyib ki, vətəndaşların əksəriyyəti mənzil seçimi ərizələrini imzalayıblar.
O bildirib ki, satış prosesində əlavə təhlükəsizlik tədbirləri görülüb:
"Bu, bəzi işbazların xüsusi hazırlanmış proqram təminatları vasitəsilə mənzil seçim prosesini sürətli həyata keçirməsinin qarşısını almaq məqsədilə edilib. Bununla əlaqədar olaraq iki fərqli CAPTCHA kodu seçki prosesində tətbiq olunub ki, bununda sayəsində hər hansı sürətli seçim halı qeydə alınmadı".
Bildirək ki, MİDA güzəştli mənzillərin növbəti seçiminin də normal səviyyədə keçdiyini bildirsə də, yenə də ictimaiyyət nümayəndələri prosesin gedişi ilə bağlı sosial şəbəkələrdə öz etirazlarını bildirirlər.
Belə ki, burada bir sıra amillərə diqqət yetirilmədiyi, çox qısa müddətdə satışın reallaşdığını göstərirlər. Bizim məqsədimiz MİDA-nın fəalyyətini tənqid etmək deyil, sadəcə onu vurğulamaq istəyirik ki, bugünkü layihələrin hər birində olan mövcud problemlər evsiz insanların evlə təmin olunmasına imkan vermir. Həm ipoteka ilə bağlı faizlər, həm dövlət qulluqçusu, VÖEN kimi şərtlər, yaxud MİDA-nın “operativ seçimi” yenə də evsizləri evsiz qoyur.
Bəs bu problemin həlli yolu nədir?
İqtisadçı-eskpert Razi Abbasbəyli Cebhe.info-ya bildirdi ki, əslində MİDA-nın keçirdiyi sonuncu və bundan əvvəlki mənzil satışları ilə bağlı hərraclarda bir sıra şübhələr vardı:
“Hətta həbs edilənlər də olmuşdu. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən elektron sistemdə öncədən məzillərin satılması, kimlərə vəd verilməsi və sistemə müdaxilələrlə bağlı bir sıra faktlar ortaya çıxmışdı.
Bundan sonra çox insan düşünürdü ki, vəziyyət düzələcək və mənzillərin satışı normal şəkildə həyata keçiriləcək, hər kəs burada iştirak edə biləcək. Ancaq ilk mənzil artıq 30-cu saniyədə satılmağa başlamışdı. Vətəndaşlar əsasən ondan şikayət edirdilər ki, bu, iki-üç dəfə ardıcıl tətbiq üzərindən təsdiqlənmə kodlarının daxil edilməsi və nəticədə məzilin seçiminə gələrkən artıq o mənzilin satılması ilə bağlı məlumatların daxil olması idi.
Sonuncu hərraclarda 1189 mənzil Hövsan, Gəncə və Yeni Yasamaldakı binalarda satışlar həyata keçirildi. Ancaq 1189 mənzilin hamısını bir neçə saniyədə satışa çıxarmağın özü yalnış yanaşmadır.
Çünki öncədən hər mənzilə nə qədər iddialılar varsa, həmin iddialılar növbəlilik prinsipi ilə qeydiyyata alınmalıdırlar. Bir mənzil üzrə 5 nəfər iddialı şəxs varsa, birinci iddialıya mənzil düşsün.
Növbəti hərraclar da mənzil növbəsinə durmaq şəklində təşkil olunsun. Vətəndaş görsün ki, məsələn, Yeni Yasamalda inşa edilən 2-ci binada 3-cü blokda, 4-cü mərtəbədə, 5-ci mənzildə 5 nəfər iddialı var və onlardan biri mənzil alır.
Növbəti şəxs hərracı gözləyir və 2-ci, sonra isə 3-cü sırada olan mənzil alır. Burada ədalət prinsipi o halda pozulur ki, bəzi insanlar MİDA-da da 3-4 ildir ki, qeydiyyatdadırlar, elektron kabinetləri var. Onlar mənzil ala bilmir, ancaq son 3 ayda, MİDA da kabinet yaradıb məzil alanlarlar var.
Burada illərlə, ümidlə gözləyənlərlə, bir neçə ay sonra gələnlər arasında bir fərq yaranmır. Bu da hər ədalətsizlik prinsipidir. Ona görə də mənzillər standart növbəlilik prinsipi ilə növbəyə durmaqla verilməlidir və bu daha şəffaf ola bilər. Burada hər kəs sistemi izləyə bilər. Əgər vətəndaş 3 il öncə qeydiyyatdadırsa və öz növbəsinin 2, yaxud 3 ildən sonra çatacağını bilirsə, bütün işini də buna uyğun qurur.
Ancaq 1189 mənzilin bir neçə saniyədə satılması hər zaman şübhə və narazılıqlaın yaranmasına səbəb olacaq. Ona görə də tətbiq edilən bu sistemin özü əvvəldən yalnışdır. Bu şəkildə mənzilin satılması, kim qabağa düşdüsə, kim daha çox İT mütəxəssisləri ilə işlədisə mənzil sahibi olur.
Ona görə də mənzillər növbəlilik prinsipi və elektron sistem üzərindən siyahılarla həyata keçirilsin. Bu Avropanın bir sıra ölkələrində tətbiq edilir. Azərbaycanda da şəhid ailələri, qazilərlə bağlı bu prinsip tətbiq edilir, mənzil növbələri var”.
Azərbaycanda güzəştli mənzillərin və yaxud ipotekalarla bağlı şərtlərin yumşaldılması məsələsinə gəldikdə isə ekspert deyir ki, bu Mərkəzi Bankın maliyyə siyasəti ilə bağlıdır:
“Təəssüf ki, Mərkəzi Bank uçot dərəcələrini aşağı salmır. Əksinə, sonuncu dəfə uçot dərəcələrini yüksəltmək barədə qərar verdi. Bu da yerli bankların mərkəzdən maliyyələşən, yaxud borc götürən bankların kredit vermə imkanlarını bir qədər də çətinləşdirdi. Bu da özünü ipoteka kreditlərində yüksək faizlərlə göstərdi.
Azərbaycanda ipoteka kreditləri ilə bağlı faiz dərəcələri aşağıdır, ancaq dünya ilə müqayisədə yenə də bizdə ipoteka kreditləri üzrə faiz dərəcələri yüksəkdir”.
Nigar Abdullayeva
Cebhe.info