Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dollar mətbəəsi “bağlanır”: Manat təhlükədə?

11-01-2022, 14:59   


Dollar mətbəəsi “bağlanır”: Manat təhlükədə?
  • Pandemiya başladığından bəri faiz dərəcələrini sıfıra endirən dünya mərkəzi bankları bazarlara 10 trilyon dollar ötürüblər.
ABŞ Federal Ehtiyat Sistemi (ABŞ Mərkəzi Bankı - FED) 1980-ci illərin əvvəllərindən bəri rekord vuran inflyasiyaya cavab olaraq siyasətin sərtləşdirilməsini sürətləndirməyə hazırlaşır. Çikaqo Ticarət Birjasının məlumatına əsasən, fyuçers bazarı tərəfindən, FED-in uçot dərəcəsini artırması 2022-ci ilin martında baş verəcəyi ehtimalı 89% səviyyəsində qiymətləndirilir. Həftənin əvvəlindən bəri ehtimal 23 faiz bəndi artıb. Baş ofisi Amsterdamda yerləşən Hollandiyanın bank və maliyyə xidmətləri korporasiyası ING-nin inkişaf etmiş bazarlar üzrə baş iqtisadçısı James Knightley deyir ki, FED-in daha sürətli hərəkət etməsi üçün təzyiq artır. FED-in dekabr iclasının protokolları, açıq bazar komitəsinin səsvermə hüququna malik üzvlərinin bazarın gözlədiyindən daha qətiyyətli davranmağa hazır olduqlarını və 2022-ci ildə azı 3 dəfə faiz artırmağı planlaşdırdıqlarını göstərdi. Üstəlik, Federal Ehtiyat Sistemi bu ildən etibarən balansı azaltmağa başlamaq imkanını nəzərdən keçirir, faktiki olaraq sistemdən “çap edilmiş” dollarlar yığışdırılacaq.
Yanvarın 5-nə olan məlumata görə, ABŞ Mərkəzi Bankının balansı 8 trilyon 765 milyard dollara çatıb və pandemiyanın başlanğıcından indiyədək heç vaxt görülməmiş miqyasda aktiv (qiymətli kağız) alışı hesabına 4,6 trilyon dollar artıb. Noyabr ayından etibarən FED qiymətli kağız alışı tempini azaldır, hər ay bazara daha az dollar likvidliyi verilir. FED mart ayına qədər "mətbəəni" tamamilə bağlayacaq. Qeyd edək ki, belə olduğu təqdirdə ABŞ-ın (FED) faiz artırmasına 2 ay qalır.
FED-in faiz artırması ilə dolların daha da bahalaşacağı gözlənilir. 2014-cü ildə belə bir proses əmtəə qiymətlərinin, o cümlədən neftin kəskin ucuzlaşamasına, neft-qaz ölkələrinin iqtisadiyyatının xaosa sürüklənməsinə səbəb olmuşdu.
FED-in faiz artımı, eləcə də ölkəmizdə baş verən iqtisadi proseslər dolların bahalaşmasına, devalvasiyaya gətirib çıxaracaqmı?
İqtisadçı-ekspert Ruslan Atakişiyev “Cümhuriyət”ə bildirib ki, pandemiyadan sonra, FED tərəfindən böyük məbləğdə vəsait buraxıldı:

“Bu isə iqtisadiyyatın canlanması kimi məsələlərə xidmət edəcəyi üçün nəzərdə tutulmuşdu. Nəticədə həmin vəsaitlərin böyük bir hissəsi kapital bazarında, real sektordan kənarda qoyuldu. Bu da səmərəsiz gəlirlərin formalaşmasına gətirib çıxarırdı. Nəticədə həmin effekti verdi və kağız, pul bolluğuna gətirib çıxarırdı. Artıq FED belə bir qərara gəlib ki, həmin pulunu geri toplamağa başlasın. Bildiyimiz kimi, FED həmişə pulu geri toplamaq istəyəndə dövlət istiqrazlarını buraxır və onu almaq istəyənlər isə dollarla alırlar. FED də bu yolla dövriyyədə olan pulun kütləsini azaltmağa çalışır. Pulun kütləsi azalmağa başlayanda da dolların qiyməti dünya bazarında artmağa başlayır. Çünki həmin qiymətli kağızlar əldə edilməyə çalışıldığı zaman daha çox dollara ehtiyac yaranır”.
Azərbaycanda bu istiqamətdə mövcud vəziyyətə gəldikdə isə ekspert deyir ki, hazırda təsbir olunmuş məzənnə var: “Bu məzənnə hazırda dövlət valyuta ehtiyatları hesabına qorunur. Ona görə də bizdə üzən məzənnə olmadığına görə effekt nəticəsində dollar aşağı düşüb-düşməyəcəyini qiymətləndirmək çətindir. Çünki bu üzən məzənnələrdə özünü göstərir. Məsələn, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstanda üzən məzənnədir, bizdə isə belə deyil. Bizdə dövlət də maraqlıdır ki, pul qiymətdən düşməsin. Çünki dövlət bilir ki, məzənnənin düşməsi həm iqtisadiyyata, o cümlədən sahibkarlığa mənfi təsir göstərir, əhalidə çaşqınlıq yaradır. Bizdə də belə olduğu təqdirdə, normal bazar münasibəti kimi yanaşmırlar. İnsanlar psixoloji baxımdan da belə proseslərdən qorxurlar. Məsələn, Türkiyədə lirənin enməsi, qalxması baş verir, ancaq iş adamları buna normal yanaşır. Ancaq bizdə belə proseslər psixoloji baxımdan bazar münasibətlərinə uyğun olmadığına görə dövlət məcbur olur ki, bu kimi təsirlər varsa, özü həll etsin”.
Nigar Abdullayeva
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar