Çərşənbə axşamından etibarən Azərbaycanda Covid pasportu üçün yeni şərtlər tətbiq olunmağa başlayır: 2-ci dozasının üstündən 6 ay keçmiş şəxslər buster doza vurdurmasalar, onların Covid pasportu etibardan düşəcək.
Bundan sonra Covid sertifikatlarının etibarlılıq müddəti koronavirusa qarşı 2 doza peyvənd olunmuş şəxslər üçün 6 ay müddətinə nəzərdə tutulur.
Bu müddət bitdikdən sonra 3-cü - buster dozanı aldıqda Covid pasportları müddətsiz olacaq.
Koronavirusa yoluxmuş şəxslərin aldığı immunitet sertfikatı 6 ay ərzində qüvədə olacaq. Bundan sonra həmin sənədin müddətsiz olması üçün bir doza peyvənd tələb olunur.
Çərşənbə axşamından iri ticarət mərkəzlərinə, kafe restoranlara, toy və digər şənliklərə, universitetlərə eləcə də digər ictimai yerlərə daxil olmaq üçün 18 yaşdan yuxarı vətəndaşlardan yalnız etibarlı olan "Peyvənd sertifikatı", "İmmunitet sertifikatı", yaxud "Əks-göstəriş sertifikatı" tələb ediləcək.
"Vəziyyətimiz sabitdir, amma xahişimiz odur ki, heç kəs düşünməsin artıq pandemiya bitdi və biz qaydalara riayət etməyə bilərik," - Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov 2021-ci ildə keçirilmiş son brifinqdə bildirmişdi.
Aldığı ikinci dozanın müddətinin 6-cı aya yaxınlaşan şəxsləri "təcili olaraq üçüncü dozanı vurdurmağa çağıran" cənab Mövsümov vurğulamışdı ki, 6 ayını tamamlamış vaksin pasportlarının üçüncü doza ilə müddəti artırılacaq.
Əks halda, bu, vaxtı keçmiş pasport sayılacaq və qapalı məkanlara daxil olmaq mümkün olmayacaq.
"Bu məhdudiyyətlər fevralın 15-dən tətbiq olunacaq,"- Şahmar Mövsümov demişdi.
Dövlət rəsmisi bildirmişdi ki, üçüncü dozanı ikincidən 5 ay sonra vurdurmaq "mümkündür".
Azərbaycanda indiyədək 2 milyon 400 mindən çox vətəndaşın buster doza aldığı bildirilir.
"Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub", - Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən dekabr ayında yayılmış məlumatda bildirilmişdi.
Səhiyyə qurumları əhalini "yayılan yeni ştamnan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza" ilə peyvəndləməyə çağırıb
"Delta" və "Omicron" ştammlarının birləşməsi Covid-19 yoluxmalarının təhlükəli dalğalarına səbəb ola bilər, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq etmişdi. ÜST rəhbəri Tedros Adhanom Ghebreyesusun ABŞ və Avropa ölkələrində rekord yeni yoluxma halları haqqında məlumat verərkən belə demişdi. Tədqiqatlar göstərir ki, bir çox ölkələrdə tez bir zamanda dominant hala gələn "Omicron" "Delta" variantından daha yumşaqdır, lakin daha yoluxucudur.
Tedros Adhanom Ghebreyesus ümumi yoluxmaların arxasında iki variantın "əkiz təhlükəsi" ola biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. "Bu, tükənmiş tibb işçilərinə və dağılmaq ərəfəsində olan səhiyyə sistemlərinə böyük təzyiq göstərir və göstərməyə də davam edəcək," - ÜST rəhbəri əlavə etmişdi.
Tədqiqatlar göstərir ki, "Omicron" variantı Deltadan daha yumşaqdır, yoluxmuş insanların xəstəxanaya düşmə şansı 30-70 faiz aşağıdır.
Lakin o narahatçılıq var ki, sürətli yoluxma xəstələrin sayını artıra və bu da xəstəxanaların işini çətinləşdirə bilər. "Hazırda dünyada koronavirusa hər gün təxminən 1,6 milyon yeni yoluxma halı qeydə alınır", ÜST bildirib.
/bbc.com/