ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Əliyev-Michel-Paşinyan görüşü (Brüssel, may 2022)
Rəsmi Bakı bazar günü Brüsseldə Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Aİ Şurasının Prezidenti Charles Michel arasında üçtərəfli görüşü "normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü" hesab etdiyini açıqlayıb.
Bu barədə videonu Youtube kanalımızda izləyin.
Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan da bazar ertəsində görüşü jurnalistlərə şərh edərkən, "regional kommunikasiyaların açılması çərçivəsində yolların tikintisinə başlamaq məsələsini Ermənistana konkret zəmanətlər verildikdən sonra müzakirə etməyin mümkün olacağını" deyib.
Bazar günü Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Aİ Şurasının Prezidenti Charles Michel arasında üçtərəfli görüş baş tutub.
Bu görüş ərəfəsində Azərbaycan-Ermənistan sərhədində 3 gün intensiv davam edən atışma baş vermiş, tərəflər itki vermişdi.
Bazar ertəsi günü Azərbaycan XİN görüşlə bağlı bəyanatında "İlk növbədə, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən "Brüssel formatı"nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb etdiyini" deyib.
"Bu istiqamətdə münasibətlərin normallaşması üçün tərəqqi əldə edilməsinə dəstək verən səyləri alqışlayır, bu məqsədi güdən beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik", XİN bildirib.
Ermənistan xarici işlər nazirinin müavini Hovhannisyan isə jurnalistlərə "ölkə ərazisindən keçən yollar ancaq Ermənistanın yuridiksiyası altında olmalıdır" deyib.
"Və yalnız qəti zəmanətlər aldıqdan sonra onların tikintisinə başlanılmasından danışmaq olar", Hovhannisyan bildirib.
Nazir müavini "Zəngəzur dəhlizi" məsələsinin gündəmə gətirib-gətirilməməsinə dair suala Brüssel danışıqları zamanı "dəhliz" ifadəsinin işlənilmədiyini bildirib.
Onun sözlərinə görə, bu ifadənin diplomatik leksikonda olmaması vasitəçilərin bu məsələdə mövqeyini əks etdirir. Ermənistan üçün "dəhliz" məsələsi "qırmızı xətlərdən" biri hesab olunur, o deyib.
Bazar günün Aİ Şurasının Prezidenti Charles Michelin vasitəçiliyi və iştirakı ilə baş tutan 4 saatlıq görüşdən sonra cənab Michel Avropa İttifaqının gizli gündəliyi olmadığını bildirib.
"Qurumun "yeganə məqsədi Ermənistan və Azərbaycanda hərtərəfli və ədalətli sülhə nail olmaqda kömək etməkdir", o deyib.
Təmsil etdiyi qurumun Azərbaycan və Ermənistanın "birgə səylərinə töhfə verməyə hazır olduğunu" bildirən Charles Michel tərəflərin Brüssel görüşlərinin lazım gəldikdə tez-tez keçirməyə razılaşdıqlarını da bildirib. "Liderlər iyulda Brüsseldə yenidən görüşəcəklər. Artıq ictimaiyyətə açıqlandığı kimi, biz də yaxın gələcəkdə Fransa Prezidenti Macron və Almaniya kansleri Scholz-la Kişinyovda keçiriləcək 2-ci "Avropa siyasi birliyi" Zirvə Toplantısı çərçivəsində yenidən görüşəcəyik. Mən, həmçinin liderləri oktyabrda Qranadada keçiriləcək üçüncü EPC sammiti çərçivəsində növbəti belə görüşə dəvət etmək niyyətindəyəm. Məqsəd tərəflərin hərtərəfli sülhə nail olmasına töhfə verməkdir", - cənab Michel vurğulayıb.
Sərhəd məsələlərinə toxunan Charles Michel "sərhədin delimitasiyası ilə bağlı irəliləyişlərin və növbəti addımların nəzərdən keçirildiyini" deyib:
"Bu kontekstdə liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşlərin cavabı ilə bağlı razılığa gəliblər. Liderlər 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29,800 km2) və Azərbaycanın (86,600 km2) müvafiq ərazi bütövlüyünə birmənalı sadiq olduqlarını təsdiq etdilər. Sərhədin son delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq". O, iki ölkə arasında əlaqələrə də toxunub.
"Əlaqələrə gəlincə, tərəflər nəqliyyatın açılması və iqtisadi əlaqələr istiqamətindəki danışıqlarda irəliləyiş əldə ediblər. İndi bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb, xüsusən də Naxçıvanla və Naxçıvandan keçən dəmir yolu xətlərinin yenidən açılması ilə bağlı. Onların müvafiq komandalarına konkret vaxt cədvəli ilə birlikdə dəmir yolu əlaqələrinin açılması və zəruri tikinti işlərinin aparılması üsulları ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırılıb".
Aİ Şurasının Prezidenti, həmçinin, bu işə dəstək vermək üçün Ümumdünya Gömrük Təşkilatının köməyindən istifadə etmək barədə razılığa gəlindiyini deyib.
Humanitar məsələlərə gəlincə, cənab Michel "yaxın həftələrdə əlavə təfərrüatların açıqlanacağını" xəbər verib.
"Mən, həmçinin, sadəcə olaraq azaraq qarşı tərəfə keçən hərbçilərin tezliklə azadlığa buraxılması ilə bağlı qarşılıqlı anlaşmanın qorunmasının vacibliyini vurğuladım. Biz, həmçinin itkin düşmüş şəxslərin taleyinin həlli və ərazilərin minalardan təmizlənməsi üzrə işlərin gücləndirilməsinin vacibliyini müzakirə etdik. Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı mübadilələrimizi davam etdirdik", - o deyib.
Aİ Şurasının rəhbəri Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edərək, bu əhalinin hüquq və təhlükəsizliyini təmin etmək məqsədi ilə müsbət gündəliyin işlənib hazırlanmasında iştirak etməyə təşviq etdiyini də əlavə edib.
"Bakı ilə bu əhali (Qarabağın erməni əhalisi) arasında şəffaf və konstruktiv dialoqun aparılmasının zəruriliyini də qaldırdım. Düşünürəm ki, qarşılıqlı məqbul həllər əldə etmək üçün düşmənçilik ritorikasından çəkinmək, vicdanla məşğul olmaq və liderlik nümayiş etdirmək vacibdir", - Aİ Şurasının Prezidenti vurğulayıb.
ŞƏKLİN MƏNBƏYİ,AZERTAG
Brüsseldə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel ilə görüşüb.
Rəsmi Bakının məlumatına əsasən, görüşdə hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı "məmnunluqlarını" ifadə ediblər.
Prezident İlham Əliyev Charles Michel-ə "bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirib", rəsmi məlumatda deyilib.
Söhbət zamanı son aylar ərzində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Waşington danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət müzakirə olunub.
Məlumatda qeyd olunduğu kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Carles Michel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiriləcək üçtərəfli görüşün gündəliyi də müzakirə edilib.
ŞƏKLİN MƏNBƏYİ,ARMENPRESS
Ermənistanın baş naziri Nikol Paşinyan şənbə günü axşam Brüsseldə Aİ Şurasının Prezidenti Charles Michel ilə görüşüb.
"Paşinyan və Michel regionda yaranmış hərbi-siyasi və humanitar vəziyyəti müzakirə ediblər", Ermənistan mediası bildirib.
Həmin məlumatlara əsasən, görüşdə Paşinyan Azərbaycanın "Laçın dəhlizini qeyri-qanuni şəkildə bağlamasının nəticəsində Dağlıq Qarabağda humanitar böhranın yaranması," eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı məsələlərə toxunub.
Armen Qriqoryan: "Yerevan Zəngəzur dəhlizinə heç zaman razı olmayacaq"
Brüsseldə görüşlər davam edərkən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Ermənistan heç zaman öz ərazisindən Zəngəzur dəhlizinin çəkilməsinə yol verməyəcək.
Qriqoryan bunu Rusiya müxalifətinin liberal qanadının mətbu orqanı sayılan Novaya Gazeta nəşrinə müsahibəsində bildirib.
"Ermənistan heç vaxt öz ərazisindən eksterritorial dəhlizə razı olmayacaq. Bizim üçün bu, qırmızı xəttdir", - Qriqoryan deyib.
Müxbirin "Bəs müharibə olsa?" sualına Ermənistan Təhlükəsizlik Şurasının katibinin cavabı belə olub: "Müharibə olursa, olsun".
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Əliyev-Michel-Paşinyan görüşü (Brüssel, may 2022)
Charles Michel-in təşəbbüsü ilə bu üçtərəfli formatda görüş sonuncu dəfə Brüsseldə keçən ilin dekabtın 7-də keçirilməli idi, lakin Ermənistan həmin görüşdə Fransa prezidenti Emmanuel Macron-un iştirakında israr etdiyindən görüş baş tutmamışdı.
Bakı Fransa Prezidentinin bu formata qatılmasına etiraz etmişdi.
Brüsseldə Charles Michelin iştirakı ilə yüksək səviyyəli Ermənistan-Azərbaycan sülh dialoqunun keçiriləcəyi barədə məlumatlar mayin əvvəlində Washingtonda 4 gün davam edən Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Arart Mirzoyanın ABŞ Dövlət katibi Antony Blinkenin iştirakı ilə danışıqları başa çatdıqdan sonra mətbuata sızmağa başlamışdıı.
Washington danışıqlarının sonunda Bakı və Yerevan sülh sazişi layihəsinin bəzi maddələri üzrə irəliləyişin əldə edildiyini qeyd etsələr də, digər əsas məsələlərdə fikir ayrılıqların qaldığını bildirmişdilər.
ABŞ Dövlət katibi Blinken görüşün müsbət nəticə verdiyini və sülh müqaviləsinə nail olmaq yolunda tərəflərin irəliyə doğru növbəti addım atdıqlarını qeyd etmişdi.
Washington danışıqlarından dərhal sonra Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirdi ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanması üçün "yeganə hüquqi baza" yalnız Rusiya Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat ola bilər.
Bundan sonra mayın 9-da Ermənistanın Baş naziri Moskvaya səfər edərək Rusiyada Qələbə gününün qeyd olunmasında və Qırmızı meydanda hərbi paradda iştirak edib, həmçinin Putinlə də danışıqlar aparıb.
İki gün sonra, mayın 11-də Ermənistan-Azərbaycan sərhədində top atəşi səsləri eşidilib, buna görə tərəflər bir-birini ittiham edib. Başlanmış artillleriya dueli 3 gün çəkib. Nəticədə hər iki tərəfdən ölən və yaralananlar olub.
Mayın 13-nə olan tərəflərin rəsmi məlumatına əsasən, son 3 gün ərzində sərhəddə baş vermiş gərginlik nəticəsində Azərbaycan ordusunun 2 hərbi qulluqçusu həlak olub və 1 əsgər yaralanıb, Ermənistan isə 1 hərbçisini itirdiyini və ümumilikdə 8 hərbi qulluqçusunun yaralandığnı açıqlayıb.
BBC.COM