Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) çərşənbə günü Yasamal Yaşayış Kompleksində keçirdiyi güzəştli mənzil satışının həyata keçirilmə şəkli tənqid olunur.
Mənzil seçimində iştirak edən 9 minə yaxın müraciətçinin çoxu seçim prosesinin "qeyri-şəffaf keçirildiyi" qənaətindədirlər.
Onlardan bəziləri iddia edir ki, qurumun onlayn sisteminə vaxtında qoşulsalar da, çox qısa müddətdən - 6-7 saniyədən sonra satışa çıxarılan "442 mənzilin hamısının satıldığının" şahidi olublar.
MİDA bu itithamları qəbul etmir və deyir ki, evlərin satışı 13 dəqiqədən artıq çəkib.
Agentlik 4 ildir ki, güzəştli mənzillərin satışı ilə məşğul olur. Onun satdığı mənzillərin qiyməti real bazar qiymətindən 2 dəfə ucuzdur. Buna görə də, hər il mənzil seçimi ilə bağlı müraciətlər həddindən artıq olur. Martın 30-da Yasamalda yeləşən kompleks üçün ikinci satış mərhələsində bir mənzil uğrunda 20 nəfər mübarizə aparıb.
2018-ci ildə güzəştli mənzillərin satışına başlanıldıqdan sonra bir çoxları kimi, Ağdam şəhərindən məcburi köçkün düşən 37 yaşlı Elçin Məmmədov da ümid edirdi ki, ev ala biləcək.
14 ildən çoxdur kirayədə yaşayan Elçin BBC News Azərbaycancaya bildirib ki, həmin vaxtdan bəri hər il güzəştli mənzilə sahib olmaq istəsə də, "seçim proseslərində eyni aqibətlə" üzləşir:
"İlk dəfə müraciət edəndə yaşım 35-dən aşağı idi, ona görə güzəştlərdən yararlanmaq imkanım var idi. Amma son iki ildir, öz hesabıma almaq məqsədi ilə müraciət edirəm, yenə də mənzil seçimi başlayanda bütün mənzillərin satıldığını görürəm. Bu dəfə sistemə daxil olandan 7 saniyə sonra gördüm ki, bütün mənzillər artıq satıldı. Təəssüf, bu dəfə də qismət olmadı".
Elçin Məmmədov deyir ki, təkcə o yox, güzəştli mənzil əldə etmək istəyən digər qohum və tanışları da eyni mənzərənin şahidi olublar.
Elçin Məmmədov, bu "uğursuzluğu" MİDA-nın seçim prosesini "şəffaf aparmaması" ilə əlaqələndirir. Deyir ki, MİDA-nın mənzil satışı ilə bağlı açıqladığı statistik vaxt intervalı reallıqdan uzaqdır.
MİDA-nın açıqladığı statistikaya görə, ilk mənzil seçiminin təsdiqlənmə vaxtı prosesin 7-ci saniyəsində baş tutub. Son mənzilin seçim təsdiqi isə 13 dəqiqə 28-ci saniyədə reallaşıb.
Elçin Məmmədov müsahibəsində sual edir ki, əgər son mənzil satış elan edildikdən 13 dəqiqə sonra seçilibsə, o zaman niyə 7 saniyədə mənzillərin hamısının satıldığı göstərilib və sistemdə digər mənzilləri seçmək mümkün olmayıb?
Bu sualın cavablandırılması üçün BBC News Azərbaycanca MİDA-ya sorğu göndərsə də, cavab almaq mümkün olmayıb.
Sosial şəbəkələrdə güzəştli mənzillərlə bağlı aparılan müzakirələrdə istifadəçilər mənzillərin qısa müddətdə satılmasını "xüsusi proqram təminatından" istifadə ilə əlaqələndiriblər.
Şikayətçi Elçin Məmmədov da bu cür faktların olmasını təsdiqləyib. Onun sözlərinə görə, müraciətçilər "uVision", "Mousereader" kimi proqramlardan istifadə edirlər. Hətta bunun üçün "xüsusi mütəxəssis tutanlar" da var.
"Mənzil seçimi başlamamışdan bir neçə gün əvvəl informasiya texnologiyaları üzrə mütəxəssislərlə görüşdüm. Onlar komanda şəklində işlədiklərini dedilər və mənə kömək etmələri üçün 5000 manat istədilər. Hətta biri var idi, o, dedi ki, seçimdə mənzil qazanacağını sənə 99 faiz qarantiya verirəm və buna görə məndən mənzili əldə edəndən sonra 10 min manat ödəməyimi istədi. Heç mənzilin ilkin ödənişi bu qədər deyil", Elçin qeyd edib. Bu iddialara MİDA-dan reaksiya almaq mümkün olmayıb.
Elçin Məmmədovdan başqaları da mənzil satışının saniyələr içərisində həyata keçirildiyini və beləcə, mənzil ala bilmədiklərini sosial mediada müzakirə edir.
Texnologiya məsələləri üzrə təhlilçi Osman Gündüz baş verənlərə görə MİDA-nı günahlandırır. O hesab edir ki, seçimlərlə bağlı bu qədər şikayətin olması güzəştli mənzil sistemində mövcud olan "təhlükəsizliklə bağlı boşluqlardır".
