Bütün dünyada qlobal koronavirus infeksiyası ilə mübarizə davam edir.Xeyli vaxtdır bir çox ölkələrdə peyvəndlənmə işi aparılsa da, hələ ki, bu tədbirlər xəstəliyin qarşısının alınnmasına imkan vermir.
Qeyd edək ki, hazırda ölkəmizdə də peyvəndlənmə prosesi davam edir.
“50 yaş kateqoriyasına aid olan vətəndaşlardan sonra sosial sahədə çalışan, əhali ilə sıx təmasda olan şəxslər, o cümlədən media nümayəndələri peyvənd olunacaq”, - pediatr həkim Könül Nuriyeva “ATV” telekanalına çıxışı zamanı belə deyib.
O bildirib ki, koronavirus xəstəliyi keçirmiş şəxslər bu prosesə cəlb olunmayacaq, peyvəndlənmədə könüllülük prinsipi əsas götürüləcək.
Maraqlıdır, media nümayəndələri, jurnalistlər peyvənd olunacaqmı? Onlar peyvəndin etibarlılığına inanırmı?Cebhe.info mövzu ilə bağlı media nümayəndələri arasında soğru keçirib.
Media məsələləri üzrə ekspert, professor Qulu Məhərrəmli bildirib ki, peyvəndə etibar edir:
“Tək mən yox, bütün dünya peyvəndə etibar edir. Hesab edirəm ki, bu da çox vacibdir. Mənim qızım həkimdir, peyvəndin hazırlanma texnologiyasını da izah edib. İnsanların içindəki şübhəni öldürmək üçün əhali arasında maariflənmə işini aparmağa ehtiyac var. Söhbət təkcə niyə vurmaq prosesindən getmir. Əhaliyə izah olunmalıdır ki, bu vaksin necə virusu neytrallaşdırır”.Professor qeyd edib ki, əvvəllər virus haqqında kənar söhbətlər vardı:
“Kimi deyirdi insanlara çip qoyulacaq, kimi deyirdi insanlara əks-təsir edir və s. yəni bu cür zərərli söhbətlər insanların psixologiyasında şübhə yaradır. Lakin bu çox normal prosesdir. Bəşər tarixi elmi səhiyyə dirçələndən bu günədək peyvəndlənmə işləri olub. Hər hansı bir virus yaranarsa, yenə peyvəndlənmə olacaq. Biz sevinməliyik ki, dünya elmi bu peyvəndi tapıb və dünyanın müxtəlif yerlərində bu peyvənddən istifadə olunur. Bizim də bu peyvənddən olunmağımız cəmiyyətimizi qorumaq üçün vacibdir”.“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, artıq o da peyvənd olunmağa hazırlaşan media nümayəndələrindən biridir:
“Bəli, peyvənd olunacam, inşallah. Yaxın zamanda peyvənd olunmağa hazırlaşıram”.Cebhe.info Xəbər Portalının əməkdaşı Vilayət Muxtar da peyvənd olunacaq jurnalistlər sırasındadır.
O bildirib ki, koronavirusla mübarizədə vaksinasiya olduqca vacibdir:
“Düşünürəm ki, hər kəs peyvənd olunmalıdır. Bu, normal həyata qayıtmaq üçün bəlkə də yeganə vasitədir. Çünki sərt karantin və digər məhdudlaşdırıcı addımlar yalnız yoluxma tempinin nəzarətdə saxlanılmasına kifayət edir. Sərt qaydalar koronavirusun bitməsinə səbəb olmayacaq. Bu baxımdan hesab edirəm ki, hər kəs peyvənd olunmalıdır. Ancaq o zaman yenidən normal həyat bərpa oluna bilər. Peyvəndə etibar edib-etməmək məsələsi hesab edirəm ki, artıq gündəm mövzusu olmalı deyil. Hər kəs peyvənd olunmalıdır”.Semra Ələkbərli
Anaxeber.info