Rusiya Prezidenti Vladimir Putin yeni ilhaq etdiyi Ukraynanın 4 bölgəsində - Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərində hərbi vəziyyət elan edib.
Həmçinin, Ukrayna ilə sərhədə yaxın Belqorod, Bryansk, Krasnodar və Rostov vilayətlərində, o cümlədən ilhaq edilmiş Krımda "orta səviyyəli cavab tədbirləri" elan edilib. Həmin tədbirlərə təhlükəsizliyin və ictimai asayişin gücləndirilməsi daxildir. Fərmanda nəqliyyatın hərəkətinə və sözügedən rayonlara giriş-çıxışa da məhdudiyyətlər nəzərdə tutulub. Kreml rəhbəri Rusiya daxilindəki təhlükəsizliyi də gücləndirməklə bağlı qərar verib.
Kremlin əsas məqsədi nədir?
Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiyanın Ukraynanı işğal siyasəti hələ də davam edir:
“Rusiya mətbuatında aparılan təbliğat onu göstərir ki, ruslar Ukraynanın Qara dənizə çıxışını bağlayana qədər bu siyasətdən əl çəkməyəcək. Hətta Kreml həmin bölgədəki Dnepr çayına qədər olan bütün əraziləri işğal etmək istəyir. Çünki Qərbi Ukraynada meşədən başqa heç nə yoxdur. Ukraynanın bütün gücü, sənayesi və kənd təsərrüfatı şərqində və cənubundadır. Vladimir Putin da onu ələ keçirmək istəyir. Rəsmi Moskva bu addımı ilə Ukraynadan atılacaq raketlərin məsafəsini də azaltmağa çalışır. Putinin işğal etdiyi ərazilərdə və öz sərhədlərində bu qərarları elan etməkdə məqsədi Ukraynanın ABŞ-dan və Almaniyada alacağı uzaqmənzilli raketlərin Moskvaya uçuşunun qarşısını almaqdır. Kremldə bilirlər ki, Ukrayna həmin silahlardan istifadə edəcək. Həmçinin, əsas diqqəti şimala yönəltməklə Qərbdən gələn təhdidlərin də qarşısı alınmağa çalışılır. Çünki Finlandiya və İsveçin də NATO-ya daxil olmaq ehtimalı var”.
Həmsöhbətimiz bildirib ki, Rusiya həmin ərazilərdə təhlükəsizlik zolağı yaratmağa çalışır:
“Belə olan halda Ukraynadan atılan raketlər ya işğal olunmuş 4 şəhərdə, ya da həmin təhlükəsizlik zolağında vurulacaq”.
Politoloqun sözlərinə görə, Rusiyanın digər məqsədi ukraynalıları işğal olunan bölgələrdən çıxarmaqdır:
“Kreml həmin vətəndaşları Qazaxıstanla sərhəd bölgəsindəki Altaya göndərərək, oradakı türklərin demoqrafik olaraq ümumi sayını azaltmaq istəyir. Rusiya Ukraynaya qarşı sadəcə siyasi və iqtisadi siyasət yürütmür, həm də demoqrafik siyasət yürüdür. Nəzərə almaq lazımdır ki, müharibənin getdiyi 8 ay ərzində Ukraynanın əhalisi təxminən 40 % azalıb. Bu isə çox ciddi bir rəqəmdir. Putin perspektivə hesablanmış bir siyasət aparır. O, Ukraynanı iqtisadi, siyasi və demoqrafik cəhətdən çətin vəziyyətə salmağı planlaşdırır. Görünən odur ki, bu, öncədən düşünülmüş məkrli bir plandır”.
Elmir
Cebhe.info