Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qarabağa qayıdış minlərlə mənzili boşaldacaq: Ev bazarına ucuzluq gəlir?

4-02-2022, 10:50   


Qarabağa qayıdış minlərlə mənzili boşaldacaq: Ev bazarına ucuzluq gəlir?

Böyük Qayıdış planının icrasına yaxın zamanda başlamaq nəzərdə tutulur.
Zəngilan rayonunun Ağalı kəndində ilk "Ağıllı kənd"in inşası yekunlaşıb. Hazırda isə Füzuli rayonunun Dövlətyarlı kəndində 2-ci "Ağıllı kənd"in inşasına hazırlıq görülür. Qeyd edək ki, indiyədək qaçqınlar və məcburi köçkünlər üçün 115 qəsəbə və yaşayış kompleksi salınıb, bu kateqoriyadan olan 300 mindən çox insan yeni mənzillərə köçürülüb. Böyük Qayıdış başladıqdan sonra isə məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə həmin mənzillərin bir çoxunun istifadəsiz qalması gözlənilir. Qeyd edək dövlət başçısının “Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” 16 dekabr 2021-ci il tarixli Fərmanına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhərində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalardakı, həmçinin paytaxtın Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalardakı istifadəsiz qalan mənzillərin satışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.
Mənzillərin satışı, onların sayı müvafiq ərazi üzrə uçota alınmış şəxslərin (şəhid ailələri və müharibə əlillərinin, gözdən əlilliyi olan şəxslərin, uşaqlar üçün sosial xidmət və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının) sayından artıq olduqda həyata keçiriləcək. Nazirlik mənzillərin satışından əldə olunan vəsaiti digər rayonlar (şəhərlər) üzrə şəhid ailələri və müharibə əlillərinin, habelə Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzillə və ya fərdi evlə təmin edilməsi üçün sərf edəcək.
Qeyd edək ki, qaçqın və məcburi köçkünlər üçün salınan 115 qəsəbə və yaşayış kompleksində istifadəsiz mənzillərin çox sayda olacağı proqnozlaşdırılır.
Belə olduğu təqdirdə həmin mənzillərin satışı danınmaz əmlak bazarında qiymətlərə öz təsirini göstərəcəkmi?
Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Cebhe.info-ya bildirib ki, həmin mənzillər satışa çıxarılacağını düşünmür:

“Çünki artıq hökumətin bilavasitə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən tikilib istifadəyə verilən mənzillərin gələcək taleyi ilə bağlı məsələ aydındır. Hətta bu istiqamətdə Prezidentin “Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Fərmanda bilavasitə həmin evlərdən istifadəni nəzərdə tutan müəyyən müddəalar da var. Ona görə də qeyd edilən yaşayış fondu tam açıq bazar subyekti olmayacaq. Ola bilsin ki, ayrı-ayrı hallarda hansısa bir formada satışı nəzərdə tutulsun. Ancaq bu kütləvi olmadığı üçün mənzil bazarında ciddi əhəmiyyətli qiymət dəyişikliyinə gətirib çıxara bilməz. Müəyyən sosial qruplar, Dövlət Mənzil Fondu, Bələdiyyə Mənzil Fondunun yaradılması istiqamətində təkliflər var. Sosial mənzil fondunun kirayə seqmenti istiqamətində müəyyən təkliflər var. O mənzillərin satılıb oradan gələn gəlir hesabına müəyyən işlər görmək olar. Ancaq bu, qısamüddətli dövrü əhatə etmədiyinə görə əslində qeyd edilən proqramlara yönəldilməsi daha məqsəduyğundur”.
Nigar Abdullayeva
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar