“Xüsusi səbəb, yəni müharibə səbəbi ilə əlilliyin qiymətləndirilməsi üçün müraciət edən vətəndaşlar əyani komissiyaya dəvət edilir və onların əllərindəki sənəd əsasında indiki sağlamlıq durumuna əsasən qiymətləndirmə aparılır”.
Bunu Cebhe.info-nun sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov deyib. Şöbə müdiri müharibə səbəbi ilə əlilliyin qiymətləndirilməsinə postmüharibə dövründə başlanıldığını bildirib:
“Burada əsas məqsəd ondan ibarətdir ki, müharibə səbəbindən əlilliyi olan və ya əlilliyin qiymətləndirilməsi ilə bağlı müraciət edən şəxslərdə əlillik qənaətinə əsas verən amillər varsa, məsələni sürətlə həll edək. Ona görə düşündük ki, bu formada komissiyalar yaradılsın və biz müraciət edən şəxslərlə bağlı sürətli qərarlar verək və əlillik qənaətlərini aparaq”.
Qurum rəsmisi əlilliyin qiymətləndirilməsi ilə bağlı iki müraciət növünün olduğunu qeyd edib:
“İlk növbədə, əlilliyin qiymətləndirilməsi üçün dövlət tibb müəssisəsinin göndərişi elektron sistemə daxil edilir və qiymətləndirmə həmin göndərişdə (Forma 88) qeyd edilən məlumatlar əsasında həyata keçirilir. Əlilliyin qiymətləndirilməsi ilə bağlı 2 cür müraciət var. Biri ümumi, yəni müharibə səbəbi ilə əlaqəsi olmayan, digəri isə müharibə səbəbi, yəni xüsusi səbəblə müraciətdən ibarətdir.
Müraciəti xüsusi səbəbdən olan şəxslərin hər birini dövlət tibb müəssisəsinin göndərişi, yəni “Forma 88” sənədinin rəsmiləşdiyi, sistemə daxil edildiyi andan əyani müayinəyə dəvət edirik. Onların aidiyyəti qurumlar tərəfindən təqdim olunan sənədlərdə qeyd olunan diaqnozu, eyni zamanda, vətəndaşın indiki sağlamlıq durumu qiymətləndirilir və buna qanunvericiliyə uyğun olaraq qərar verilir”.
Agentlik sözçüsü ümumi səbəblə müraciət edən vətəndaşların əlilliyinin qiymətləndirilməsinin onlayn qaydada həyata keçirildiyini vurğulayıb:
“Ümumi səbəblə müraciət edən vətəndaşlarımızla bağlı isə tibb müəssisəsi tərəfindən verilən “Forma 88” sənədi rəsmiləşdirildikdən sonra 15 iş günü ərzində elektron sistem üzərindən qiymətləndirmə aparılır. Qiymətləndirmə tam yekunlaşdıqdan, cavab məlum olduqdan sonra, bu cavab vətəndaşı qane etməzsə, vətəndaş onlayn növbə götürərək əyani müayinəyə gəlir və bizim həkim ekspertlər onları əyani müayinə edirlər. Əgər vətəndaşın indiki sağlamlıq durumu əlillik qənaətinə əsas verirsə, qiymətləndirmə aparılır. Əsas vermirsə, imtina qərarı qüvvədə saxlanılır".
Qeyd edək ki, əvvəlki qaydalara görə, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in (tibbi-sosial ekspert komissiyaları) qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, əlilliyi müəyyən edilmiş şəxs əyani müayinəyə cəlb edilirdi. Digər hallzrda ancaq “Forma 88” əsasında əlilliyin təyini və ya imtina ilə bağlı qərar verilirdi. Bu isə müharibə iştirakçıları arasında ciddi narazılığa səbəb olurdu.
Günay Şahmar
Cebhe.info