Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Filyos Qaz Emalı Zavodunda "Qara dəniz qazının istismara verilməsi mərasimi" keçirilib.
Mərasimdə vətəndaşlara iki müjdə verən Prezident Ərdoğan, "Evlərimizdə mətbəx üçün lazım olan təbii qaz və isti su istehlakı 1 il pulsuz olacaq. Bundan əlavə, bütün təbii qazlar üçün yaxın 1 ay ərzində evlərdə istilik də daxil olmaqla qaz istehlakından ödəniş alınmayacaq",- deyib.
Həmçinin qeyd edilib ki, ayda orta hesabla 25 kubmetrə bərabər olan mətbəx və isti su istehlakı üçün tələb olunan təbii qazın dəyərinin bir il ödənməməsi həm də o deməkdir ki, qarşıda yay fəslinin olduğunu nəzərə alsaq, bir çox evlər qaz pulunu heç ödəməyəcək.
Qeyd edək ki, Azərbaycan qaz istehsalçısı və hətta ixracatçısıdır. Buna baxmayaraq, ölkədə istehlakçıya nəinki pulsuz qaz verilmir, hətta uzun müddətdir ki, limit tətbiq edilir. Vətəndaşlar soyuq qış aylarında çətinliklə üzləşir, məhz limiti keçməmək üçün hətta evinin sadəcə bir otağını isitmək məcburiyyətində qalırlar.
Bu gün qaz idxalçısı olan Türkiyə Qara dəniz qazının istimara verilməsi ilə pulsuz qaz təminatı həyata keçirdiyi halda, ixaracatçı ölkə olan Azərbaycanda niyə limit tətbiq edilir?
Mövcud vəziyyətlə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli Cebhe.info-ya bildirdi ki, mövcud hakimiyyət səsləri itirməmək üçün əhaliyə güclü sosial jestlər edir:
"Təbii qazla da bağlı bu imkanın yaradılması da məhz bunlardan biridir. Türkiyənin Qara dənizdən əldə etdiyi mavi qaz ehtiyatları Azərbaycanla müqayisədə 17-20 dəfə azdır. Ancaq buna baxmayaraq, hökumət pulsuz qazın verilməsi ilə bağlı qərar çıxarır. Məsələ burasındadır ki, Azərbaycan hökuməti istəsə limitləri ləğv edə bilər. Bu yaxınlarda "Azəriqaz"ın rəhbəri Ruslan Əlliyev açıqlamasında bildirib ki, 2023-cü ildə abonentlərin 81 faizi limiti keçməyib. Əgər "Azəriqaz"ın rəhbəri belə bir çıxış edirsə, o zaman sual olunur ki, niyə limit var? Əhalinin 81 faizi limiti keçmirsə, o zaman limiti ləğv edin. Üstəlik də insanlar qış aylarında limiti keçməmək üçün nə qədər əziyyət çəkirlər.
Qazdan istifadə zamanı doğru-düzgün, rahat yaşaya bilmirlər, qorxurlar ki, limiti keçəcəklər. Əgər limiti 81 faiz keçmirsə, o zaman 100 faizə çox cüzi bir rəqəm qalır, o zaman limit niyə ləğv edilmir? Limit vətəndaşlar üzərində bir basqıdır. Azərbaycanın səmt qazlarının, xaricə satışa çıxarılmayan qazlarının hesabına bütün ölkə ərazisində pulsuz qaz təminatı həyata keçirmək olar. Hökumət bunu niyə reallaşdırmır? Bu sualın cavabını heç kim verə bilmir. Niyə bu potensial olduğu halda təbii qazın qiymətini aşağı salmırlar, limiti ləğv etmirlər, bunlar başadüşülən deyil”.
O bildirib ki, illərlə "Azəriqaz"ın dövlətə olan borclarının da qarşılıqlı olaraq silinməsi prosesləri var idi:
“Görünür, qiymətlərin yüksək həddə saxlanılması, limitin tətbiq edilməsi daha böyük borclanmalara,qiymətin süni şəkildə şişirdilməsinə gətirib çıxarır. Çünki xammal olaraq mavi qazın SOCAR-dan alınması, "Azəriqaz" arasındakı alqı-satqı proseslərində qiymətlərin süni şəkildə şişirdilməsi daha böyük məbləğdə dövlət qurumları arasında borclanmaya gətirib çıxarır. Bu borclanma da iri məmurlara sərf edir. Həmin milyonlar qazanan iri məmurlar mavi qazın qiymətinin aşağı salınmasına, limitin ləğv edilməsinə imkan vermirlər. Bu səbəb görünən tərəfdir. Azərbaycanda məmurların o qədər tamahı var ki, əhalinin güzəranı deyil, onların qazandıqları pullar daha çox maraqlandırır. Azərbaycan istəsə iki ay ərzində, il boyu da vətəndşalarına pulsuz qaz verə bilər".
Nigar Abdullayeva
Cebhe.info