"MİDA-nın məsul şəxsləri güzəştli mənzil sisteminin təhlükəsizliyini elə hazırlamalıdır ki, bu cür sünii sistemlər, robotlar, botlar ora müdaxilə edə bilməsin. Onlar təhlükəsizliyi artırarsa, sistemə bu cür müdaxilələr avtomatik bloklana bilərdi. Nəticədə müraciətçilərin bu gün səsləndirdiyi iddialar da mövcud olmazdı", Osman Gündüz BBC News Azərbaycanca bildirib.
MİDA isə prosesin qeyri-şəffaf keçirilməsi fikri ilə razılaşmır. Qurumun ötən gün yaydığı bəyanatda bildirilir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda seçim prosesinin canlı müşahidəsi aparılıb. Seçimləri MİDA ilə yanaşı, "Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri də izləyiblər".
Mənzil almaq şansını 5-ci dəfə itirən Elçin Məmmədov deyir ki, seçim prosesində üzləşdiyi "haqsızlıqla bağlı dəfələrlə aidiyatı qurumlara" müraciət etsə də, onların verdiyi cavablar MİDA-nın xeyrinə olub.
Şikayətçi deyir ki, klaviaturada bir dəqiqədə 40-50 söz yazmağı bacaran adamın mənzil seçimini ən azı 14-15 saniyədə həyata keçirməsi mümkündür. Lakin mənzil 6 və ya 7 saniyəyə seçilirsə, deməli həmin adamlar hansısa "proqramdan" istifadə ediblər.
Təhlilçi Osman Gündüz də bu iddialarla qismən razılaşır. Bununla belə o, əvvəlki illərlə müqayisədə MİDA-nın bu dəfə proqram təminatından istifadə edənlərə qarşı "tələ qurduğunu" deyir.
"MİDA bu sistemin demo (yoxlama, test) versiyasını hazırladığı üçün insanlar onun üzərində 1 ay əvvəlcədən məşq edib, zəruri məlumatları daxil etmə bacarığına sahib ola bilərlər. Lakin MİDA-nın yaydığı statistik rəqəmlərlə sosial mediada səslənən şikayətləri müqayisə edəndə, baxdım ki, 2-3-4 saniyə ərzində müdaxilə imkanı olan botlar (xüsusi proqram istifadəçiləri) həmin saniyələrdə sistemə girə bilməyiblər. Buradan belə qənaətə gəlirəm ki, böyük ehtimalla MİDA sistemə girən bəzi botların qarşısını ala bilib. Lakin digər saniyələrdə botların sistemə girib-girmədiyini bilmirik", texnologiya üzrə mütəxəssis əlavə edib.
Osman Gündüz hesab edir ki, MİDA mənzil seçimi zamanı nə qədər sünii müdaxilənin qarşısını alması barədə məlumatları paylaşmaqda özü maraqlı olmalıdır.
Onun sözlərinə görə, sistemdə müraciətçilərin "klaviaturada hər hərəkətini göstərən lot fayllar" var.
"Biri iddia edə bilər ki, mən 7 saniyədə doldurdum sistemi. Bəlkə yalan deyir. Lot fayllar açılsa bilərik ki, bu 7 saniyəyə edib, yoxsa 17 saniyəyə edib. Düzdü, orada fərdi məlumatlar da var və bunların yayılması qanunla qadağandır. Amma qurum fərdi məlumatları kənara qoyub müraciətçinin davranışını göstərən hissələri açıqlaya bilər. Belə olsa, artıq ən tez kimin neçədə girib, neçədə çıxdığını görə bilərik", Osman Gündüz deyib.
BBC News Azərbaycanca botlarla bağlı səslənən iddialara da agentliyin mövqeyini öyrənə bilməyib.
MİDA-nın çərşənbə günü yaydığı məlumata görə, "güzəştli mənzil" sistemində ümumilikdə 24 min 761 nəfər elektron kabinet əldə edib və onlardan yalnız 8939-u mənzil seçimində iştirak edib.
MİDA-nın sözçüsü Diana Dadaşova BBC News Azərbaycancaya bildirib ki, 442 mənzili seçməyə nail olan vətəndaşların "mənzil seçimi ərzisəsini imzalaması 31 mart tarixində bitir".
Əgər bu müddət ərzində müvafiq ərizə imzalanmazsa, həmin mənzil "təkrar satışa çıxarılacaq".
Agentliyin müəyyənləşdirdiyi qaydalara əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər.
"Əgər hər hansı səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək", MİDA-nın məlumatında qeyd olunub.
Gözləmə qaydasında mənzillərin seçimi 4 apreldə "kim birinci seçsə" prinsipi ilə saat 11:00-da baş tutacaq. Mənzillərin satış prosesi isə 8 aprel saat 11:00-dək davam edəcək.
MİDA güzəştli şərtlər və vətəndaşların gəlirlərinə uyğun qiymətlə onların mənzil təminatını yaxşılaşdırmaq məqsədilə yaradılıb.